Rəsmi İrəvan xalqından informasiyaları gizlətməsəydi...

Rəsmi İrəvan xalqından informasiyaları gizlətməsəydi...

Yazar Veb saytların hazırlanması

17 Noyabr 2020 13:06 2088


Ermənistan ictimaiyyəti birdən-birə ayıldı. Sanki sentyabrın 27-dən noyabrın ilk günlərinə qədər qəflət yuxusuna getmişdi. Onlar hər gün Nikol Paşinyan, Anna Akopyan, Araik Arutunyan, Artsrun Ovanisyan və başqalarının “rəşadətli Ermənistan ordusu” ifadəsi ilə başlayan informasiyalarına o qədər inanıb tərifli rəylər yazırdılar ki... Bu informasiyalarla da Ermənistan ictimaiyyəti yuxuya verildi. Bəzi ermənilər kənar informasiyalara çıxış əldə edib öyrənirdi ki, Azərbaycan Ordusu bir sıra şəhər və kəndləri işğaldan azad edib, onda da erməni rəsmilər bunu feyk adı ilə gündəmdən çıxarmağa çalışırdılar. Adını da belə qoyurdular ki, “rəsmi Bakı bunu daxili auditoriyaya hesablayır, xalqın qəzəbindən çəkinir”.

Lakin noyabrın ilk günlərində dırnaqarası Dağlıq Qarabağ respublikası separatçılarının lideri Araik Arutunyanın facebook səhifəsində həyəcanla yazdığı informasiya erməni cəmiyyətində tərpəniş yaratdı. Arutunyan erməni gənclərini vuruşmağa çağırırdı ki, “Azərbaycan ordusu Şuşa qalasının 5 kilometrliyindədir, təcili gəlin”. Lakin bu informasiya da rəsmi İrəvan tərəfindən malalandı. Arxa planda Arutunyana nahaq belə yazdığına dair iradlar da səsləndirildi. Bu məlumat erməni jurnalistlərində Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Ovanisyana suallar verməkdən çəkindirmədi. Ki, “doğrudanmı Azərbaycan Ordusu Şuşaya qədər gəlib çıxıb”. Ovanisyan bunu özünəməxsus şəkildə ört-basdır etdi, hətta xanım jurnalistlərdən birinə əsəbi şəkildə dedi ki, “belə sualı verməzdən əvvəl orduda xidmət etmək lazımdır”: “Xanım, siz orduda olmamısız. Müharibə elədir ki, bəzən bir mövqe bizim, bəzən düşmənin əlinə keçir. Mövqe savaşı döyüşdə adi qaydadır”. Bununla da yenə Azərbaycan Ordusunun Şuşa uğrunda döyüşü ört-basdır edildi. Hətta Şuşa şəhəri alınandan sonra erməni idmançılardan biri Xankəndidə şəkil çəkdirib Şuşada olduğunu yazdı ki, Azərbaycan tərəfi feyk xəbərlərlə məşğuldur.

Nisbətən internetdə qurdalanan ermənilər əlavə informasiya almaq məqsədilə Azərbaycanın rusdilli, o cümlədən Rusiyanın saytlarına daxil olurdular. Lakin Azərbaycanın rusdilli saytlarına giriş Ermənistan sakininə müyəssər olmurdu. Çünki ölkənin İnformasiya nazirliyi həmin saytlarımıza girişi qadağan etmişdi. Yalnız digər ölkələrin sakinləri o saytlardan əlavə informasiya oxuya bilirdilər. Onlar da Ermənistandakı dost və qohumlarına Whatsap vasitəsilə göndərirdilər. Lakin burda da yenə Ermənistanın rəsmi şəxsləri həmin məlumatlara inanmamağı tövsiyyə edirdi. Həqiqətin öyrənilməsinin qarşısını almaq üçün Artsrun Ovanisyan və Ermənistanın İnformasiya naziri təcili mətbuat konfransı keçirərək bəyan etdilər ki, “Azərbaycan informasiya müharibəsi aparır, belə xəbərlərlə erməni cəmiyyətini ruhdan salmaq istəyirlər. Məqsəd odur ki, cəbhədəki erməni əsgərlərində ruh düşgünlüyü yaransın”.

Rusiya saytlarının müharibə ilə bağlı həqiqi informasiyaların yazdığı vaxtlarda da Ermənistan tərəfi bunu belə ört-basdır etdi ki, həmin xəbərlər Azərbaycanın maliyyəsi ilə həyata keçirilir. Bir sözlə, rəsmi İrəvan bütün həqiqətlərin qarşısını özünəməxsus şəkildə ictimaiyyətdən gizlətdi. Nəticədə sadə ermənilər eyforiyaya qapıldı və gündəlik həyat tərzlərində qalmaqda davam etdilər ki, “Ermənistan Ordusu Azərbaycanı diz çökdürür”. Bu da əks effekt doğurdu. Hətta Ermənistan  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan ölmüş erməni əsgərlərini xüsusi qeyd etməklə hərdən atmacasından qalmırdı ki, “biz adamlarımızı aldatmırıq, həqiqəti deyirik”. Sonra məlum olacaqdı ki, Stepanyan ölmüş ermənilərin sayını gizlədirmiş. Təsadüfi deyil ki, hər üç ölkə arasında Bəyannamə imzalanandan sonra da hər gün ölmüş erməni əsgərlərinin siyahısı dərc edilməkdədir. Müharibə dayanıbsa, bunlar harada ölüblər? Məlum oldu ki, rəqəmləri gizlədən Ermənistan tərəfi getdikcə özünü sığortalamağa çalışır, həm də meyidlər qaytarıldıqca, statistika da yenilənməlidir.

Ermənistan tərəfi anlamadı ki, həqiqəti ictimaiyyətdən gizlətməklə ölkəni matəmə qərq etdilər. Həqiqət Nikol Paşinyanın xilası üçün də səmərəli olardı. Ermənistanın Vatikandakı keçmiş səfirinin iddiasına görə hələ oktyabrın 12-də Nikol Paşinyana bəyannaməni imzalamaq təklif edilib. Əgər bu həqiqətdirsə, elə məhz onda Paşinyan baş verənləri cəmiyyətə çatdırsaydı, əlavə insan itkisinə yol verilməzdi. İndi Teatr meydanına toplaşanlar da onu deyirlər ki, həmin bəyannamənin şərtləri oktyabrın 12-də elan edilsəydi, müzakirə aparılsaydı, nəticə kütləvi insan ölümünə aparıb çıxarmazdı. Paşinyan təklif ediləni ona görə müzakirəyə təqdim etməmişdi ki, həmin dövrə qədər Ermənistanı informasiya blokadasında boğurdu. Təsəvvür edin, oktyabrın 12-nə qədər yazılır ki, “rəşadətli Ermənistan ordusu əzmkarlıqla müdafiə olunur, hətta düşmənə ağır zərbələr endirir”. Bəs, necə olardı ki, üstündən bir gün keçməmiş cəbhədəki məğlubiyyət etiraf edilir. Bu Ermənistan ictimaiyyətində şok effekt yaradar, üstəlik hakimiyyətə şübhələr yaranardı. Məhz bu amil Paşinyan və ətrafındakı rəsmi şəxslərin iflasına gətirib çıxardı. Təkcə özlərinin yox, bütün ölkənin.   

Azər Qismət


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!