“Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişinin təmin olunması məsələsindəki hüquqi proseduralara geniş kontekstdə baxmaq lazımdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu deyib.
O, Laçın nəzarət-buraxılış məntəqəsində həyata keçirilən proseduranın hüquqi tərəflərini izah edib. Sezar pizza
Ə. Əhmədoğlu xatırladıb ki, Azərbaycan Konstitusiyasına görə, Azərbaycan hökuməti qanunlardan fərqli qaydalar müəyyən edən sazişlərə imza ata bilir:
“Bu, 2016-cı ildəki Konstitusiya dəyişikliyindən sonra baş vermişdi. 2020-ci il noyabr ayında üçtərəfli bəyanat imzalanıb. Üçtərəfli bəyanatın hər 3 tərəfinə isə hökumət və dövlət başçıları imza atıb. Bu baxımdan, bu sənəd hüquqi status baxımından hökumətin imzaladığı saziş kateqoriyasındadır. Həmin sazişə əsasən, Azərbaycan Laçın dəhlizi boyunca Ermənistandan gələn və Ermənistana gedən Qarabağ ermənilərinin keçməsinə zəmanət verir”.
Hüquqşünasın fikrincə, bu aspektdən baxdığımızda həmin keçid məntəqəsinin qurulması və orada yalnız təhlükəsizlik xidmətinin göstərilməsi tamamilə uyğundur:
“Çünki oradakı post keçənlərə möhür vurmaq üçün yox, əksinə, keçən ermənilərin Qarabağda məskunlaşıb-məskunlaşmadığını müəyyən etmək üçündür. Sadəcə sazişin şərtlərinə uyğun olaraq Qarabağda olan əhalinin gediş-gəlişi sərbəstdir. Bu baxımdan, belə bir nəzarət-buraxılış məntəqəsində şəxsin Xankəndi və ətraf ərazilərdə məskunlaşan əhali olduğunu müəyyən etmək üçün onların sənədlərinə baxılmalıdır. Çünki onların xaricində kimsə əraziyə buraxılmır”.
“İkincisi isə təhlükəsizlik məsələsidir. Çünki istənilən keçid məntəqələrində bir yerdən başqa yerə gedəndə, xüsusilə də ərazi hərbiləşddirilmiş və müharibədən sonra yeni reabilitasiya olan ərazilərdirsə, burada, xüsusən də silahların keçirilməməsi baxımından əşyalara baxış təbiidir. Bütün bu kateqoriyalara baxanda görürük ki, baş verənlər rutin və adi qaydada baş verən proseslərə aiddir. Lakin Laçın dəhlizi boyunca olan proses isə üçtərəfli sazişlə tənzimləndiyi üçün qanunlardan fərqli qaydalar həmin ərazidə tətbiq olunur”, – o, əlavə edib.
“O ki qaldı sülh müqaviləsinin imzalanmasına, bu tərəflərin qarşılıqlı etimad, bir-birinin ərazi bütövlüyünün tanınması və bir-birinin daxili işlərinə müdaxilə etməmə çərçivəsində baş verəcək. Belə olan şərtdə isə bu, artıq 10 noyabr üçtərəfli bəyannaməsinin hüquqi qüvvəsinin bitməsi anlamına gələcək. Çünki üçtərəfli bəyanat müvəqqəti xarakter daşıyır və 5 il ərzində bu prosedura tənzimlənir. Əgər sülh müqaviləsi 5 ildən tez imzalanarsa, o zaman tərəflər yəqin ki, prosesin davamlılığı ilə bağlı yeni saziş imzalayacaqlar və 10 noyabr sazişin hüquqi qüvvəsinin dayandırılması, habelə rusların çıxarılması məsələsi gündəmə gələcək. Artıq yeni situasiyadan sonra isə Laçın sərhədində də vahid qaydalar tətbiq olunacaq”, – həmsöhbətimiz fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız