Mədə-bağırsaq sistemi ilə bağlı ən çox rast gəlinən problemlərdən biri köp (meteorizm) hesab olunur. Bu hal bağırsaqlarda artıq qazın toplanması nəticəsində yaranır və əksər hallarda qidalanma vərdişləri ilə əlaqəli olsa da, bəzən daha ciddi xəstəliklərin əlaməti kimi də özünü göstərə bilər.
“Yeni Sabah” xəbər verir ki, normada insanın bağırsaqlarında təxminən 200 ml qaz olur və gün ərzində 14-25 dəfə, ümumilikdə 600-700 ml həcmində qazın xaric olması normal sayılır. Köp gəyirmə, qarında şişkinlik və ağrı, qazın çox ifrazı, iştahasızlıq, erkən doyma, ürəkbulanma, ağızdan pis qoxu və qəbizlik kimi əlamətlərlə müşayiət oluna bilər.
Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin qastroenteroloqu Saniyə Şahverənovanın sözlərinə görə, köpün əsas səbəblərindən biri sorula bilməyən karbohidratlardır: pizza
“Bu maddələr yoğun bağırsağa çatdıqda bakteriyalar tərəfindən parçalanır və nəticədə çoxlu qaz əmələ gəlir. Ən çox rast gəlinən ferment çatışmazlığı laktaza defisitidir ki, bu zaman süd və süd məhsullarının qəbulu köp və bəzən ishala səbəb olur. Bundan əlavə, paxlalılar, dənli bitkilər, bəzi tərəvəzlər, meyvələr və sorbitol kimi dadlandırıcılar da qazın artmasına səbəb ola bilər”.
Həkim onu da qeyd edib ki, köpün digər səbəbləri arasında nazik bağırsaqda bakteriyaların həddindən artıq çoxalması (SİBO), bağırsağın hərəki funksiyasının pozulması, qastroparez, xroniki qəbizlik, bağırsağın qıcıqlanma sindromu, hipotireoidizm və bəzi dərman preparatlarının qəbulu da yer alır:
“Həmçinin aerofagiya – yəni normadan artıq havanın udulması da köpə səbəb ola bilər. Bu vəziyyət saqqız çeynəmək, siqaret çəkmək və bəzi psixoloji faktorlarla əlaqələndirilir. Diaqnoz qoyularkən əsas məqsəd ciddi orqanik səbəbləri istisna etməkdir. Bunun üçün laborator analizlər və zərurət olduqda qastroskopiya, kolonoskopiya və nəfəs testləri kimi müayinələr aparılır. Müalicə səbəbdən asılı olaraq fərdi şəkildə müəyyən edilir və pəhriz dəyişiklikləri, həyat tərzinin tənzimlənməsi, dərman müalicəsi, bəzi hallarda isə psixoterapiya tətbiq olunur”.
Mütəxəssis profilaktika məqsədilə sağlam qidalanma, düzgün həyat tərzi və vaxtında tibbi müayinələrin vacibliyini vurğulayır, reabilitasiya mərhələsində isə sanator-kurort müalicəsinin faydalı olduğunu qeyd edib.
Aytac Əliyeva
Telegram kanalımız