Azərbaycan Səfəvi dövlətinin mənşəyi Azərbaycan və dünya tarixşünaslığında müzakirə obyektinə çevrilən məsələlərdən biridir.
Dünyada mövcud olan yüzlərlə xalq içində barmaqla sayılası xalqlar var ki, imperiya yaradıblar. Bunlardan biri də Azərbaycan türkləridir. XVI əsrdə dahi Azərbaycan hökmdarı Şah İsmayıl Səfəvi Səfəvi imperiyasını yaratmaqla Azərbaycan xalqını imperiya yaradan xalqlar sırasına daxil etdi. Səfəvi imperiyası Azərbaycan dövlətçilik tarixinin şah əsəridir.
Təəssüflər olsun ki, Səfəvilər dövrünün tədqiqatçısı olan və olmayan bəzi alimlər, xüsusilə də qeyri-tarixçilər azərbaycanlıların yaratdığı bu imperiyanın üzərinə kölgə salmaqda, bu imperiyanın etnik və dini mahiyyətini təhrif etməkdə davam edirlər. Azərbaycan Səfəvi türk xanədanlığının dolayısı yolla iranlılara məxsus olduğunu iddia edirlər. Sezar pizza
Bu istiqamətli şəxslər Səfəvi imperiyasının mahiyyətini, dövlətin qurulmasında Azərbaycan türklərinin və Qızılbaş əyanlarının rolunu, Azərbaycan əhalisinin minillərə söykənən davamlı dövlətçilik ənənələrini qulaq ardına vuraraq, dövləti yaradan Azərbaycan əhalisinin xidmətlərini arxa plana keçirir, Şah İsmayıl Səfəvinin etnik mənsubiyyətini və dini siyasətini primitiv üsul, fakt və metodlarla izah etməyə çalışırlar.
İstər dünya tarixçiliyində, istərsə də Azərbaycan tarixşünaslığında Azərbaycan Səfəvi imperiyasının etnik mənsubiyyəti, dini siyasəti, dövlətçilik sistemi haqqında ilkin mənbələrə əsaslanaraq yazılan yüzlərlə əsərlər var.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan arix elmləri namizədi, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Boran Əziz bildirib ki, Səfəvilər dövləti Azərbaycan tarixinin çox əhəmiyyətli bir dövrüdür:
“Səfəvilər dövləti Azərbaycan tarixinin çox əhəmiyyətli bir dövrüdür. Biz qürur duyuruq ki, bizim ulu babalarımız belə bir imperatorluq qura bilib. Bu dövlət Avropa və Şərq ölkələri arasında siyasətə ciddi təsir göstərib. Səfəvi imperiyasının tarixşünaslığının obyektiv, əhatəli öyrənilməsi və müqayisəli təhlil-tənqidi çox vacibdir.
Bunu öyrənərkən, Səfəvi dövlətini quran 12 tayfa, onların kimliyi, onların içərisində olan 9 əsas tayfa, bu tayfaların ümumitürk arealındakı yeri ciddi araşdırılmalıdır. Bu gün Azərbaycan tarixşünaslığında Səfəvilərlə bağlı kifayət qədər çox araşdırmalar aparılıb. Səfəvilər dövrünün sosial-iqtisadi vəziyyəti, bu dövlətin ayrı-ayrı illərdə həyata keçirdiyi siyasət Azərbaycanda tədqiq olunub. Türkiyədə də son illər bu sahədə xeyli araşdırma aparılıb”.
Boran Əziz qeyd edib ki, Səfəvi dövlətinin yarandığı ərazi, onu yaradan tayfaların etnik kimliyi obyektiv şəkildə işıqlandırılmağa başlanılıb:

“Yaxşı haldır ki, Türkiyədə artıq əvvəlki illərdən fərqli olaraq, Səfəvi dövlətini İran dövləti adlandırmaqdan imtina edilir. Səfəvi dövlətinin yarandığı ərazi, onu yaradan tayfaların etnik kimliyi obyektiv şəkildə işıqlandırılmağa başlanılıb.
Bu cəhətdən, bizim Səfəvişünas alimlərin içərisində Türkiyədə Namiq Musalı və digər araşdırmaçıların xidməti qeyd olunmalıdır. Bizdə də bu baxımdan, Zabil Bayramovun kifayət qədər elmi əsərləri, kitabları çap olunub ki, Səfəvi tarixinin bir çox səhifələrinə işıq salıb.
Son dövlərlərdə bizim gənc tarixçimiz Əsgər Əhmədin Səfəvi dövləti dövründə inanclarla bağlı yazdığı əsər ayrıca qeyd olunmalıdır. Əslində, Səfəvi tarixini obyektiv öyrənmək istəyən adamlar üçün kifayət qədər material var. Bu materialların xarici dillərdə yayılmasına daha çox çalışmaq lazımdır. Ona görə ki, Səfəvi dövlətini İran dövləti kimi təqdim etməsinlər. Əlbəttə, bu baxımdan bizim görəcəyimiz işlər çoxdur”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız