“Qərb Ukraynaya az silah verir ki, müharibə çox davam etsin”

saytların hazırlanması

Evə çatdırılma

“Qərb Ukraynaya az silah verir ki, müharibə çox davam etsin”

Siyasət

01 İyun 2022 15:31 1086


“Düzdür, informasiya yayılıb ki, Rusiya bəzi əraziləri nəzarətə götürüb. Ancaq Ukrayna tərəfinin özü son açıqlamalarında bildirib ki, bəzi ərazilər geri alınıb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

O, son günlər Ukrayna tərəfinin ağır silahlarla təmin olunmasına baxmayaraq, Rusiyanın hücumları qarşısında addım-addım geriləməsinin səbəblərindən danışıb. pizza mizza

Mütəxəssis vəziyyəti belə izah edib ki, hazırda cəbhə xəttində irəli-geri prosesləri gedir:

“Yəni bir tərəfdən Ukrayna geri çəkilsə də, o biri tərəfdən əraziləri nəzarətə götürür. Ukraynanın isə indiki əsas hədəfi Qara dəniz sahilində yerləşən ərazilərə nəzarəti bərpa etməkdir. Çünki liman əraziləri bağlandıqca, artıq Ukraynanın ticarət yolu bağlanır. Bu gün baxsaq, görəcəyik ki, Ukrayna üstünlüyü ancaq Qara dəniz sahili ərazilərin işğaldan azad edilməsinə və həmin ərazilərdə möhkəmlənməyə verir. Əlbəttə ki, bu zaman güclər balansı dəyişməyə başlayır. Məsələn, bir tərəfdə bir miqdar ordu varsa, digər tərəfdəki ordunun sayı bunun 5 qatıdır.

O ki qaldı Qərbin Ukraynaya dəstək verməsinə, əlbəttə ki, Qərb Ukraynaya yetrincə silah-sursat dəstəyi vermir. Verir, lakin elə verir ki, müharibə uzun müddət davam etsin. Yəni nə Ukrayna, nə də Rusiya tam qalib gələ bilməsin. Müharibə uzansın və Qərb istədiyini həyata keçirə bilsin. Onun da istədiyi aydın məsələdir ki, Rusiyanı diz çökdürmək və Ukraynanı tam özündən asılı etməkdir. Düşünürəm ki, növbəti mərhələdə Qərb yenə silah-sursat tədarükünü davam etdirəcək”.

Politoloq onu da vurğulayıb ki, növbəti mərhələdə proseslər daha şiddətli hala çevrilə bilər:

“Düzdür, müəyyən mənada hansısa yerlərdə Ukrayna tərəfindən geriləmə varsa, ola bilər ki, bu, taktiki gediş kimi də ola bilər. Yadınızdadırsa, Kiyev ətrafı ərazilərdə də Rusiya qoşunları var idi, amma birdən-birə çəkilməyə başladılar. Çünki Ukrayna burada getdikcə möhkəmləndi. Halbuki rusları Kiyevin yaxınlığına qədər gətirən Ukrayna idi. Amma indi artıq orada yoxdurlar. Bunun da tək bir səbəbi var: ruslar şəhər döyüşlərində çox zəifdirlər. Hətta ukraynalılar bu barədə onlardan güclüdür.

Eyni zamanda Qərbdən də muzdluların gəlişi davam edir. Bu davam edirsə, deməli, proseslər hələ getdikcə uzanacaq və silah-sursat tədarükü davam edəcək. Bu da onu göstərir ki, müharibə uzun müddət davam edə bilər”.

Qərbli rəsmilərin son dövrlər Ukrayna barəsində səsləndirdiyi fikirlərə toxunan S.Hümbətov ABŞ-ın bu məsələdəki baxış bucağına da toxunub:

“ABŞ-ın siyasətində belə Ukraynaya münasibət birmənalı deyil. Çünki orada hər iki qanadı təmsil edən insanlar var. Bir tərəf deyir ki, Rusiya ilə razılığa gəlinməlidir, digər tərəf isə deyir ki, yox, qətiyyən razılığa gəlmək olmaz. Məsələ burasındadır ki, əgər biz Rusiyanın özünə qayıdıb baxsaq, görərik ki, Rusiyanın böyük neft-qaz şirkətlərinin başında duranların böyük əksəriyyəti Avropa liderləri olub. Məsələn, Gerhard Şröder və s. insanlar “Gasprom”a rəhbərlik ediblər. Bu insanlar böyük neft maqnatlarıdır və qaz holdinqlərinin sahibləri olublar. Bu da o deməkdir ki, Avropanın və Qərbin Rusiyada marağı var. Sadəcə olaraq Rusiyadan çəkindikləri tək şey odur ki, əgər Rusiya Ukraynada möhkəmlənəcəksə, artıq NATO ilə üz-üzə dayanacaq. Çünki burada psixoloji bir hal yaranacaq. Bu zaman da ruslar deyəcəklər ki, “deməli, mən Ukraynanı məğlub etdimsə, artıq o birilərinə də bunu tətbiq edə bilərəm”. Ona görə də, Ukrayna məsələsində Qərb Rusiyaya icazə vermək istəmir, amma bir tərəfdən də özünün ticarət maraqlarını qorumağa çalışır”.

“O ki qaldı Henri Kissincerə, o da belə düşünür. Onun siyasi baxışlarına baxsaq, görərik ki, o, daha çox iqtisadi meylli və dərin strateji hədəfləri hesablayan bir siyasətçidir. 1973-1977-ci illərdə dövlət katibi olmuş bir şəxsdir. Onun, ümumiyyətlə, Çinlə də güclü əlaqələri var. Ona görə də, Kissincerin bu cür fikirlər səsləndirməsinin arxasında təbii ki, onun özünün düşüncə və maraqlarının təmin olunması durur.

Bilirsiniz ki, Kissincerin soykökü yəhudidir. Yəhudilər də hər şeyi dəqiqliyi ilə hesablayan və ortaya uzunmüddətli bir strategiya qoyan bir millətdirlər”, - deyə analitik yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!