“Onsuz da, bir neçə səfirlikdə bizim hərbçilərimiz var”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri, keçmiş səfir Tofiq Zülfüqarov deyib.
Diplomat Parisdəki Azərbaycan səfirliyinə təşkil olunmuş erməni təxribatından sonra sosial şəbəkələrədə səfirliklərin mühafizəsinin zəif olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. T. Zülfüqarov deyib ki, burada müxtəlif yanaşmalar olmalıdır və müxtəlif ölkələrdə müxtəlif addımlar atılmalıdır: pizza hut
“Çünki bu mövzuda mütəxəssislər var və Azərbaycan Xarici İşlər Nazirliyində çalışan və oraya cəlb olunan mütəxəssislərin məsləhətləri əsasında bu məsələlər həll olunur.
İkincisi, biz başa düşməliyik ki, Azərbaycan bu məsələdə kiminsə təcrübəsini təkrar edə bilməz. Bilirik ki, fövqəldövlətlər müxtəlif üsullardan istifadə edərək öz səfirliklərin qoruyur. Bizdə buna o səviyyədə imkanlar ola bilməz. Bu da başadüşüləndir”.
Eks-səfir deyib ki, bu məsələ artıq bir neçə ölkələrdə Azərbaycan tərəfindən tətbiq olunur:
“Orada nazirliyin nümayəndələri mövcuddur və orada təmsil olunurlar. Ona görə də bu baxımdan, təbii ki, mən ətraflı bunun barəsində danışmaq niyyətində deyiləm ki, Azərbaycan səfirlikləri necə qorunur. Amma biz başa düşməliyik ki, səfirlik hərbi obyekt deyil və orada çalışan insanlar əsgərlər və yaxud polislər deyillər ki, bu və ya digər şəkildə özünəməxsus olmayan hansısa işləri görsünlər”.
Müsahibimiz deyib ki, burada əsas məsələ ondan ibarətdir ki, bizim səfirliklərimizi qəbul edən ölkələr bu təhlükəsizliyi təmin etməlidir:
“Çünki bu, onların vəzifəsidir, yəni Vyana Konvensiyasından irəli gələn bir vəzifədir. Əgər onlar bu vəzifəni yerinə yetirmirsə, məsuliyyət lazımi səviyyədə onların üzərində düşür. Məhz ona görə, Fransanın cavab notasında göstərilir ki, onlar bu hadisəyə görə təəssüf edib bir növ üzr istəyirlər. Əminəm ki, bu hadisənin nəticəsində lazımi səviyyədə Azərbaycan səfirliyi Parisdə qorunacaq.
O ki qaldı digər ölkələrə, başa düşməliyik ki, hər bir ölkənin öz siyasi mühiti mövcuddur və buna uyğun olaraq tədbirlər görülməlidir”.
Təcrübəli diplomat sözlərinə görə, daim bu istiqamətdə hansısa addımlar atılır və hər şey şəraitdən asılıdır:
“Bu, əslində, böyük bir problemdir. Baxın-görün digər səfirliklər hansı tədbirlər görür və hətta bu tədbirlərin görülməsin baxmayaraq, müxtəlif yerlərdə müxtəlif problem yaşanır.
Ona görə də Xarici İşlər Nazirliyində bu məsələyə aid lazımi tədbirlər görüləcək”.
“O ki qaldı ABŞ səfirliklərinin yüksək qorunması məsələsinə, gəlin, Azərbaycanla ABŞ-ın ÜDM-nə baxaq. Əhalinin sayında da fərqlər var. Bizim Parisdən başqa yerlərdə də səfirliklərimiz var və orada oturan insanlar şəraitə uyğun olan addımları atacaqlar. Burada biz otura-otura, yaxud kimsə özünü mütəxəssis sayaraq deyəcək ki, gəlin, oraya xüsusi təyinatlıları göndərək və s. Bu, bir az gülməli səslənir və reallıqdan uzaq olan fikirlərdir. Onsuz da bizim hərbçilərimiz bir neçə səfirliklərdə fəaliyyət göstərir”, – deyə o, vurğulayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız