Qarşıdan gələn Qurban bayramı ərəfəsində sosial şəbəkələrdə və ictimai müzakirələrdə müxtəlif iddialar yayılır. Bəzi şəxslər bildirirlər ki, Qurban bayramında kəsilən heyvanlar yalnız Allahın adı ilə və sırf dini niyyətlə kəsilməlidir. Onların fikrincə, həmin gün “şükür qurbanı”, “niyyət qurbanı” və ya hansısa dünya məqsədləri üçün edilən qurbanlar, məsələn ev alqı-satqısı, iş tapmaq və ya yol açılması məqsədilə kəsilən heyvanlar bu günə uyğun deyil və bu, dini baxımdan doğru sayılmır.
Bəs İslam dinində bu məsələyə yanaşma necədir? Qurban bayramında edilən qurbanın niyyəti hansı hallarda qəbul olunur? Dini baxımdan bu gün hansı növ qurbanlar kəsilməlidir və hansı məqsədlər üçün kəsilən heyvanlar bu günə uyğun sayılmır?
İlahiyyat üzrə fəlsəfə doktoru, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Əkrəm Həsənov “Yeni Sabah”a açıqlamasında məsələyə belə aydınlıq gətirib: Sezar pizza
“İslam dinində Qurban bayramı – Həzrət İbrahim peyğəmbərin oğlunu Allah yolunda qurban vermək əzmi ilə bağlı olan ilahi sınağın xatirəsinə təsis olunmuş ibadətdir. Bu ibadət Qurani-Kərimdə “Həcc” surəsinin 34-37-ci ayələrində və “Kövsər” surəsində açıq şəkildə yer almışdır. Ayələrdən biri belə buyurur: “Onların nə ətləri, nə də qanları Allaha çatmaz. Allaha yalnız sizin təqvanız çatar.” (Həcc, 37)
Bu ayə göstərir ki, qurbanın əsas mahiyyəti, sadəcə heyvan kəsmək deyil, ixlasla, Allaha yaxınlaşmaq məqsədilə edilən ibadətdir. Peyğəmbərimiz (s.ə.s) də buyurmuşdur: “Qurban bayramı günündə insanın etdiyi ən fəzilətli əməl – Allah yolunda qurban kəsməkdir.” (Tirmizi)
Buna görə də, Qurban bayramında kəsilən heyvanların məqsədi – sırf Allah rizasını qazanmaq, Onun əmrinə tabe olmaq və bu ibadəti yerinə yetirməklə bir müsəlman kimi itaətkar mövqe sərgiləməkdir. Bu baxımdan, bayram günündə qurban yalnız "udhiyyə" niyyəti ilə, yəni bayram qurbanı olaraq kəsilməlidir. Məsələnin digər tərəfi olan – “şükür qurbanı”, “niyyət qurbanı”, "ev almaq", "yol açılması", "iş tapmaq" və sairə məqsədlərlə edilən qurbanlara gəldikdə İslam hüququnda bu cür qurbanlar "nəzir qurbanı", "şükür qurbanı", "adə qurbanı" kimi fərqli kateqoriyalara ayrılır. Bunlar əsasən il boyu edilə bilər və müəyyən dünya məqsədləri və ya Allaha verilən vədlərlə bağlı olur. Məsələn, bir şəxs deyirsə ki, "oğlum sağalsın, qurban kəsəcəyəm", bu – nəzir qurbanıdır və əgər niyyət etmişdirsə, kəsməsi vacib sayılır. Lakin bu qurbanların Qurban bayramı gününə salınaraq kəsilməsi onları bayram qurbanı etmir və bayramın ibadət yönünə uyğun olmur”.
İlahiyyatçı bildirib ki, başqa sözlə, Qurban bayramı günündə sırf “bayram qurbanı” niyyəti olmadan kəsilən heyvanlar istər iş tapmaq üçün, istər niyyət tutmaq üçün, istər ev almaq və ya yol açılması üçün dini baxımdan udhiyyə qurbanı sayılmır:
“Bu cür qurbanlar dini baxımdan əgər niyyəti sırf dünya məqsədi ilədirsə, və Allaha yaxınlaşmaq niyyəti yoxdursa, o zaman ibadət sayılmaz. Bu isə əməlin qəbul olunmamasına gətirib çıxara bilər.
Fəqihlərin əksəriyyəti bildirir ki, Qurban bayramı günü ediləcək qurban yalnız Allah rizası üçün, bayram ibadəti olaraq edilməlidir. Başqa niyyətlər ibadətin ruhunu dəyişdirir. Əgər bir şəxs həm bayram ibadətini yerinə yetirmək, həm də məsələn, ailəsində bir işin xeyirli olmasına dua etmək istəyirsə, o zaman bu niyyəti dua şəklində saxlamalı, əsas qurban niyyətini Allah rizası olaraq tutmalıdır.
Qurban bayramında kəsilən heyvan sırf Allah rizası üçün kəsilməli və bu niyyətlə edilən əməllər ibadət sayılır.
Şükür, nəzir, adə, dünya məqsədli qurbanlar başqa vaxtlarda edilə bilər, lakin Qurban bayramı günündə yalnız udhiyyə niyyəti ilə kəsilən heyvanlar bu bayrama uyğun sayılır.
Qurban ibadətinin qəbul olunması üçün səmimi niyyət, şəriətə uyğun heyvan, doğru zaman və Allaha yönəlmiş ixlas əsas şərtlərdir”.
Aytac Əliyeva
Telegram kanalımız