Bu gün gündəmi zəbt edən mövzulardan biri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun iki qudasını birdən yüksək vəzifəyə təyin etməsi olduğundan, mən də jurnalistikanın qızıl qaydası olan məlumatı dəqiqləşdirmək prinsipinə əməl edərək Agentliyin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifovla əlaqə saxladım. O, mobil telefondan dəfələrlə etdiyim zənglərə cavab verməsə də, israrla zənglərimdən sonra telefonu açdı. Amma açmasa bundan yaxşı idi. Vəzifə borcunu yerinə yetirmək əvəzinə mətbuat nümayəndəsinə qarşı kobudluq edərək açıqlama verməkdən imtina etdi və dərhal telefonu söndürdü.
Sualımın Zaur Mikayılovun öz qudasını yüksək vəzifəyə təyin olunması ilə bağlı olduğunu eşitdikdən sonra kobudcasına "sizin telefonunuzu elə buna görə açmadım" deyərək zəngi sonlandırdı.(Red danışığımızın səs yazısı da var)
Vatsap üzərindən ürəyimi boşaltmaq üçün Dilqəm Şərifova "Media Haqqında" qanunla informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi məqsədilə dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyulduğunu xatırlatdım. Onu da əlavə etdim ki, dövlət ona əmək haqqını məhz işinin mətbuatın suallarını cavablandırmaq olduğu üçün verir. Pepperoni pizza
Dilqəm müəllimə qarşı hirsim təzəcə soymaq üzrə idi ki, mətbuat möhtərəm sədrin daha bir qudasını yüksək vəzifəyə təyin etdiyi xəbərini yaydı.
Beləcə, məlum oldu ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bir qudası Fuad Quliyevi aparat rəhbəri, digər qudası Şrinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.
Elə bu xəbər yadıma bir neçə ay əvvəl Agentlik sözçüsünün mənə verdiyi bir cavabı saldı.
Fevral ayında Salyanın Qaraçala kəndində 10-cu övladı dünyaya gələn Əflan Abdullayevin uşaqlarının geyim və məktəb əşyaları olmadığı üçün məktəbə gedə bilmədiyi ilə bağlı bir yazı yazmışdım. Bu yazıdan sonra çoxuşaqlı ata mənə vatsapa yazaraq bildirdi ki, ünvanlı dövlət sosial yardımı almaq üçün onun işə düzəlməsi lazımdır. Xahiş etdi ki, Salyan rayon Qaraçala su nasos stansiyasında fəhlə işi vakansiyası var, onun işə düzəlməsinə kömək üçün Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova məktub yazım. Mən də ailənin maddi durumunu nəzərə alıb çoxuşaqlı atanın işə düzəlməsi üçün onun adından Zaur müəllimə elektron məktub yazdım. Qurumun mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifova isə zəng edərək bu barədə bildirdim ki, həmin məktubu ailənin çoxuşaqlı olmasını nəzərə alıb sədrin diqqətinə çatdırsın. Əlqərəz, məktubun üzərindən bir müddət keçəndən sonra taleyi ilə maraqlandım. Çünki, çoxuşaqlı ata işsiz idi, tez-tez mənə zəng edərək pul olmadığı üçün qaranlıqda qaldıqlarını, yeni doğulmuş körpəyə yemək ala bilmədiklərini, cənab sədrə onun adından yazdığım məktuba cavab olub-olmadığını soruşurdu. Dilqəm Şərifov isə mənə bildirdi ki, hazırda “Azərsu” Agentliyə birləşdirildiyindən sədr heç kəsi işə qəbul etmir, odur ki, bu proses başa çatanadək çoxuşaqlı ata gözləsin. Mən də verilmiş cavabı həmin çoxuşaqlı ataya çatdırdım. O da çox məyus oldu, amma əlimdən başqa bir şey gəlmədiyini söylədim. Bir müddət sonra özü mənə yazdı ki, işə ehtiyacı yoxdur. Nə başınızı ağrıdım, bu gün Mikayılov Zaur müəllimin öz qudalarını yüksək vəzifəyə təyin etməsi xəbəri yadıma çoxuşaqlı atanın bu qurumun sədrinə ünvanladığı məktubu yadıma saldı. Düşündüm ki, 10 uşaqlı, çətin durumda olan bir atanı fəhlə işinə qəbul etmək üçün gözləməyi məsləhət görən Zaur Mikayılov bəs qudalarının ərizəsini nə tez oxuyub onları işə qəbul edib? Onda görəsən təhvil-təslim işləri başa çatıbmışmı barı?
Zülfiyyə Quluyeva
Telegram kanalımız