“Azərbaycanın Xankəndi və ətraf bölgələrində baş verən hər bir hadisə birbaşa Rusiyadan idarə olunur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Politoloq Ermənistanla Azərbaycan arasında ilin sonunda imzalanması gözlənilən sülh müqaviləsindən sonra Qarabağda baş verə biləcək silsilə etiraz aksiyalarından söz açıb. Dominos pizza
Xatırladaq ki, ötən gün Ermənistan parlamentinin müxalif fraksiyaları Xankəndi və ətraf ərazilərdə sülh müqaviləsinin imzalanmasından sonra Paşinyan iqtidarına qarşı etiraz aksiyalarının baş verəcəyini istisna etməyib.
Öz növbəsində, E. Xalidbəyli məsələylə bağlı əlavə edib:
“Bütün bu hadisələrdən sonra belə anlaşılır ki, Rusiya Cənubi Qafqazda yeganə istinad nöqtəsinə çevrilmək istəyir. Çünki Rusiyada anlayırlar ki, əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa, bu halda Ermənistanda olan 102 nömrəli Rusiya hərbi bazasına və ardınca da Qarabağdakı sülhməramlı kontingentə ehtiyac qalmayacaq.
Bunu başa düşdüklərinə görə də rəsmi Kreml sülh sazişinin imzalanması prosesini pozmağa cəhd göstərir. Hətta dünən Ermənistanın 2 yüksək rütbəli şəxsi – Baş nazir Nikol Paşinyan və Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan yaxın 2 ay ərzində sülh müqaviləsinin imzalanmasının vacibliyini parlamentdə çıxışları zamanı vurğuladılar. Bu da o deməkdir ki, Ermənistanda bunu etmək istəyirlər. Bu isə ən çox Rusiyaya sərf etmir. Ona görə də Rusiya müxtəlif vasitələrlə bu prosesə mane olmağa çalışır”.
Siyasi analitik aydınlaşdırıb ki, Qarabağda mitinq keçirildi, yaxud keçirilmədi, bunun Azərbaycana heç bir təsiri ola bilməz:
“Bu, Rusiyanın sifarişiylə Paşinyan hakimiyyətinə qarşı təzyiq məqsədilə keçirilməsi nəzərdə tutulan bir aksiyadır. Əlbəttə, Paşinyan iqtidarı hazırda, ancaq Moskvadan müdafiə olunmaq məcburiyyətindədir. Yəni Xankəndidəki mitinqlər, filan; bunlar hamısı Azərbaycan üçün əhəmiyyətli bir məsələ deyil, əksinə, erməni cəmiyyəti daxilindəki bir məsələdir”.
“Fikir versəniz, görərsiniz ki, Rusiya mediası Azərbaycanın əleyhinə müxtəlif materiallar yaysa da, onlar burada Paşinyan hakimiyyətini də xəyanətdə ittiham edir. Guya ki, əgər Vaşinqton sənədi üzrə sülh sazişi imzalansa, hər şey Azərbaycanın maraqlarına uyğun cərəyan etmiş olacaq və Ermənistanın maraqları təmin edilməmiş qalacaq. Bunu Rusiya mətbuatı və Rusiya propoqondistləri iddia edirlər”, – söyləyib.
Siyasi şərhçi yekunda izah edib ki, ümumiyyətlə, hazırda bütün hücum Paşinyan hakimiyyətinin üzərinə yönəldilib:
“Bunun da əsas məqsədi ondan ibarətdir ki, İrəvan və Xankəndidə yaşayan ermənilər narazı qalsınlar, Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyasına qalxsınlar və Paşinyanı da hakimiyyətdən devirsinlər. Beləliklə də, erməni cəmiyyətində Paşinyan hakimiyyətinə qarşı qəzəbi artırmaq cəhdləri göstərirlər. Buna nə qədər nail olub-olmayacaqlar, yəqin ki, yaxın vaxtlarda bunu görəcəyik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız