Politoloq Orxan Amaşovun “Yeni Sabah”a müsahibəsi:
- Dövlət başçısının ötəngünkü çıxışında Qarabağ erməniləri və şəxsən Ruben Vardanyanla bağlı söylədiyi fikirlərlə tanışsınız. Azərbaycan Prezidentinin bu mesajını necə qiymətləndirirsiniz?
- Əvvəla, qeyd edim ki, Ruben Vardanyanla bağlı məsələ bir neçə aydır müzakirə olunur. Bilirsiniz ki, o, sentyabr ayınının ilk günlərində hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə çıxış edərək bildirdi ki, Rusiya vətəndaşlığından imtina edib və Ermənistan vətəndaşı kimi keçmiş Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərməyə hazırdır. pizza hut
Ruben Vardanyanla bağlı məqamın hazırda dövlət başçısı tərəfindən səsləndirilməsi, əlbəttə ki, təsadüfi deyil. Çünki real olaraq, belə bir vəziyyət yaranıb ki, Rusiya prezidenti Vladimir Putin Soçidə üçtərəfli görüşdən bir neçə gün qabaq “Valday”da bildirdi ki, “sözdə Vaşinqton sənədi var və bu sənəd Qarabağ üzərində Azərbaycanın suverenliyini özündə ehtiva edir. Lakin Qarabağın xüsusiyyətlərini nəzərə almır. Əgər Ermənistan belə bir xətti götürmək istəyirsə, bu, onların öz işidir və ona hörmət edirəm”. Yəni bu, bir növ Putinin Ermənistana bir mesajı idi ki, Ermənistan tərəfi üçün Azərbaycanla ən ideal razılaşma Rusiyanın mediatorluğu vasitəsilə əldə oluna bilər. Lakin dövlət başçısı İlham Əliyev Soçi görüşündəki çıxışında bildirdi ki, bu məsələ tarixə qovuşub və artıq burada müzakirə olunası heç bir şey yoxdur.
- Rusiya “Vardanyan effekti” ilə nələrə təsir göstərə bilər?
- Burada bir tərəfdən, Rusiyanın danışıqlarla bağlı heç bir təkliflə çıxış edə bilməməsi və tərəfləri kompromisə doğru istiqamətləndirməkdə uğursuz olması məqamı var. Lakin Rusiya öz dominantlığını qorumaq istəyir. O dominantlıq isə artıq çoxdan öz ilkin xüsusiyyətlərini itirib. Çünki artıq Brüssel var, habelə Vaşinqton tərəfindən xüsusi xətt həyata keçirilir. Məsələ açıq-aydın bundan ibarətdir ki, Rusiya tez bir zamanda əsaslı və hərtərəfli sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Rusiyanın mövqeyi ona əsaslanır ki, delimitasiya və demarkasiya, o cümlədən kommunikasiyaların açılması məsələləriylə bağlı tərəflər uzun müzakirələr aparsın, amma Qarabağla bağlı son nöqtəni qoyan müddəa müzakirə olunmasın. Bu da təbii ki, bizim maraqlarımıza uyğun deyil.
Digər tərəfdən, Rusiya çalışır ki, bölgədəki sülhməramlıların oradan çıxarılması ilə bağlı olan prosesi uzatsın. 10 noyabr 2020-ci il bəyannaməsinin bu barədə müddəası var: Əgər 2025-ci ilin martında biz etiraz etsək, Rusiya sülhməramlıları oradan çıxmalıdır. Təbii ki, Rusiya buna müxtəlif cəhdlərlə müdaxilə edəcək ki, bu proses uzansın.
- Artıq Rusiya yavaş-yavaş bunu dilə gətirir də...
- Bəli. Həmçinin, dövlət başçısının Rusiya ilə bağlı məqama xüsusi olaraq reaksiya verməsi Azərbaycan dövlətinin iradəsini ifadə edir. Bu iradə ondan iabrətdir ki, bəli, biz 10 noyabr 2020-ci il bəyannaməsini imzalamışıq, eyni zamanda biz Rusiyanın mediatorluğunu müəyyən çərçivədə qiymətləndiririk, lakin müəyyən məsələlər var ki, biz buna imkan verməyəcəyik. Bu, rus sülhməramlılarının orada müddətsiz olaraq qalmasına çalışan Paşinyanın istəkləridir ki, biz heç vaxt buna müsbət reaksiya verməyəcəyik.
- Qayıdaq Vardanyana...
