Qarabağ Komitəsinin (QK) dünən keçirdiyi ümumi yığıncaqda bəzi qalmaqallı hadisələr olub. Məsələn, sabiq daxili işlər naziri İsgəndər Həmidov qurumda təmsil olunmaq istəmədiyini açıq şəkildə bildirərək “Qarabağ Komitəsi”-dən istefa verdiyini bəyan edib və toplantını tərk edib. Bundan başqa bir neçə nəfərin də istefa verdiyi deyilir. Bu baxımdan “Qarabağ Komitəsi”nin dağılmaq üzrə olduğu kimi fikirlər səsləndirilir.
Sabiq daxili işlər naziri İsgəndər Həmidov “Yeni Sabah”a açıqlamasında müəyyən səbəblərdən komitədə qala bilməyəcəyini bildirib:
“Qarabağ kimi müqəddəs, ülvi məsələdə möhtəkərliyə, alverə yol verildiyi üçün mən Qarabağ Komitəsində qala bilməzdim. İstefamın icazəsiz aksiyalarla heç bir əlaqəsi yoxdur. Əksinə, Qarabağla bağlı aksiyaların keçirilməyinin tərəfdarıyam. Azərbaycan Xalq Hərəkatının (AXH) tərkibində Qarabağ Komitəsi yaradacağıq. Bütün Qarabağ sevənləri, döyüşdə olanları və olmaq istəyənləri bura dəvət edirik”. Dominos pizza
QK-nın sədri Akif Nağı isə saytımıza açıqlamasında bildirib ki, komitənin dağılmasından söz gedə bilməz:
“Təşkilatımıza müxtəlif partiyaların, xəttin nümayəndələri, fərqli xarakterli adamlar qoşulmuşdular. İşin gedişində ayrılmalar, qopmalar mümkündür. İndiyə qədər də müəyyən qopmalar olmuşdu. Kimsə əsas xəttimizdən kənara çıxırdı və.s. Sadəcə olaraq dünənki yığıncaqda istefa verənlər bir az hay-küylə çıxdılar. Bu da xoşagələn deyil. Hesab edirəm, qopmalar təbiidir. Bununla yanaşı, yeni gələn qüvvələr də var. İşlərimiz davam edəcək, xəttimiz aydındır. Səsləndirilən ittihamların heç bir əsası yoxdur. Əksinə, düşünürəm ki, Qarabağ Komitəsinin meydana gəlməsi hakimiyyətdəki bəzi qüvvələri , xaircdəki bəzi mərkəzləri , erməniləri narahat edirdi. Yaranan gündən müxtəlif təzyiqləri, basqıları hiss etmişik. Nə qədər adamlar var, bir yerdə fəaliyyətimiz davam edəcək. “Filankəslər QK-dan getsə, dağılacaq” kimi narahatlığımız yoxdur”.
A.Nağı həmçinin İsgəndər Həmidovun AXH-nın tərkibində yeni Qarabağ Komitəsi yaradacağı fikrinə də münasibət bildirib:
“İsgəndər Həmidov Azərbaycan Xalq Hərəkatının tərkibində Qarabağ Komitəsi yarada bilər. Amma birincisi, ehtiyac yoxdur. İkincisi, istənilən qurumun tərkibində bu gün Qarabağ Komitəsi var. Lakin nə yaradırlar yaratsınlar, heç kəs bizə alternativ ola bilməz. Çünki komitəmiz bütün Azərbaycan cəmiyyətini əhatə edir. Kim nə yaradırsa, uğurlar”.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl saytımıza danışarkən komitədən deyil, idarə heyətindən istefa verdiyini deyib:
“Komitənin ümumi yığıncağından əvvəl idarə heyətinin hazırlıq iclasında Gürcüstan səfirliyi önündə piket keçirmə təklifi mübahisə yaratdı. Mən bu məsələnin Qarabağ Komitəsinin prioriteti olmadığını bildirdim. Təklifi verən idarə heyətinin başqa bir üzvü ilə artıq neçənci dəfə fikir ayrılığımız yarandığından iclası tərk etdim. Qarabağ Komitəsində çox səmimi və həqiqətən Qarabağla ürəyi döyünən xeyli üzvlər var. Onlar həqiqi vətənpərvər insanlardır və Qarabağın azad edilməsi üçün canlarından keçməyə hazırdırlar. Mən onların hər birinə uğurlar arzulayıram. Qarabağın azadlığı uğrunda apardığım mübarizəni daha çox Qarabağda, elim-obam, camaatımızla bir yerdə davam etdirəcəm".
Günay Rəsulqızı
Telegram kanalımız