“Təssüflər olsun ki, bu gün ölkəmizdə bəzi şəxslər Naxçıvan Muxtar Respublikasının mövcudluğunun məqsədyönlülüyünü şübhə altına almaq, onun hüquqi statusuna kölgə salmaq istiqamətində uğursuz cəhdlər göstərirlər”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov "Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə" adlı məqaləsində bildirib. BAXCP sədri Qüdrət Həsənquliyevin son müsahibəsində Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbovla bağlı iddialarına dolayısı ilə cavab verən S. Novruxov onun iddialarının əsassız olduğunu qeyd edib: “İddianın biri bundan ibarətdir ki, guya Naxçıvanın MR-in mövcudluğu Azərbaycan Respublikasının unitar dövlət quruluşu ilə bir araya sığmır. Halbuku, azacıq tarix bilgisi olan şəxs muxtar respublikanın hansı hərbi-siyasi şərtlər altında formalaşdığını və anklav formada Azərbaycandan aralı düşdüyünü yaxşı bilir. Belələri anlamır ki, Naxçıvan MR-nin hüquqi statusu təkcə Azərbaycan konstitusiyası ilə müəyyənləşmir. 1921-ci ildə qəbul olunmuş Qars və Moskva müqavilələrinə görə bölgənin statusu həm də beynəlxalq hüququn əhatə dairəsinə daxil olur.
Azərbaycan qanunvericiliyinə görə isə beynəlxalq hüququn yerli hüquq normalarına münasibətdə üstünlüyü mövcuddur. Yəni biz istəsək də birtərəfli qaydada bu statusu ləğv edə bilmərik. Ümumiyyətlə, Naxçıvan MR-a qarşı bu tip cəhdlər hələ Mütəllibov və AXC-Müsavat dönəmində də göstərilirdi. Onlar hətta “prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi“ kimi qondarma və antikonstitusion vəzifə də icad etmişdilər. Onların Naxçıvana göndərdiyi emissarlar regionda qarışıqlıq yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bununla həm də Ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksələn nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olması müddəasını konstitusiyadan çıxararaq Heydər Əliyevin siyasi perspektivinə mane olmağa çalışdılar. Lakin siyasi proseslərin sonrakı inkişafı onları bir daha haqsız çıxardı və xalq onların özlərini hakimiyyətdən süpürüb atdı”. pizza hut
S. Novruzov digər bir əsassız iddianın Naxçıvan MR Ali Məclisinin sədrinin səlahiyyətlərinə yönəldiyini qeyd edib. Onun sözlərinə görə, Konstitusiyanın 136-cı maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir: “Bu konstitusion bir səlahiyyətdir və yalnız referendumda dəyişilə bilər. Halbuki, bunu etmək üçün heç bir hüquqi-ictimai zərurət yoxdur”.
“Bəziləri hətta Naxçıvan sərhədlərində Azərbaycandan gedən malların niyə gömrükdə yoxlanıldığı sualını da verirlər. Bu şəxslər başa düşmür ki, Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi olmadığı üçün tranzit ölkələrin ərazisindən istifadə etməyi zəruri edir. Yad ərazilərdə isə yüklərin içərisinə ən təhlükəli əlavələr edilə bilər. Bu isə Naxçıvanın, onun əhalisinin təhlükəsizliyinə və sağlamlığına qarşı istənilən təxribatı törətmək niyyətində olan bir sıra xarici dövlətləri şirnikləndirə bilər. Düşünürəm ki, belə adi həqiqətləri anlamaq elə də çətin deyil.
Başqa bir həqiqətə uyğun olmayan arqument ondan ibarətdir ki, guya Naxçıvan MR-in rifah halını yüksəltmək üçün bölgə azad iqtisadi zona olmalıdır və deməli həm də sərhədlərində gömrüksüz ticarət etməlidir. Halbuki, Naxçıvanın yuxarıda da sadaladığımız yüksəlişdə olan iqtisadi göstəriciləri belə niyyətlərin tam əsassız olduğunu sübut edir və zəruriliyini ciddi şübhə altına alır. Habelə belə addımlar bölgəyə özü ilə bərabər maliyyə fırıldaqçılarını və müxtəlif kriminal ünsürləri də cəlb edəcəkdir. Eyni zamanda düşmən dövlətlərin kəşfiyyat orqanlarının bölgədə fəallığı arta və Naxçıvan kimi strateji bir ərazinin təhlükəsizliyi təhdid altına düşə bilər. Belə bir şəraitdə milli-mənəvi dəyərlərimizə vurulacaq zərbənin isə ümumiyyətlə heç nə ilə konpensasiya etmək mümkün olmaya bilər. Halbuki, Naxçıvan ölkəmizin kriminogen baxımdan ən sabit və cinayətkarlığın ən az baş verdiyi regionudur.
Əsaslandırılmamış arqumentləri, ideyaları adda-budda və pərakəndə şəkildə KİV-lərdə müzakirəyə çıxarmaq hesab edirəm ki, nəinki konstruktiv addım deyil, hətta adi populizmdir”.
Telegram kanalımız