"Yurçeviçin Edi İsrafilovun oyununu görmədən, çempionatını izləmədən birdən-birə start heyətə salması məni təəccübləndirdi. Düzdür, pis nəticə bağışlamadı, amma mən baş məşqçi olsaydım, onu start heyətə salmazdım".
Bu sözləri İdman Azərbaycan TV-nin aparıcısı Rəşad Rafiqoğlu "Yeni Sabah"a açıqlamasında millimizin son iki oyunu haqqında danışarkən deyib. R.Rafiqoğlu bu cür oyunla AVRO-2020-nin seçmə mərhələsinə vəsiqə qazanmağın çətin olduğunu bildirib:
"Milli komandada əzmkarlıq var, ancaq ustalıq səviyyəsi çox zəifdir. Fikrimcə, belə oyunla nəyəsə nail olmaq olmaz. Biz əvvəlcədən fikirləşirdik ki, bu qrupda AVRO-2020-yə vəsiqə qazanmaq çətin məsələdir. Qrupdakı komandalarla mübarizə aparmaq çox çətindir, mümkünsüzdür. Hamısı Avropanın aparıcı çempionatlarında oynayır. Bizim futbolçu seçimimiz də çox deyil. Çempionatda cəmi 8 komanda oynayır. 8 komandanın da nə qədər oyunçusu legionerdir, yerli futbolçu tapmaq çətindir. Belə bir vəziyyətdə xarici mütəxəssisin gəlib böyük bir şey edəcəyi inandırıcı deyil". Dominos pizza
Baş məşqçi seçimindən danışan aparıcı deyib ki, milli komanda da yerli mütəxəssis olsaydı, daha yaxşı olardı:
"Məncə, yerli mütəxəssisin olmağı daha məqbul idi. Məsələn, Qurban Qurbanov. Qurban Qurbanov baş məşqçi kimi qalsaydı, yaxşı olardı. Çünki o, milli komandanı gənc yaş komandalarından başlayaraq yavaş-yavaş müəyyən yerə gətirərdi. Yurçeviç isə baş məşqçi olaraq çox işləməyib. Düzdür, bu böyük amil deyil, hər şey oyunlardan asılıdır. Amma yenə də böyük bir şey gözləmək olmaz”.
AVRO-2020 seçmə mərhələsində Xorvatiya-Azərbaycan matçından da danışan aparıcı Edi İsrafilovun start heyətdə yer almasının təəccüb doğuran hal olduğunu söyləyib:
"Yurçeviç Xorvatiya-Azərbaycan matçında ən güclüləri meydana buraxmağa çalışdı. Amma Edi İsrafilovun oyununu görmədən, çempionatını izləmədən birdən-birə start heyətə salması təəccübləndirdi. Çünki E.İsrafilov axırıncı dəfə 3 il əvvəl millinin heyətində yer alan bir futbolçudur. Ən azından gərək, futbolçularla bir yerdə oynasın, bir-biri ilə anlaşsın. Bundan sonra start heyətə salmaq olar. Bundan əlavə, meydanın mərkəzində oynatmağa futbolçu tapa bilmirik. Almeydanın ümidinə qalmışıq. O da çatdırmırdı, fiziki cəhətdən çox yorulmuşdu. Bir çox vəziyyətlərdə Almeydanın top itkilərindən sonra rəqib hücuma keçirdi. Mən belə fikirləşirəm ki, həmin oyunda Emin Mahmudov start heyətdə yer alsaydı, daha məqsədəuyğun olardı. Amma təbii ki, baş məşqçi daha yaxşı bilir. Ramil isə hazırda milli komandamızda ən yaxşı təsir bağışlayan oyunçudur. Rusiya çempionatında əsas heyətə düşməyə başlayıb, qollarını vurub. Formadadır. Vaxtilə onun karyerasında da eniş oldu. "Qarabağ"da heyətə düşə bilmirdi. Deməli, bir futbolçu oynamalıdır ki, heyətə, formaya düşsün".
Telegram kanalımız