Qartal qanadı taxmış qarğa

Qartal qanadı taxmış qarğa

Yazar Saytların hazırlanması

29 May 2019 06:31 1555


Sözün həqiqi mənasında axmaq bir işə düşmüşəm. Neçə gündür beynimdə elə hey, dayanmadan “qartal qanadları taxmış qarğa” ifadəsi firlanmaqdadı. Səhər gözümü açan kimi “qartal qanadı taxmış qarğa” ifadəsi beynimdə firlanmağa başlayır. Bu lənətə gəlmiş ifadə hardan, hansı mənbədən, hansı mətndən gəlib beynimə girib heç cürə tapa bilmirəm. İnanın düşünməkdən məndə bir qram güc, bir qram hal qalmayıbdı.

Güman edirəm bu ifadə hansısa təmsildən gəlib beynimə giribdi. Amma məsələ ondadır ki, son bir neçə ayda təmsil oxuduğumu xatırlamıram. Bu gün səhər bir az təmsil oxumaq qərarına gəldim. “Qartal qanadı taxmış qarğa” ifadəsinin mənbəyini tapmaq məqsədi ilə deyil, sadəcə bu ifadənin beynimdə elə hey fırlanmasıyla yaranmış ovqat məndə təmsil oxumağa maraq oyatdı. Kaş oyatmayaydı. İşin tərsliyindən qarşıma çıxan ilk təmsil beynimi tamam alt-üst etdi. Beynimi tamam alt-üst edən təmsil uşaqlar üçün nəzərdə tutulmuş kitabda nəşr olunub. Buyurun siz də beynimi alt-üst edən təmsillə tanış olun. Ağıl ağıldan üstündür. Hardan bilmək olar bəlkə bu təmsildə beyini alt-üst edəcək heç bir səbəb, heç bir əlamət yoxdur. Bəlkə beynim alt-üst olmaq üçün elə bəhanə axtarır. Bəlkə beynim alt-üst olmaq üçün elə himə bənddi.

DƏVƏSİ İTƏN KƏS

Günlərin bir günü qoca bir kişinin dəvəsi itir. O, kədərli, qəmli gəzməkdənsə, günlərini şad və sevincli keçirirdi. Dəvəsinin itməsinə baxmayaraq, onun xoşbəxtliyi hər kəsi təəccübləndirirdi. Özünü ağıllı hesab edən bir adam dəvəsi itmiş kişiylə rastlaşır. Ondan itmiş dəvə üçün kədərlənmək əvəzinə, nəyə görə fərəhli olduğunu soruşur və onu bu hərəkətinə görə cahil adlandırır.

Kişi bu sözün qarşılığında deyir: – Mən nə dəliyəm, nə də arsız, sadəcə olaraq, Allaha ümidim var. Əgər dəvəmi tapsam, çox xoşbəxt olaram. Amma dəvəm tapılmasa, bu mənim üçün ən böyük faciədir.

Kişini dinlədikdən sonra özünü ağıllı hesab edən adam: “Sənin nə qədər sərsəri, lazımsız adam olduğunu başa düşdüm”, – deyib ondan uzaqlaşmaq istəyəndə dəvəsi itmiş kişi ona deyir:

– Ağıllı insanın ürəyinə şeytan yol tapmamalıdır. Qəmi olan nə özünü pərişan edib düşməni şad etməli, nə də sevincli olub başqalarının rişxənd dolu sözlərini eşitməlidir. Bütün gün çöldə, dərə-təpədə itirdiyi mülkü axtarmaq quldurların işidir. Evdə oturub malını itirdiyinə görə ağlamaqsa qadınlara məxsus bir xüsusiyyətdir.

Bir az danışdıqdan sonra dəvəsi itmiş şəxs özünü ağıllı hesab edən şəxsə yenidən üzünü tutaraq deyir: “Məgər şairlərimizin daha əvvəldən bu məzmunda yazdıqları şeiri oxumamısanmı? Dünyanın əzab-əziyyətindən, rahatlığından nə qəmginləşmək, nə də şad olmaq lazımdır. Çünki bu, dünyanın adətidir: bir günün xoş, bir günün isə naxoş keçər”.

Bu əcaib-qəraib mətndən sonra uşaqlara hələ bir suallar da verilir;

Dəvəsi itmiş kişinin fikrincə şeytan hansı insanın ürəyinə yol tapmamalıdır?

A) Savadlı

B) Dəliqanlı

C) Ağıllı

Özünü ağıllı hesab edən adam dəvəsi itmiş kişini nə üçün cahil adlandırır?

A) İtmiş dəvə üçün kədərlənmək əvəzinə fərəhli olduğuna görə

B) Dəvəsini axtarmadığına görə

C) Allaha inanmadığına görə

Dəvəsini itirmiş kişinin fikrincə evdə oturub malını itirdiyinə görə ağlamaq kimə məxsus xüsusiyyətdir?

A) Tacirlərə

B) Qadınlara

C) Tənbəllərə

Dəvəsini itirmiş kişinin ümidi kimə idi?

A) İnsana

B) Ağıllı kişiyə

C) Allaha

Bütün günü çöldə, dərə-təpədə gəzərək itirdiyi mülkü axtarmaq dəvəsi itmiş kişinin fikrincə kimlərin işidir?

A) Quldurların

B) Varlıların

C) Kasıbların

Seymur Baycan

azlogos.eu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!