“"S-400”lər Türkiyənin hava hücumundan müdafiəsini təmin etmək üçün Rusiyadan alınıb və bu, Türkiyə üçün strateji bir qərar olub”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.
O, NATO-nun fövqəladə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Cozef Bayden arasında görüş, habelə bu görüşdə “S-400”lərin Ukraynaya təhvil verilməsi barədə rəylərə münasibət bildirib: pizza
“Türkiyəyə ABŞ tərəfindən konkret sanksiyalar tətbiq olunub və “S-400” məsələsi Türkiyənin Qərb dünyası, xüsusilə də, ABŞ və NATO ilə olan münasibətlərinə müəyyən kölgə salıb. “S-400” hələ də ABŞ-ın boğazından keçməyən bir sümükdür.
Mövzu Ukraynanı havadan müdafiə etmək məqsədilə müzakirə edilmir, əksinə, burada məqsəd Rusiya ilə Türkiyəni qarşı-qarşıya qoymaqdır. Buna dəfələrlə cəhd olunub”.
Şərhçinin sözlərinə görə, bu gün Türkiyə ABŞ, bütövlükdə, Qərb dünyasının Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara qoşulmadığından Ərdoğan yeganə dövlət başçısıdır ki, Ukrayna və Rusiya arasında etimad qazanıb.
"Müharibənin dayandırılması üçün Türkiyənin vasitəçiliyinə həm Rusiya, həm də Ukrayna inanır. Belə bir vəziyyətdə “S-400”lərin Ukraynaya verilməsi, əslində, guya üzdə Ukraynanı müdafiə etmək üçündür, faktiki bu, Rusiya və Türkiyə münasibətlərinin korlanmasıdır. Çünki bu, əlbəttə, Rusiya ilə münasibətlərə xələl gətirəcək. Ona görə də, Türkiyə heç bir vəchlə “S-400”ləri Ukraynaya verməyəcək”.
“Türkiyənin Ukraynaya əvəzolunmaz bəzi hərbi təchizatları olub və bu gün də davam etməkdədir. Söhbət “Bayraktar TB2” PUA-larından gedir. Bu gün Ukrayna üçün ən əvəzolunmaz silah məhz “Bayraktar TB2” PUA-larıdır. Rusiyanın narazılığına baxmayaraq, Türkiyə onu Ukraynaya satdı.
Ona görə də, hesab etmirəm ki, “S-400”lər sövdə predmeti olsun. Türkiyə buna qəti surətdə getməyəcək”, - deyə N. Miri fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız