“Rusiya dərisini kola cızdırmaq istəmir” –   Qabil Hüseynli

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya dərisini kola cızdırmaq istəmir” – Qabil Hüseynli

Siyasət

27 Oktyabr 2022 17:50 1401


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin “Yeni Sabah”a müsahibəsi:

- Bu gün Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana gəlib. Onun “Rossiyskaya qazeta”ya son müsahibəsində ikibaşlı açıqlamalar vardı. İndi Overçuk Azərbaycana hansı təkliflər paketi ilə gəlib? Delimitasiya və dəhlizlərin açılması məsələsində hər hansı yenilik ola bilər.

- Əlbəttə, bu suala cavab vermək o qədər də asan deyil. Çünki Rusiyanın nizamlama prosesindəki təsir qüvvəsi xeyli azalıb. Üstəlik, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı məsələlər Baş nazir müavinləri səviyyəsində – Aleksey Overçuk, Şahin Mustafayev və Mqer Qriqoryanın bilavasitə koordinasiyası ilə həyata keçirilməlidir. pizza

Son vaxtlar sərhədlərin delimitasiyası komissiyasının yaranması və artıq onun 2 iclasının keçirilməsinə baxmayaraq, üçüncü iclasın Brüsseldə keçirilməsi nəzərə tutulub. Bu məsələnin yenə də Aİ-nin təsiri altına düşdüyünü qeyd etmək mümkündür. Rusiya nə sərhədlərin delimitasiyası, nə də kommunikasiyaların açılması məsələsində siyasi iradə ortaya qoya bilir, yaxud qoymaq istəmir.

Ən azından İranın at oynatdığı bir dövrdə Zəngəzur dəhlizi məsələsində Rusiyanın susması və sanki qıraqdan baxıb ləzzət alması təəssüratı çox düşündürücüdür. Ayrı vaxt Cənubi Qafqazı özünün geostrateji maraq dairəsinə daxil edən, onu arxa bağçası hesab edən Rusiya İranın son hadisələrdəki beynəlxalq normalara zidd hərəkətlərinə bir dəfə də olsun münasibət bildirməyib.

İndi Overçuk Bakıya gəlib. Sərhədlərin delimitasiyası ilə bağlı məsələ də artıq Brüsselə gedibsə, heç olmasa, kommunikasiyaların açılması ilə bağlı təkliflərlə gəlməliydi. Bu barədə də hələ ki bir məlumat sızmadığından fikir bildirmək çətindir. Amma belə görünür ki, Rusiyanın özü də bölgədəki proseslərdə ya neytrallıq gözləyir, ya da dərisini kola cızdırmaq istəmir. Yəni hadisələri özbaşına buraxaraq qıraqdan seyr edir. 

- Bu gündən Aİ-nin mülki missiyası Azərbaycan-Ermənistan sərhədində patrul xidmətinə başlayıb. Sizcə, bu, sərhəd təxribatlarının qarşısını alacaq?

- Onların səfərləri sırf monitorinq xarakteri daşımalıydı və güman edirəm ki, elə də olacaq. Sadəcə təmas xətti boyunca tərəflərin atəşkəs rejimini pozması məsələlərini reydə götürüb, onların müfəssəl hesabatını hazırlayacaqlar. İndi bu işə nə dərəcədə vicdanlı yanaşacaqlar və hazırladıqları hesabatların nə qədər obyektiv olacağını sonradan görəcəyik.

Amma monitorinq qrupu razılaşdırılmış say çərçivəsindən kənara çıxıb. 40 nəfərlik monitorinq qrupu yanaşı, 400 nəfərə qədər də hərbi rütbəli texniki heyətin müəyyənləşdirilməsi Praqada razılaşdırılmış mövqeyə daxil deyildi. Üstəlik, ATƏT-in xüsusi fakt toplama missiyasını da əlavə etsək, qarışıq bir mənzərə alınır. Bu nöqteyi-nəzərdən yeni işə başlamış monitorinq komissiyasının və ATƏT-in faktaraşdırıcı missiyasının nələri ortaya qoyacağı məsələsində tələsməmək lazımdır. Çünki bu məsələlərin bir çoxu bizim siyasi iradəmizin əleyhinə uyğun olaraq yaradılıb.

- Ermənistan tərəfi oktyabrın axırında Soçidə üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyib. Lakin Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqlamasında qeyd edib ki, hələ ki nə yer, nə də tarix bəllidir. Hətta belə bir iddia var ki, görüş, ümumiyyətlə, baş tutmaya bilər.

- Buna bir az inanmağım gəlmir. Çünki Rusiya bu işdən möhkəm yapışıb və bir növ, təşəbbüsü əldən vermək niyyətində deyil. Sabotajın daha çox Ermənistan tərəfindən olacağını təxmin etmək mümkündür. Lakin bu görüşün baş tutmama qənaətinə gəlmək üçün hələ ki əlimizdə kifayət qədər fakt yoxdur.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!