Rusiya yenidən danışqılar masasında: Azərbaycanı nə gözləyir?

Rusiya yenidən danışqılar masasında: Azərbaycanı nə gözləyir?

Siyasət

05 Dekabr 2022 17:36 5636


“Rusiya uzun müddətdir ki, tək başına sülhyaratma prosesini ələ almaq üçün dəridən-qabıqdan çıxırdı”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

Politoloq Azərbaycan və Rusiya XİN rəhbərlərinin Moskva görüşündə səslənən fikirlərə toxunub.

Xatırladaq ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov açıqlamasında qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu bu ilin sonuna qədər baş tuta bilər. 

Öz növbəsində, C.Bayramovun rusiyalı həmkarı Sergey Lavrov isə sülh sazişinin Moskvanın təklif etdiyi Almatı bəyannaməsi əsasında imzalancağını bəyan edib.

Məsələyə münasibət bildirən Q.Hüseynli əlavə edib ki, bu səfərdən təxminən 1 həftə əvvəl Lavrov demişdi ki, Azərbaycanın ərazi bütövlüyü Almatı Konvensiyası ilə tənzimlənibdir:

“Bu isə SSRİ-nin inzibati sərhədlərinə uyğun təsnif edilmiş sərhədlərdir. SSRİ-nin inzibati sərhədlərində də o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olub. Almatı konfransında da bu, təsdiq edildi. İndi onlar bəyan edirlər ki, hər şeyi Almatı konfransının qərarları uğrunda həyata keçiriləcək, qoy, keçirilsin”.

Mütəxəssis bu məsələdə Rusiyanın səmimiyyətinə o qədər də inanmaığını dilə gətirib:

“Çünki onlar həmişə bu istiqamətdə söz verib, sözdən qaçıblar. Azərbaycan isə Brüsselin vasitəçiliyi ilə olan sülhyaratma prosesini qəbul edib, onu daha yüksək qiymətləndirirdi. Arada İrəvan Parisi prosesə zorla dürtməklə sülhyaratma prosesinə ciddi problemlər yaratdı və bu proses müəyyən qədər pozuldu”.

Siyasi analitikə görə, əgər indi Rusiya təşəbbüsü ələ alıbsa, deməli, Brüssel prosesinə ciddi zərbə vura və onu tamamilə sıradan çıxara bilər:

“Amma Ermənistanın bu məsələyə münasibəti necə olacaq, onu demək çətindir. Çünki hələ Ermənistandan heç bir reaksiya yoxdur. Azərbaycan təkbaşına Rusiyanın moderatorluğunu qəbul edəcəksə və sülhyaratma prosesi bütünlüklə Rusiyaya etibar ediləcəksə, o zaman burada müəyyən ruhdansalıcı məqamlar yaranır. Məsələn, sülhməramlılar necə olacaq, yaxud onların burada qalma müddəti nə vaxta qədər olacaq, yaxud sonradan Azərbaycanla Avropa Birliyinin münasibətləri necə olacaq? Bax, belə çətin suallar meydana gəlir. Amma hər halda bu, ilkin reaksiyadır və ilkin qiymətlər yanlış da ola bilər”.

“Ona görə də biz məsələlərin bütün nüanslarını öyrənib ümumiləşdirib, təhlil etməli və bu təhlilin sonunda da nəticə çıxarmalıyıq. Bu nöqteyi-nəzərdən ilkin qiymətlər aldadıcı təsəvvürlərə gətirib çıxara bilər”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!