“Biz müharibədən sonrakı mərhələdə Ermənistana 5 müddəalıq sülh sazişi təklifini edəndə onun içərisində bu var idi ki, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilsin”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.
Hərbi analitik son günlər silahlı insidentlərin Qarabağdan sərhədə daşınmasının pərdəarxası məqamlarından söz açıb. Sezar pizza
E.Şıxəliyevə görə, məlum sənəddə SSRİ-nin dağılması dövründəki inzibati ərazilərə istinad ediblər:
“Bu isə o deməkdir ki, Ermənistan avtomatik Azərbaycanın Qarabağdakı yurisdiksiyasını tanıyıb. Ermənistan isə bundan yayınmaq üçün sülh sazişini imzalamır. Ona görə də yaxın zamanda sülh sazişinin imzalanması gözlənilən deyil.
Sülh sazişi olsa da, olmasa da Azərbaycanın 2 istiqamətdə strateji hədəfləri var: onlardan biri Qarabağda Azərbaycanın yurisdiksiyasının bərpası və inteqrasiyanın həyata keçirilməsi, ikincisi isə bölgədə 10 minə yaxın əlisilahlı qeyri-qanuni silahlı birləşmələrin ya Ermənistan tərəfindən mülkiləşdirilməsi, ya da silahlıların çıxarılmasıdır. Bunlar bizim Qarabağ üzərindəki strateji hədəflərimizdir”.
Onun sözlərinə görə, bir digəri isə Ermənistanla ola biləcək strateji hədəflərimizdir:
“Orada isə sərhədlərimizin bərpasıdır. Xüsusən də Tex kəndi istiqamətində də bir tərəfli qaydada Azərbaycan Silahlı Qüvvələrinin birinci eşelon bölmələri müdafiə rayonlarının mühəndis-istehkam qurğularını həyata keçirirlər. İndi haradasa birinci eşelon bölmələrimizin mövqeləri yoxdursa, bunu Ermənistanla bir tərəfli qaydada həll edəcəyik, burada problem yoxdur. Ermənistan bunu istər qəbul etsin, istərsə də yox, biz şərti sərhədimizi birtərəfli qaydada bərpa edirik, onlar da sonra postların qarşısında öz mövqelərini quracaqlar.
Polkovnikə görə, sülh sazişi imzalansa da, imzalanmasa da daxildəki qeyri-qanuni silahlı birləşmələr birmənalı şəkildə buradan çıxarılmalıdır:
“İndiki mərhələdə Qarabağdakı erməniləri cəsarətləndirən Rusiya sülhməramlılarının bölgədə olmasıdır. Onlar da ən azı 2025-ci ilə qədər orada olacaq. Ona görə də 2025-ci ilə qədər ermənilər 2 variantdan birini seçəcəklər: ya inteqrasiyaya davam edəcəklər, ya da istəməsələr, ərazimizdən çıxıb başqa ölkələrdə yaşaya bilərlər. Ona gör də 2025-ci ilin sonuna qədər bütün bu məsələlərin sonlanması hədəflənir. Çünki 2025-ci ildə bölgədəki Rusiya sülhməramlılarının hüquqi statusunun bitməsindən sonra dediyimiz məsələlərin həlli çox asan həyata keçiriləcək”.
Müsahibimiz bəyan edib ki, hazırda seçim ermənilərindir:
“Həm Ermənistanın seçimi elə olmalıdır ki, sülh sazişində sərhədlər tanınsın, çünki bu, onlara daha çox lazımdır. Digər bir ümumi məsələ də daxildəki Qarabağ ermənilərinə inteqrasiya mesajlarının verilməsidir ki, kiçik çaplı lokal eskalasiyalar olmasın. Antiterror əməliyyatını keçirməyimiz isə hər zaman legitim hüququmuz olaraq qalır. Çünki bunun vaxtını Qarabağda yaşayan ermənilər öz yanaşmaları ilə verəcəklər”.
“Nə qədər ki Rusiya sülhməramlıları bölgədədir, Azərbaycan planlarını mərhələli şəkildə həyata keçirməyə yanaşır. Bütövlükdə isə Qarabağın Azərbaycanın yurisdiksiyasına keçməsi məsələsi hazırda Rusiyanın bölgədə mövcudluğu səbəbindən gecikdirilsə də, bunlar bizim olmazsa-olmazımızdır. Bunu ermənilər və ruslar istəsə də, istəməsə də zaman göstərib ki, Azərbaycan bunların hamısına nail olacaq”, - yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız