Qoca Co Ukraynaya “fəlakət ssenarisi“ yazdı

saytların hazırlanması

Evə çatdırılma

Qoca Co Ukraynaya “fəlakət ssenarisi“ yazdı

Siyasət

24 Fevral 2022 21:03 6910


Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsi əslində, o qədər də gözlənilməz hadisə deyil. Çünki, bu hadisənin əvvəl-axır baş verəcəyi son dövrlərdə hətta müxtəlif tarixlər göstərilməklə, proqnozlaşdırılırdı. Və Rusiya Ukraynaya qarşı bu yolverilməz addımı atdı.

Əlbəttə ki, bu addıma görə, Rusiya beynəlxalq hüquq normaları qarşısında məsuliyyət daşıyır. Kremlin Ukraynaya savaş açması bu ölkənin ərazi bütövlüyünün pozulması və sərhədlərin toxunulmazlığına qəsd xarakteri daşıyır. Və bu səbəbdən də BMT başda olmaqla, beynəlxalq qurumlar, eləcə də, dünya dövlətlərinin Kremlə qarşı sərt reaksiya verməsi vacibdir.

İndi növbə son aylarda Ukraynanı müdafiə edəcəklərini bəyan etmiş dövlətlərindir. Həmin dövlətlər Ukraynanı bu “savaş bataqlığı”ndan çıxarıb, xilas etməyə borcludurlar. Əks halda, “Rusiya Ukraynaya hücum edərsə, ona qarşı ən sərt sanksiyalar tətbiq olunacaq” vədlərinin elə bir ciddi əhəmiyyəti qalmayacaq. Sezar pizza

Onu da qeyd etmək lazımdır ki, Ukraynanın indi düşdüyü vəziyyətə görə rəsmi Kiyevə müxtəlif vədlərlə ürək-dirək verən dövlətlər, ümumilikdəsə, ABŞ və Qərb də məsuliyyət daşıyır. Hər halda, məhz ABŞ və Qərb Ukrayna böhranını yaratdı və indiki savaşın baş verməsini aylar öncədən az qala ssenariləşdirdi. Və indi məhz vədlərin yerinə yetirilməsinin zamanıdır.

ABŞ və NATO Rusiyanı güncə sıxışdıra biləcəyinə ümid bəsləyirdi. Buna nail olmaq üçün isə Ukraynanı NATO-ya üzv qəbul edib, bu dövlətin ərazisində hərbi bazalar, uzaqmənzilli raket sistemləri yerləşdirmək niyyətlərini gündəmə gətirirdilər. Kreml isə bu niyyətlərin reallaşdırlmasına cəhd edilcəyi təqdirdə, Rusiyanın Ukraynaya qoşun yeridəcəyi gizlətmirdi.

ABŞ və Qərb Kremlin öz təhdidlərində tamamilə ciddi olduğunu bildiyi halda, Ukraynanı savaş təhlükəsindən yayındıracaq addımların atılmasına həvəs göstərmədi. Əksinə, bütün davranışları ilə Rusiyanın savaş qərarı verməsinə bəhanələr yaratdılar. Və nəticədə indi dünyanın ən gözəl ölkələrindən olan Ukrayna Rusiya hərb maşınının tapdağına çevrilib.

Ancaq nə qədər qəribə də olsa, ABŞ və Qərb Ukraynaya hələ də real dəstək verməyə tələsmir. Əksinə, hazırda NATO və bəzi nəhəng dövlətlər Şərqi Avropa regionunda hərbi qüvvələr cəmləşdirməyə başlayıblar. Bu isə o deməkdir ki, ABŞ və Qərbin Ukraynanı real şəkildə müdafiə etmək niyyətində deyil. Əksinə indi Qərbdə Ukraynanı deyil, yalnız Avropanı ehtimal olunan Rusiya hücumundan qorumağın yolları üzərində baş sındırırlar.

ABŞ prezidenti Co Baydenin savaş öncəsi açıqlaması isə müəyyən mənada, Ukraynanı elə əvvəlcədən Rusiyaya təslim etmək məzmunu daşıyırdı. Çünki o, bildirmişdi ki, ABŞ Rusiya ilə savaşmaq niyyətində deyil: “Biz indi Baltikyanı ölkələri müdafiə etmək üçün Avropada möhkəmlənmək barədə düşünürük”.

