Səhər yeməyi

Səhər yeməyi

Yazar Veb saytların hazırlanması

25 Avqust 2023 12:47 1996


Hara baxsanız qarşınıza "səhər yeməyi" reklamları çıxır. Sanki bu günə qədər bizim millətə xas olan yağ-pendir-şirinçay üçlüyü olmayıb. Müxtəlif setlər , müxtəlif təamlar və müxtəlif qiymətlər var. English breakfast (ingiliz səhər yeməyi), French croissant (fransız bulkası) və s. 

Görəsən İngiltərənin yeməkxanalarındakı menyularda yarpaq dolması, küftə-bozbaş kimi yemək adları yazılır??

Adamın lap iştahı açılır.

Nədir bu setlər? Açıqlayım. Süfrəyə cürbəcür təamlar düzülür. Çəkilən xərc otuz manatdırsa sizdən bu məbləğin iki, üç qat artığını alırlar. Bu tip səhər yeməkləri əsasən Türkiyədə çox olur. Adına da sərpmə kahvaltı deyirlər. Tamamilə israf. Görünür bizə də qardaş Turklərdən keçib. Lakin fərq ondadır ki, onların süfrəyə qoyduqları təamların hər biri keyfiyyətli və ləzzətli olur.

Bizimkilərdən soruşan yoxdur ki, eşşək ətindən "halal" sosiska və ya mənşəyi məlum olmayan kolbasadan English breakfast olar?! Ya qoxusu on metrdən ürək bulandıran ucuz , duru yağlarda, qıldan-tükdən əldə olunan axırıncı sort undan hazırlanmış kruvasanlar lazımdı kiməsə?! Əksər ölkərlərdə xərçəng xəstəliyinə səbəb olduğu bilinən palma yağının satışı və istifadəsi qadağan olunduğu halda, bizdə elə bir məhsul yoxdur ki, tərkibində palma yağı olmasın. Yenə həmən tərkibli şokolad yağları süfrəyə düzülür. 

Otuz qəpiklik yumurta süfrədə əməlli başlı hörmətə minərək yeddi-səkkiz manat olur. Onun bunun çay süfrəsindən geriyə qalan mürəbbələr balaca qablara qoyularaq yenidən servis edilir. Dörd nəfər qonağa bazarda satılan ən ucuz pendirdən kəsilmiş iki dilim və bir barmaq yağ qoyulur. Heç balsız-qaymaqsız səhər yeməyi olar?! Hansı dağdan-bağdan yığıldığı məlum olmayan ,tərkibi şəkər tozu və ya sorbitdən ibarət olan bal və bütün marketlərdə ,kiçik paketlərdə satılan müxtəlif ölkələrin dərmanlı qaymaqları süfrədə öz yerini alır. Nəhayət süfrəyə çay gəlir. Çaya baxanda hansısa böyrək xəstəsinin laboratoriyada verdiyi analiz şüşələri yadına düşşə də yanındakilərə ayıb olmasın deyə göz yummalı olursan. Sonda da elə hesab gəlir ki, ən azı bir ay səhər yeməyindən imtina edirsən. Qeyd: Heç bir yeməkxanada qalan yeməklər atılmır. Nəzərə alın. Nuş olsun!

Aygün QOCA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!