“Bu hadisə ən çox məni kədərləndirdi, təsirləndirdi”.
Bunu Yenisabah.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
O, "Müsavat TV"-də aparıcısı olduğu və Tofiq Abbasovla Pənah Hüseynin davası ilə gündəmə gəlmiş "Dərin təhlil"in son buraxılışından danışıb: pizza mizza
“Çox təəssüf ki, efirimizdə belə bir xoşagəlməz hadisə yaşandı. Verilişin formatı debat, deyişmə deyil, təhlildir. Burada əzələlər, yumruqlar yox, arqumentlər, ağıl-zəka, bilgilər, sitatlar savaşır. Bu baxımdan belə bir şey olmamalı idi. Hər iki şəxs xətrini çox istədiyim, səviyyəsinə, savadına, dünyagörüşünə bələd olduğum şəxslərdir. Belə bir hadisənin yaşanacağını heç gözləmirdim. Ağlımın ucundan belə keçmirdi. Lakin təəssüflər ki, baş verdi”.
Rauf Arifoğlu qeyd edib:
“Cəza tətbiq edə bilmərəm. Efir həyatında Yaponiyadan tutmuş Rusiyaya, Amerikaya qədər bu cür faktlar, hadisələr, əlbəyaxalar, su atmalar olub, olur və olacaq. İnsan ətdən, qandan, candan yoğrulmuş bir varlıqdır, əsəbləri var. Ola bilər ki, kimlərsə dözmürlər. Lakin buna fəlakət kimi də baxmıram”.
Baş redaktorun sözlərinə görə, belə bir görüntünün verilişində olmasını istəməzdi:
“Onların hər ikisi bundan sonra eyni verilişdə olmayacaqlar. Lakin yaxın zamanlarda fərqli bir heyətlə mümkündür ki, dəvət edim. İndilərdə yox. Onu da qeyd edim ki, hər iki şəxs öncədən verilişdə kimlərin iştirak edəcəyini bilirdi”.
Nəzrin Vahid
Telegram kanalımız