Qarabağdakı ermənilər bizə necə inteqrasiya olunacaq? – “Konsepsiya hazırdır...”

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdakı ermənilər bizə necə inteqrasiya olunacaq? – “Konsepsiya hazırdır...”

Siyasət

21 Oktyabr 2022 10:17 3948


Rusiya hərbi kontingentinin müvəqqəti olaraq yerləşdirildiyi Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin rəsmi Bakı ilə təmaslara keçməsi artıq bir neçə müddətdir istər erməni, istərsə də Azərbaycan mediasının əsas mövzularından biri olub.

Belə ki, bir sıra erməni mediasının, hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın Xankəndi-Bakı təmaslarından söz açmasından sonra dövlət başçısı İlham Əliyevin Praqada keçirilən sammitdə “AzadlıqRadio”suna verdiyi açıqlama, əslində, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı sandıqda saxladığı planların bir qisminin işıq üzü görməsinə rəvac verdi.

Rəsmi Bakı Xankəndi ilə təmasları istisna etməsə də, dövlət başçısının sözlərində onların Azərbaycan vətəndaşları olması bir daha öz təsdiqini tapdı. Sezar pizza

Azərbaycan Prezidentinin Qarabağ emrəniləriylə bağlı səsləndirdiyi fikirlər rəsmi Bakının bölgədə öz yurisdiksiyasını yeritmək siyasətinə günbəgün daha da yaxınlaşdığını bir daha təsdiq etdi.

Biz millətlərarası münasibətlərin inkişaf etdirilməsi mövzusu ilə əlaqəli olaraq da bir neçə ictimai-siyasi xadimin fikirlərini öyrənməyə çalışdıq.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Yeni Sabah”a bildirib ki, Prezidentin strateji baxımdan konsepsiyası artıq hazırdır:

“Bu barədə geniş şərhlərim yoxdur. Prezidentin strateji baxımdan konsepsiyasını biz artıq bilirik. Bu da Konstitusiyamız çərçivəsində həyata keçiriləcək”.

BMTM sədri aydınlaşdırıb ki, müəyyən təkliflər və fikirlər var ki, bunlar da hələ ki ictimaiyyətə təqdim olunmayıb.

O, qeyd edib ki, bir neçə qurumlar bunun üzərində işləyəcək:

“Yəni reinteqrasiya məsələsini İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DİN və s. qurumlar həyata keçirəcək. Həmçinin, burada bir çox məsələlər – pasport, pensiya və s. məsələlər həll olunmalıdır.

Təbii ki, bu, çox genişmiqyaslı bir proses olacaq. Genişmiqyaslı deyəndə isə onu bildirmək istəyirəm ki, bir çox qurum burada iştirak etməlidir, bir çox məsələlərə aydınlıq gətirilməlidir”.

F. Şəfiyev bir daha təsdiq edib ki, bizim əsas konsepsiyamız ondan ibarətdir ki, hər hansı bir status olmayacaq:

“Bir sıra Avropa ölkələrində bu barədə təcrübələr var. Məsələn, Slovakiyada etnik azlıqlardan biri – macarları misal gətirə bilərik ki, onlar bu ölkədə yaşayırlar. Onların hər hansı bir statusu yoxdur, lakin Konstitusiya çərçivəsində macarların müəyyən hüquqları müdafiə və təmin olunur. Eyni zamanda eyni proseduru Rumıniyada da görmüşük. Hətta Fransanın özündə belə azlıqlara ərazi, yaxud status verilməyib. Halbuki Fransada tarix boyunca müəyyən azlıqlar var idi və onlarda da heç bir ərazi statusu yoxdur”.

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin (AMSTM) sədri, politoloq Natiq Miri isə düşünür ki, bu yöndə konkret planlaşdırma və konsepsiya mövcuddur:

“Çünki əvvəl-axır Qarabağda yaşayan ermənilərin ana cəmiyyətə reinqteqrasiya prosesi başlamalıdır və bu da Azərbaycan üçün çox həssas bir məsələdir. Əgər bunu Azərbaycan başlatmasa, bunu digər xarici amillər bizə təzyiq vasitəsi olaraq istifadə edəcək və prosesə müdaxilə etmək istəyəcəklər. Ona görə də Qarabağ Azərbaycanın tərkib hissəsi, eləcə də orada yaşayan ermənilər də Azərbaycan vətəndaşları olduğu üçün bu addımı atacaq yeganə tərəf Azərbaycan dövlətidir. Bu baxımdan, bu, doğru bir fikirdir”.

“Danışıqlar kiminlə aparılmalıdır” sualına isə müsahibimiz belə cavab verib:

“Sadəcə burada əsas məsələ bu danışıqların kiminlə aparılması məsələsidir ki, düşünürəm, bu, daha çox önəmlidir. Əlbəttə ki, burada separatçı rejimin nümayəndələrindən söhbət gedə bilməz, çünki bu, avtomatik olaraq, tərəf kimi de-fakto tanınma anlamına gəlir ki, bunu da Azərbaycan qəbul etməyəcək. Söhbət sadəcə erməni icmasından, yəni bu milli azlığın içərisindən seçdiyi nümayəndələrdən gedə bilər. Qısacası, Xankəndi, yaxud digər ərazilərdə yaşamış bir qrup ziyalıdan söhbət gedə bilər ki, onlar sadəcə bu milli azlıqların aparıcı elementləri olaraq bu prosesdə iştirak edə bilərlər”.