Belə anlaşılır ki, prezident Co Bayden Ukraynadan çoxdan əlini üzüb. Bəlkə də heç əvvəldən Ukraynanın işğalına qarşı hansısa sərt addım niyyəti olmayıb. İndisə, Ağ Ev sahibi Baltikyanı ölkələrin qorunması naminə Ukraynanın qurban verilməsinə hazır olduğunu sezdirir.

Təbii ki, ABŞ prezidenti Co Baydenin bu açıqlaması əslində, Rusiyaya Ukraynanı heç nədən çəkinmədən işğal etmək üçün “hərbi-siyasi dəvətnamə”nin göndərilməsi anlamı daşıyırdı. Ona görə də, hazırda prezident Co Bayden hətta ABŞ-da da ciddi ittihamlarla üzləşməkədir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kreml sahibi Vladimir Putinin Co Bayden ilə istədiyi kimi oynadığını bildirib. Keçmiş dövlət katibi Mayk Pompeo isə prezident Co Baydenin Ukrayna ətrafında baş verən hadisələrin əsas günahkarı olduğunu vurğulayıb.

Rəsmi Kiyev də Ukraynanı “savaş bataqlığı”na salan əsas gühahkarın prezident V.Putin ilə yanaşı, həm də Ağ Ev sahibi Co Baydenin olduğunu artıq anlayır. Ona görə də, Ukrayna prezidenti Volodimir Zelenski savaşın başlamasından bir neçə saat öncə əvvəlcə Ağ Ev sahibinə zəng edib. Ancaq onunla danışıqlardan sonra ABŞ və Qərbin Ukraynaya birbaşa dəstək verməyəcəyinə tamamilə əmin olub. Çünki, Ağ Ev sahibi Co Baydenin vəd etdiyi dəstək Ukrayna prezidentinin ölkəsindən evakuasiya olunmasından uzağa getməyib.

Nəticədə carəsiz qalan prezident V.Zelenski elə Ukraynanı işğal etməyə hazırlaşan Rusiyanın dövlət başçısı V.Putinə üz tutmağa məcbur olub. Savaş təhlükəsini yayındırmaq üçün birbaşa Kreml sahibinin özüylə dil tapmağa ümid bəsləyən V.Zelenskinin cəhdləri boşa çıxıb. Çünki həmin saatlarda artıq Ukraynaya savaş qərarı vermiş olan Kreml sahibi V.Putin dəfələrlə zəng gəlsə də, prezident V.Zelenski ilə danışmayıb.

Bütün bunlardan belə nəticə çıxır ki, heç bir dövlət ABŞ-ın dəstəyinə güvənib, xarici siyasət kursu müəyyən etməməlidir. Çünki ABŞ-ın “dəstəyi” hər halda, Ukrayna prezidenti V.Zelenskini məhz düşmən Rusiyanın liderinə minnətçi düşmək məcburiyyətində buraxıb. Və bundan digər ölkələr də ciddi nəticələr də çıxartmalıdır.

Hazırda Baltikyanı ölkələrin bu barədə daha dərindən götür-qoy etməsinə ciddi ehtiyac var. Hər halda, Qoca Co hazırda ABŞ-ın Baltikyanı ölkələrin müdafiəsi üçün əlindən gələn hər şeyi etdiyini vurğulayıb. Halbuki bu, Baltikyanı ölkələr üçün də savaş təhlükəsinin uzaq olmadığından xəbər verir.

Yəni, Ukraynada Rusiya ilə hərbi münqişəyə girməyəcəyini bəyan edən ABŞ-ın prezidentinin Baltikyanı ölkələrin təhlükəsizliyinin qayğısına qalması əslində, həmin dövlətlərin birbaşa hədəfə çıxarılması qədər təhlükəli davranışdır. Çünki, əgər, Rusiya hücum edərsə, ABŞ-ın Baltikyanı dövlətləri Ukraynadan daha yaxşı müdafiə edəcəyinə inanmaq çox çətindir. Bu baxımdan, Ukrayna savaşına görə Rusiyanı qınamaqla hələlik kifayətlənən Qoca Co dərhal da Kremlin gələcək hədəfinə məhz Baltikyanı ölkələri çıxartmış oldu.

Elçin XALİDBƏYLİ

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!