“Mən bir iqtisadçı kimi “süni qiymət artımı terminini” qəbul etmirəm. Çünki bu termini qəbul ediriksə, deməli Azərbaycanda inhisarçılıq, korrupsiya faktları da olmalıdır. Süni qiymət artımı rəqabətli bazar iqtisadiyyatında, rəqabətli mühitdə mümkün deyil”.
Bu sözləri “Yeni Sabah” a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, süni qiymət artımının qarşısını almağın mexanizmləri var:
“Ən yaxşı mexanizm “görünməz əl”, yəni rəqabət prinsipidir. Ölkədə süni qiymət artımı varsa, deməli rəqabətli mühit və bundan doğan qiymətlərin tənzimlənməsi prinsipi də yoxdur. Əgər Azərbaycanda rəqabətli mühit olsaydı, bazar oyunçuları rəqabətli şəraitdə fəaliyyət göstərsəydilər, süni qiymət artımı mümkün olmazdı. pizza sifarişi
Azərbaycanda süni qiymət artımın səbəbi bazara birbaşa nəzarət edən şirkətlərdir. Çox az sayda topdan satış şirkətləri ölkəyə mal gətirir və ya ölkədə mal istehsal edirlər. İstehsal etdikləri malın böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. Yerli istehsal kimi sonradan bazara çıxarılır. Bu şirkətlər bazarın böyük hissəsinə nəzarət edirlər deyə, qiyməti də diktə edə bilirlər. Yəni bazarda bu sahədə rəqabətli mühit çox zəifdir”.
N.Cəfərli bildirib ki, qiymət artımına qlobal səbəb kimi, rəqabətli mühitin olmaması göstərilsə də, lokal səbəblər də var: “Düzdür məzənnə dəyişməsə də gömrükdə rəsmiləşdirmələr artıb. Rəsmiləşdirmə artdıqca ölkəyə gətirilən xammalın və bir çox məhsulların qiymətinə təsir edir. Əvvəllər rəsmiləşdirmədən yan keçməklə ölkəyə daxil olurdularsa, indi bu yolla daxil olurlar deyə qiymətlərin artımı prosesi baş verir. Bu nə qədər qəribə səslənsə də şəffaflıq qiymətləri artırır. Vergi ödəmələrində şəffaflığın artmasını görürük. Bu da qiymət artımına təsir edən amilə çevrilib. Hökümət həm gömrükdə, həm də vergidə şəffaflığın artırılmasını istəyirdisə, gömrük rüsumlarına və vergiyə əl gəzdirməli idi ki, bu, qiymət artımına səbəb olmasın. Çünki ölkədə istehsal olunmayan məhsulların xammalını belə xaricdən gətirənlər həm əlavə dəyər vergisinə, həm də gömrük rüsumuna tuş gəlirlər. Bu da qiymətləri qaldırır. Məsələn, ölkədə quru süd istehsalı yoxdur, xaricdən gətirilir. Süd məhsullarının böyük əksəriyyəti isə quru süddən hazırlanır. Amma bunun həm 18% ƏDV-sı, həm də gömrük rüsumu var”.
İqtisadçı əlavə edib ki, Antiinhisar Agentliyi birbaşa qiymətin formalaşmasına müdaxilə edə bilməz:
“Antiinhisar Agentliyinin fəaliyyəti qanunlarla məhdudlaşdırılır. Yəni onlar birbaşa qiymətin formalaşmasına müdaxilə edə bilməz, eynilə hökumət də. Amma Antiinhisar Komitəsi, orqanları ölkədə bazar payı 30% - dən yuxarı olan şirkətlərdə auditlər aparmalı, onların karter sövdələşmələrinə getməsinə imkan verməməlidir. Bunun üçün də məhkəmə yolu ilə onlara cərimələr tətbiq olunması qanunlarla mümkündür. Amma bu, praktikada Azərbaycanda istifadə olunmur”.
Əsmər Qabil
Telegram kanalımız