N. Miri izah edib ki, bütün cəmiyyətlərdə ziyalılar öndə gedən aparıcı element olaraq qəbul edilir və bu kontektsdə Qarabağda belə insanların olmamasını düşünmək mümkün deyil:

“Təbii ki, belə insanlar var və bu insanları tapıb danışmaq vacibdir. Bəlkə də artıq dövlət bu yöndə konkret təmaslar saxlayıb və danışıqlar aparılır. Düşünürəm ki, bu danışıqlar o qədər də çətin olmayacaq. Çünki bu danışıqlar müqayisəli şəkildə aparılacaq ki, ən azından, ermənilər 1988-ci ilə qədər yaşadıqları ərazilərdə həyat tərzi və rifahlarını və bir də bu işğal dövründəki son 30 ildəki yaşam tərzini müqayisə etsinlər. Ona görə ki, istər erməni lobbisi, istərsə də Ermənistan tərəfindən onlara ayrılan vəsaitlərin hamısı separatçı rejimin manqurtları tərəfindən çox rahatlıqla mənimsənilib və bu günün özündə də eyni proses davam edir”.

“İşğal olunmuş, yaxud da ki, ermənilərin bu gün yaşadıqları ərazilərki yaşam tərzinə, evlərinə, baxın. Görün, hansı şəraitdə yaşayırlar. Ona görə də, əgər bu 30 il müddətində qondarma rejimin “müstəqilliyi” çətiri altında yaşayan ermənilər nəinki irəliyə doğru getməyib, əksinə, daha da acınacaqlı durumda yaşayıblarsa, onlar bir də Azərbaycanın indiki rayon və kəndlərinin durumuna baxsınlar”, – politoloq əlavə edib.

AMSTM sədrinin sözlərinə görə, bu baxımdan, ermənilər üçün seçim etmək o qədər də çətin olmaz:

“Ayrıca, bu, məcburi bir davranış da deyil və Prezident bunu açıqca söyləyib. Yəni Azərbaycan vətəndaşı olaraq, bu dövlətdə yaşamaq istəməyən və Azərbaycana qarşı zəhərli pataloji nifrətini hələ də qusmağa hazır olan ermənilər varsa, onlar dünyanın istənilən bir guşəsində yaşamaq hüququnu özlərində saxlayırlar. Ona görə də Azərbaycanda könüllü olaraq, Azərbaycan vətəndaşlığını qəbul etməyi özünə bir şərəf bilən erməni buyurub Qarabağda yaşaya bilər və onlar üçün hüquq və təhlükəsizlik Azərbaycan dövləti tərəfindən təminat altına alınacaq”.

“Ayrıca, əlbəttə ki, dərhal Qarabağda yaşayan ermənilərin yaşadığı ərazilər üçün sosial-iqtisadi planlaşdırmalar mövcuddur ki, bu da dərhal konkret maliyyələr ayrılmaqla müəyyən proseslərin start verməsini özündə əks etdirəcək. Belə olan halda qısa zaman çərçivəsində ermənilərin yaşayış tərzində bir dönüşə səbəb olacaq.

Yəni bu seçimi Azərbaycanda yaşamaq istəyən ermənilərə təklif etmək bizim dövlət borcumuzdur. Geriyə qalan seçim isə ermənilərindir”, – yekunlaşdırıb.

Müstəqil siyasətçi Azər Qasımlı isə məsələyə fərqi kontektsdən yanaşıb. Siyasətçi açıqlamasında deyib ki, hər şeydən öncə bölgədə Rusiyanın hərbi kontingenti yerləşib:

“Yəni ilk növbədə, Azərbaycanın əsas planı ondan ibarət olmalıdır ki, Rusiyanın hərbi kontingentini oradan çıxarsın. 

Mən onların bizim bölgəyə, yaxud ölkəmizə sülh gətirmək, yaxud etnik qruplar arasında sülhə nail olmaq kimi bir məqsədləri özündə daşıdığını görmürəm. 

Düşünürəm ki, onlar hər şeyi edəcəklər ki, azərbaycanlılarla erməni vətəndaşlarımız arasında sülh olmasın, eləcə də dövlət səviyyəsində bu yöndə qəbul etdiyimiz hansısa proqramları effektiv şəkildə həyata keçirə bilməyək. Onlar buna əngəl törədəcəklər. 

Ona görə də düşünürəm ki, indidən qəbul olan istənilən proqram ölü doğulmuş bir proqram olacaq. Ona görə də ilk növbədə rus hərbi kontingenti Azərbaycandan çıxarılmalıdır”.

A. Qasımlı izah edib ki, orada yaşayan erməni əsilli vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə inteqrasiya olmasıyla bağlı geniş bir proqram qəbul olmalı və strategiyamız qurulmalıdır:

“Bunun üçün də 2 dənə şey lazımdır: birincisi, aqressiv ritorikanı kənara qoymaq. Yəni həm ritorikada, həm də davranışlarda biz elə bir siyasət yürütməli və elə davranmalıyıq ki, bu, sülhə xidmət etsin.

Mən keçmişi unudaq demirəm, lakin ən azı, bu gün keçmiş haqqında danışmaq, vaxtilə kim kimi qırıb, öldürüb və s. bu tipli şeyləri bir az kənara qoymaq lazımdır; İkincisi isə qəbul olunan proqramda həmin o əhalinin iqtisadi olaraq Azərbaycana bağlanması, bölgənin iqtisadi azadlıqlarının təmin olunması lazımdır. Bunun yanında təbii ki, insanların digər azadlıqları da olmalıdır”.

“Mən yenə deyirəm, keçmişi unutmaq lazım deyil və dövlətin strateji beynində bu, olmalıdır. Yəni bunlara biz hər zaman soyuq başla yanaşmalıyıq. Amma dövlət siyasəti elədir ki, sən bunu unutmadan, bunu bilərək, bu gün nə lazımdırsa, doğru siyasət nədirsə, ölkənə və xalqına hansı yol uyğundursa, o yolu seçməlisən, sadəcə heç nəyi unutmamaq şərtiylə”, – müsahibimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!