- Ruben Vardanyanla bağlı məqama xüsusi olaraq gəlincə, ilk anda Azərbaycan üçün bu məsələ aydın idi. Biz bilirdik ki, Ruben Vardanyan kimdir. O, 90-cı illərdə Boris Yeltsinin dövründə kifayət qədər ciddi resurslar əldə etmiş bir şəxsdir. Onun “Troyka Dialoq” şirkəti vasitəsilə çirkli pulların yuyulması, eləcə də böyük məbləğlərin Rusiyadan çıxarılması və sonradan geri gətirilməsində, yəni “money laundering” məsələsində çox böyük “uğurlar” əldə etdiyini biz bilirik.
Onun Qarabağa gəlişi Rusiyada olan əsas təsir mərkəzlərinin iradəsi olmadan baş verə bilməzdi. Bu, bizim üçün həmin anda da məlum idi. Biz bilirik ki, Ruben Vardanyan hansı dünya görüşünə sahibdir. O, hesab edir ki, onun üzərində çox böyük bir məsuliyyət var ki, Qarabağ ermənilərini, daha doğrusu Qarabağ erməniliyini qorusun. O, hətta bir dəfə mart ayında tələbələr qarşısında çıxışında demişdi ki, “biz 3 milyona yaxın əhalisi olan bir ölkəyik. Yaxşı, bəs biz necə sayımızı artıra bilərik? Gərək, biz xarici ölkələrdən olan şəxsləri qəbul edək”. Daha sonra isə əlavə etmişdi ki, “biz İrəvanın küçələrində gəzəndə, əgər haradansa azan səsi gəlirsə, biz buna hazırıqmı?”
- Lakin o sonuncu çıxışında Prezident Əliyevlə danışıqlara hazır olduğunu dilə gətirərək, komporisin əldə olunması məsələsində loyallıq göstərməyə çalışdı.
- Çünki Ruben Vardanyan özünü çox proqressiv, liberal düşüncəli bir biznesmen kimi aparır və öz üzərinə belə bir missiya qoyub ki, mən Qarabağ ermənilərini xilas etməliyəm. Əslində, mənə elə gəlir ki, onun iddiası daha böyükdür. Hazırda qondarma “DQR” adlanan qurumda “dövlət naziri” vəzifəsinə yiyələnibdir və o, Rusiyanın həmin regionda qalmasını təmin etmək üçün oraya göndərilmiş bir şəxsdir. Təbii ki, bu, bir ehtimaldır. Lakin hesab edirəm ki, hadisələrə diqqətlə nəzər yetirsək, görürək ki, bu, çox ciddi bir ehtimaldır və biz bu barədə əsaslı yəqinliyi müəyyən edə bilərik.
- Yekun olaraq, sizin fikrinizcə, Prezident Əliyevin açıqlamasında hədəfə alınan rəsmi Moskva idi, yoxsa bilavasitə Vladimir Putin?
- Prezidentin indiki tarixi və Azərbaycanın müxtəlif cəbhələrdən hücumlara məruz qaldığı bu məqamda belə bir fikirlə çıxış etməsi və deməsi ki, o Moskvadan göndərilib – görürsünüz ki, ifadədə “Moskvadan göndərilib” işlədilib. Bu isə o deməkdir ki, Vardanyan Moskvadakı müəyyən rəsmi qurumlardan təlimatlar alıb. Lakin dövlət başçısı bu fikri ifadə edərkən sözlərini çox ehtiyatla seçib. Orada bunu Rusiya dövlət başçısının iradəsi ilə birbaşa əlaqələndirməyib. Bu baxımdan, Azərbaycan həm Rusiyaya mesaj verir ki, “biz sizin Qarabağda oynadığınız oyundan xəbərdarıq, əslində, çoxdan idi xəbərdar idik, lakin diplomatik etiketi və müəyyən məqamları nəzərə alaraq, rəsmi səviyyədə çox ehtiyyatla ifadə edirik. Amma, eyni zamanda sizin mediatorluğunuza qarşı deyilik, çünki biz 10 noyabr 2020-ci il bəyannaməsini imzalamışıq. Lakin Qarabağı ruslaşdırmaq və həmin ərazilərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını alan bütün addımlara qarşı sərt münasibət göstərəcəyik”.
O baxımdan, mən bu fikri çox yüksək və vaxtında səsləndirilmiş fikri kimi qiymətləndirirəm. Eyni zamanda onun ifadə formasının çox düzgün olduğu qənaətindəyəm.
Rafi MÜSLÜMOV
Telegram kanalımız