Mərhum Ramiz Novruzovun qəbrüstü abidəsinin peşəsinə uyğun hazırlanması müəyyən müzakirələr doğurub. Ümumən Azərbaycanda qəbir daşları ilə bağlı standart qaydalar mövcud deyil. Buna görə də məzarlıqlarda fərqli ölçülərdə, fərqli dizaynda olan başdaşıları həmişə müzakirə hədəfi olur.
Bəs başdaşına dini cəhətdən necə yanaşılmalıdır? Fərqlilik dini baxımdan düzgündürmü? Buna dair hansısa qayda, yaxud şəri hökm varmı?
İlahiyyatçı Hacı Təyyar Hüseynli mövzu ilə bağlı Yenisabah-a açıqlamasında bildirib ki, sadə, israfa yol vermədən normal başdaşıları olmalıdır: pizza
"Məzar daşları ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, yaxud Qafqaz Müsəlmanları İdarəsi hər hansı bir göstəriş, təklif irəli sürməyib. Halbuki bu məsələləri tənzimləmək onların səlahiyyətindədir.
Ümumən bu məsələdə israfa yol verilməməlidir. Qəbrə həddən artıq çox vəsait xərcləməkdənsə, dünyasını dəyişmiş insanın adından daha xeyirli işlər görmək lazımdır. Məsələn, onun adından məzarlığa su çəkdirmək, qəbirstanlığa gedən yolu bərpa etdirmək və s savab kimi onun adına yazılar.
Bir evin pulunu qəbiristanlıqda xərcləyib böyük bir kompleks yaratmağı İslam dini məsləhət bilmir. Hətta dünyasını dəyişmiş insanın qəbri ətrafında qədərindən artıq görülən işlər bəyənilmir. Bundan daha çox əhəmiyyət kəsb edən məsələlər var.
Azərbaycanda başdaşları əvvəldən insanların imkanlarına görə fərqlənib. Sadə dillə desək, varlı-kasıba bölünüb. Belə bir el misalı var: "Hər bir evin kandarından evin içi bəllidir".
Təyyar Hüseynli qeyd edib ki, müqəddəs insanların, xalqı üçün, bəşəriyyət üçün xüsusi addımlar atan insanların məzarı və ya məzarı ətrafında onun xatirəsini əbədiləşdirən addımlar atmaq olar:
"Allah Rəsulunun məzarı məscid kompleksidir, çoxlu ziyarətçiləri var. Əhli-Beyt imamları var ki, məzar yerləri ziyarətgaha çevrilib. Amma elə müqqədəs şəxsiyyətlər də var ki, onlara çox sadə, sıradan bir başdaşı qoyulub. Bəlli deyil ki, bu kimdir, o kimdir.
Söz yox, torpaq hər kəsi sadələşdirir. Bu dünyada fərqimiz çox olsa da, məzara gedəndə elə bir fərq olmur. İnsanları bu dünyada fərqləndiririk, dünyadan köçəndən sonra fərqləndirməyə ehtiyac yoxdur".
Şəhla Ağazadə
Telegram kanalımız