Aprelin 17-də əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və digər aprel şəhidlərinin xatirəsinə həsr olunmuş, 21 yaşınadək gənclər arasında III “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri keçirilib.
"Yeni Sabah" xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışın əsas məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdən ibarət olub.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” klubunun təşkilatçılığı ilə keçirilən klublararası turnirdə Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan və Qazaxıstanı təmsil edən 13 klub komandası mübarizə aparıb. Rusiyanı turnirdə Qroznı, Dərbənd və Mahaçqaladan olan komandalar təmsil edib. Dördpendirli pizza
Turnirin açılış mərasimində dövlət və hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, veteran hərbçilər, şəhid ailələrinin üzvləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçı komandaların paradı ilə başlanan mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Raquf Orucovun oğlu Aqşin Oruclu yarış iştirakçılarını salamlayaraq turnirin təşkilatçılarına minnətdarlığını bildirib. O, artıq ənənəvi xarakter alan turnirə ictimaiyyət tərəfindən böyük maraq olduğunu qeyd edib: “Üç ildir ki, yarışa dəvət alan xarici idmançılar Şəhidlər xiyabanını ziyarət edir, Azərbaycan qəhrəmanlarını tanıyırlar. Onların sayı hər il artır. Bu əfsanəvi komandir və onun şəhid silahdaşlarını gənclərə tanıtdırmağın ən gözəl yollarından biridir”.
Əvvəlcə bürünc mükafatlar uğrunda görüşlər keçirilib. Üçüncü yer uğruda “Judo Club 2012”nin ikinci komandası, Qroznının “Edelveys”, Mahaçqalanın Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbi (UGOEM) və Dərbəndin “Dinamo” komandaları mübarizə aparıblar. Bürünc medalları UGOEM və “Dinamo” komandaları qazanıblar.
Finalında isə “Judo Club 2012”nin əsas komandası və Gürcüstanın “Şevardeni” klubunun cüdoçuları qalib adı uğrunda yarışıblar. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında Gürcüstan komandası III “Raquf Orucov Kuboku” turnirinin qalibi olub. “Judo Club 2012”nin əsas komandası isə ardıcıl üçüncü dəfə ənənəvi turnirin gümüş medalına layiq görülüb.
Qaliblərə mükafatları Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov, Federasiyanın baş katibi Elmar Babanlı, “Azman-Holdinq”in icraçı direktoru İlham Əhmədov, “Judo Club 2012” idman klubunun icraçı direktoru, Azərbaycanın Əməkdar məşqçisi Hafis Hacıyev, şəhid Raquf Orucovun oğlu Aqşin Oruclu təqdim ediblər.
Telegram kanalımız