“Sabah digər bir qurum başqa bir respublika elan etsə, nə olacaq?!”

saytların hazırlanması

Evə çatdırılma

“Sabah digər bir qurum başqa bir respublika elan etsə, nə olacaq?!”

Siyasət

20 Sentyabr 2022 12:00 2340


200 nəfərə yaxın ziyalıdan formalaşmış Qərbi Azərbaycana Qayıdış Birliyi Ali Məşvərət Şurası Göyçə-Zəngəzur Respublikasının yaradıldığı ilə bağlı bəyanat yayıb. Daha sonra Ankara şəhərində Göyçə-Zəngəzur Respublikasının nümayəndəliyinin açılışı olub.

Yenisabah.az-a danışan Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, bu məsələ ciddi mövzudur və ictimai təşkilatlar belə məsələlərdə daha həssas olmalıdırlar:

“Bu bəyanatı ictimai təşkilat irəli sürüb, amma bilmirəm həmin təşkilat qeydiyyatda var, ya yox. Qərbi Azərbaycanla bağlı irili-xırdalı çoxlu ictimai təşkilat var, fikrimcə, onlar hamısı Qərbi Azərbaycan İctimai təşkilatına daxil olmalı, birgə fəaliyyət göstərib vahid koordinasiya olunmalıdır. Sabah digər bir qurum başqa bir respublika elan etsə, nə olacaq?! Belə etməklə ciddi bir məsələni ucuzlaşdıra bilərik.  pizza hut

Ümumiyyətlə, belə mövzulara mən ehtiyatla yanaşıram. Amma hər halda, bu vətəndaş təşəbbüsü, ictimai maraq doğuran bir hadisə kimi qiymətləndirilə bilər. Ehtiyac olarsa, dövlətin müəyyən qurumları məsləhətləşməlidir”.

Deputatın sözlərinə görə, ictimai təşkilatlar bu məsələdə bir araya gəlib vahid hərəkət etməlidir:

“Bu yaxınlarda Əziz Ələkbərlinin rəhbərlik etdiyi Qərbi Azərbaycan İcması (QAİ) yaradıldı. Məncə, ictimai gücümüzü ora birləşdirməli və bütün tədbirləri onun vasitəsilə həyata keçirməliyik. QAİ ən azı bir koordinasiya mərkəzi rolunu oynaya bilər. 

Qanunvericiliyə görə, biz heç kimə ictimai təşkilat yaratmağı, hər hansı fikir irəli sürməyi qadağan edə bilmərik, amma bu çox ciddi, tarixi mövzudur.

Dünən xəbəri mən də oxudum, onlar hətta hökuməti, parlamentin tərkibini elan ediblər, bunları lağlağı mövzusuna çevirmək olmaz, mütləq məsələyə hüquqi kontekstdə baxmaq, beynəlxalq hüquq normalarını nəzərə almaq lazımdır.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri Rizvan Talıbovun qrupunun nə qədər üzvü var, bununla bağlı məlumatlarımız yoxdur. Amma Əziz Ələkbərlinin rəhbərlik etdiyi qurum ciddi qurumdur, bu yaxınlarda da öz toplantısını keçirdilər, mən də ora müəyyən təkliflərimi verdim. Yəni gücümüzü bir yerə qoymaq lazımdır.

İstənilən halda, əgər gələcəkdə Azərbaycan ərazisində ermənilər yaşayacaqlarsa, Ermənistan ərazisində də azərbaycanlıların yaşayışı təmin olunmalıdır, bu, birmənalıdır. Bunun necə olacağını gələcək göstərəcək, mən bu iddianın tərəfdarıyam, amma indidən durub Göyçə-Zəngəzur Respublikası elan edirik, “tərkibi budur” deməyi doğru hesab etmirəm. Ermənilərin də bu cür respublikaları, müəyyən assosiasiyaları var, amma bunlar ciddi qəbul edilmir.

Mən hesab edirəm ki, ciddi addımlar atmalıyıq. Bu respublikanın yaradılmasını da vətəndaş təşəbbüsü kimi qiymətləndirirəm, amma bunun nə qədər faydası olacaq bunu zaman göstərəcək. Emosiyalarla oynamaq olmaz, daha ciddi, ağıllı, hüquqi bazaya söykənən addımlar atmalıyıq”.  

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!