Qurban Bayramı ilə bağlı xəbərdarlıq

Qurban Bayramı ilə bağlı xəbərdarlıq

Din Veb saytların hazırlanması

06 Avqust 2019 08:39 1529


Adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir. 

Qida Təhlükəsizliyi Agentliyindən “Yeni Sabah”a daxil olan xəbərə görə, bayram günlərində Agentlik, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri tərəfindən əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası genişləndirilib. 

Heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarları, məhəllələr, parklar və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq arayışı olmadan iri və xırda buynuzlu heyvanların daşınması yolverilməzdir. 

Bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına veriləcək. Həmin kəsim məntəqələrinin ərazilər üzrə ünvanları artıq media vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılıb. O da qeyd olunmalıdır ki, mütəxəssislərin metodiki tövsiyəsi ilə hazırlanmış çadır tipli kəsim məntəqələrində qurbanlıq heyvanların satışı ilə yanaşı onların kəsimi, hazırlanması və digər xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək. 

Vətəndaşlardan xahiş olunur ki,  bayram günlərində sağlamlığı şübhə doğuran heyvanlarla bağlı, eyni zamanda, küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı müşahidə olunduqda Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə, Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə, Kənd Təsərrüfatı Nazirliyinin isə 1652 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!