“Bildiyiniz kimi, Qanunvericilikdə sərhədi qanunsuz keçmək ilə bağlı cinayət məsuliyyəti ilə yanaşı inzibati məsuliyyət də müəyyənləşdirilmişdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
O, Ermənistan TŞ-nin katibi Armen Qriqoryanın qondarma rejimin “müstəqillik günü” münasibətilə Xankəndiyə səfər etməsinin pərdəarxası məqamlarına, habelə həmin qanunsuz səfərə qarşı qanunvericilikdə hər hansı cəza tədbirlərinin olub-olmaması barəsində səsləndirdiyimiz suala münasibət bildirib. Pepperoni pizza
Ə. Nuriyev deyib ki, bütün hallarda həmin şəxsləri məsuliyyətə cəlb etmək üçün hüququ baza var:
“Belə olan təqdirdə sərhədi qanunsuz keçmək ilə bağlı müvafiq icraat da başladılır. Yəni istər prokurorluq orqanlarında, yaxud aidiyyəti sərhəd xidmətində bu məsələ araşdırılır.
Başqa bir məsələ isə budur ki, hazırkı şəraitdə real olaraq bunu həyata keçirmək mümkündürmü? Bax, bununla bağlı problemlər var. Çünki bu şəxslərin bir başa məsuliyyətə cəlb edilməsi ilə bağlı real imkanlar hazırkı şəraitdə yoxdur. Ona görə də onlar rahat gəlir və gedirlər”.
Müsahibimiz əlavə edib ki, Laçın dəhlizinə alternativ olan yol sülhməramlıların nəzarətindədir deyə, bütün hallarda bunun qarşısı sülhməramlılar tərəfindən alınmalıdır:
“Lakin onlar üzərlərinə düşən vəzifəni yerinə yetirmir və nəticədə həmin şəxslər də rahat şəkildə qanunsuz olaraq ölkə sərhədlərini keçirlər.
Düşünürəm ki, bu məsələnin həlli istiqamətində atılan addımlardan biri ondan ibarət ola bilər ki, həmin yol üzərində sərhəd qoşunlarının zastavası yerləşdirilsin və DGK-nın müvafiq strukturları yaradılsın. Bu zaman, əlbəttə ki, bunların qarşısını almaq olar və ölkəyə daxil olmaq da qanunvericilik çərçivəsində həyata keçirilə bilər”.
Hüquqşünas düşünür ki, bu baxımdan, burada hüquqi normalar var:
“Sadəcə həmin hüquqi normalar hazırkı şəraitdə rus sülhməramlıların orada yerləşdirilməsi nəticəsində baş vermir. Əlbəttə ki, Azərbaycan tərəfi hər zaman Rusiya sülhməramlılarından onu tələb edir ki, onlar digər ölkələrin vətəndaşlarının ölkəyə qanunsuz daxil olmasının qarşısını alsınlar. Lakin sülhməramlılar buna məhəl qoymurlar”.
“O ki qaldı Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın Qarabağa gəlməsinə, bu, həm də siyasi mənada böyük bir məsuliyyətsizlikdir. Bütövlükdə, Ermənistanın indiyə qədər irəli sürdüyü fikirlər ki, var, – hansı ki, deyirlər Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, biz sülh danışıqlarının tərəfdarıyıq və s. – belə hərəkətlər bunların hamısının sadəcə söz olduğunu göstərir. Onlar bir tərəfdən sülhə çağırırlar, digər bir tərəfdən isə Qriqoryan Xankəndiyə gedir. Halbuki bütün bunların hamısı onu göstərir ki, onlar ərazi bütövlüyü məsələsinə yalnız sözdə hörmət edirlər, nəinki faktiki”, – deyə o, yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız