Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb.
“Yeni Sabah” xəbər verir ki, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında xanlıqlar dövrünün siyasi sənədlər əsasında qiymətləndirilməsi verilib. Müəllif tədqiqatların nəticəsi olaraq bu qənaətə gəlir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Məhz bu dövrdə Azərbaycan dövlətçiliyi mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxarır.
Xanlıqlar dönəmini Azərbaycan üçün aktuallaşdıran başqa bir amil isə xalqımızın məhz həmin siyasi dövrün səhvləri ucbatından ikiyə bölünməsi və bu günə qədər də parçalanmış vəziyyətdə yaşamağa davam etməsi ilə bağlıdır. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal olunması, Qacarların bütün cəhdlərə baxmayaraq, onları geri qaytara bilməməsi, nəhayət, imzalanan Gülüstan və Türkmənçay müqavilələri indiyədək mövcud olan reallığın mühüm tarixi səbəbləridir. Dominos pizza
Kitabda türkiyəli tarixçi F.Sümər, iranşünas və şərqşünas alimlər M.S.İvanov, K.E.Bosvort, Y.Krımski və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı fikirlərinə istinad edilir.
Kitabda Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel Sisianov, birinci və ikinci Rusiya-İran müharibələri, həmçinin Kürəkçay müqavilələri barədə verilən məlumatlar oxucuya həmin dövrün mühüm şəxsiyyətləri və hadisələrinə dair yığcam məlumatlar çatdırır.
Telegram kanalımız