Rəsmi Bakı niyə Rusiyadan daha çox Qərbə inanır?

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bakı niyə Rusiyadan daha çox Qərbə inanır?

Siyasət

26 İyul 2023 19:59 859


Azərbaycan hökuməti ABŞ və Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Ermənistanla aparılan danışıqlara getdikcə daha müsbət, Rusiyanın vasitəçilik səylərinə isə getdikcə mənfi münasibət bəsləyir.

Yenisabah.az Reyting-ə istinadla xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.

Saytın təhlilində qeyd olunur ki, bu danışıqlar Qərb vasitəçiləri ilə razılaşdırılmamış halda, ayrı bir yolla gedir.  Dominos pizza

Ermənistan və Azərbaycan liderləri arasında iyulun 15-də Brüsseldə Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən son görüş prosesi o qədər də irəli aparmayıb, lakin yeni bir ideya irəli sürülüb.

Ş Mişel Azərbaycanın Ağdam şəhəri vasitəsilə Qarabağ ermənilərinə humanitar yardım göstərmək istəyini alqışlayıb.

Təşəbbüs ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Çoxları bunu Azərbaycanın Qarabağın “yeddi aylıq blokadasının qanuniləşdirilməsi istiqamətində atılan addım” kimi şərh edib.

Ağdama yaxın olan və ermənilərin yaşadığı Əsgəran şəhərinin bəzi sakinləri “Azərbaycan hakimiyyətinin əvvəlcədən müəyyən etdiyi qondarma humanitar yardıma qarşı çıxmaq üçün” Əsgəran-Ağdam yolunda maneələr quraşdıracaqlarına söz verib.

Şarl Mişel Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən “Laçın yolunun açılmasının zəruriliyi"ni də vurğulayıb. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar erməni mediasına bildirib ki, Ağdam təklifi “Laçına alternativ deyil".

Azərbaycanlılar Ağdam təklifini böyük ölçüdə alqışlayıb və bunu Qarabağ ermənilərinin Azərbaycan dövlətinə inteqrasiyası üçün bir fürsət kimi dəyərləndiriblər.

“Humanitar yardımın erməni icması tərəfindən qəbul ediləcəyi təqdirdə, bu, onların yaxın gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul etmələri üçün presedent yarada bilər”, - deyə politoloq Fuad Şahbaz ingilis dilində “Tvitter” hesabında yazıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşı Vasif Hüseynov Ceymstaun Fondunun saytında yazıb ki, Mişelin Ağdam təklifini dəstəkləməsi “Azərbaycanın ərazi bütövlüyünün Aİ və Ermənistan tərəfindən növbəti dəfə təsdiqlənməsidir. Həm də Ermənistan və Rusiyanın ifrat millətçilər üçün həyəcan təbili”.

Elə həmin gün, iyulun 15-də Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına Azərbaycanın reaksiyası da onun məhz Avropa danışıqlarına üstünlük verməsini vurğulayıb.

Rusiya XİN-nin bəyanatında qeyd olunurdu ki, “Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanımaqla”, İrəvanın Rusiyanın vasitəçiliyi ilə bağlı 2020-ci ildə İkinci Qarabağ müharibəsinə son qoyan atəşkəs bəyanatının imzalanmasının “fundamental şərtlərini kökündən dəyişdirib”.

Azərbaycan Xarici İşlər Nazirliyi tezliklə etiraz bəyanatı yayıb:

“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir”.

Rusiya və Azərbaycan XİN-ləri Ermənistanın artıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bildirsə də, əslində, Ermənistan yalnız Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğunu bəyan edir.

Rusiya ilə Azərbaycan arasında bu cür deyişmə 2020-ci ildə İkinci Qarabağ müharibəsindən bəri yeni deyil. Azərbaycan uzun müddətdir ki, Rusiyanı Qarabağdan “qeyri-qanuni silahlı erməni dəstələri” adlandırdığı qüvvələrin çıxarılmasını təmin edə bilməməkdə ittiham edir. 

Azərbaycan demək olar ki, hər bir rəsmi açıqlamada Qarabağdakı rus sülhməramlılarını “orada müvəqqəti yerləşdirilib”, - deməkdən çətinlik çəkmir. Sülhməramlıların 5 illik dislokasiya müddəti 2025-ci ildə başa çatır.

Rusiyanın Ukraynaya qarşı müharibəsi Bakıya Rusiyanı qınamaq üçün daha bir platforma yaradıb. Azərbaycan heç vaxt Rusiyanın işğalını rəsmən pisləməyib, BMT-nin Rusiyaya qarşı qətnamələrinə (Rusiyanın işğalından iki gün əvvəl imzalanmış strateji tərəfdaşlıq sazişinə uyğun olaraq) səs verməyib, lakin Azərbaycanın dövlət mediası açıq şəkildə Ukraynanın tərəfini tutur. Üstəlik, Azərbaycan müharibə başlayandan bəri mütəmadi olaraq Ukraynaya humanitar yardım edir.

Bakı Rusiyanın Ukrayna ilə məşğul olmasından sui-istifadə edərək, Qarabağda əlavə əraziləri ələ keçirib.

Bu, sülhməramlıların mandatları başa çatdıqdan sonra Qarabağı tərk etmələrini təmin etmək üçün yerlərdə vəziyyəti dəyişmək cəhdi kimi qiymətləndirilir.

Azərbaycanın strateji tərəfdaşı olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Azərbaycanın Rusiya sülhməramlısının vaxtında çıxması tələbini müdafiə edib və onların 2025-ci ilə qədər gedəcəklərinə əmin olduğunu bildirib.

“Mövcud diskurs və son bəyanatlar onu deməyə əsas verir ki, Azərbaycan Rusiyanın Qarabağdan çıxışını təmin etmək üçün çalışır”, - deyə Topçubaşov Mərkəzinin analitiki Şücaət Əhmədzadə deyir.

Onun sözlərinə görə, Bakının bunu həyata keçirmək üçün istifadə edə biləcəyi iki əsas alət var:

"Birincisi, Rusiya üçün qeyri-Qərb iqtisadi məkanına sürətli inteqrasiyaya ehtiyac var. Bu istiqamətdə Hindistan, Yaxın Şərq və digər aktorlarla ticarət əlaqələrinin intensivləşdirilməsi həmişəkindən daha aktualdır. Azərbaycandan keçən Şimal-Cənub Dəhlizi Moskva üçün həmişəkindən daha aktualdır. Azərbaycan üçün Şimal-Cənub dəhlizi təkcə iqtisadi layihə deyil, həm də siyasi alətdir.

İkincisi, Rusiya üçün dövlətlərin anti-Rusiya cəbhəsinə qoşulmaması vacibdir. Azərbaycan Ukraynanı dəstəkləyir və humanitar yardım edir, lakin anti-Rusiya cəbhəsinə qoşulmur. Bu halda Azərbaycanın "bitərəfliyi" həmişəkindən daha vacibdir".

Ş. Əhmədzadə hesab edir ki, bunların hər ikisi Rusiya üçün Qarabağda sülhməramlıların saxlanmasından daha vacibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!