YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Şəhid övladları məmur balalarının dəbdəbəli həyatına baxa-baxa qalıb...”

“Şəhid övladları məmur balalarının dəbdəbəli həyatına baxa-baxa qalıb...”

Sosial

01 Oktyabr 2022 12:21 1925


Birinci Qarabağ Müharibəsi şəhidi Əhməd Məmmədovun oğlu, “Unikal” qəzetinin baş redaktoru Zaur Əhmədin “Yeni Sabah”a müsahibəsi:

- Zaur müəllim, dövlətin və cəmiyyətin şəhid ailələrinə, müharibə əlillərinə və Qarabağ veteranlarına münasibəti sizi qane edir? 

- Öncə onu qeyd etmək istəyirəm ki, şəhid ailələrinin, qazilərin ehtiyaclı ailə kimi təqdim olunmasının əleyhinəyəm. Dövlət elə şərait yaratmalıdır ki, şəhid ailəsi, qazi ehtiyaclı kateqoriyaya daxil olmasın. Hər zaman şəhid ailələri, Qarabağ əlillərinin problemlərini yaxından izləyən, əlimdən gəldiyi qədər onların problemlərinin həllinə çalışan biri kimi deyə bilərm ki, bu kateqoriyadan olan insanlarımız maddi dəstəkdən çox mənəvi dəstəyə ehtiyac duyuyrlar. Təbii ki, qanunvericilkdə bu ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün kifayət qədər məqamlar yer alıb. Onların mənzillə təmin olunması, aylıq müavinət, təqaüdün verilməsi və digər məsələlər nəzərdə tutulur. Düşünürəm ki, dövlət mümkün qədər şəhid ailələrinin və qazilərin ilkin ehtiyaclarının qarşılanması üçün addımlar atır. 90-cı illərdən fərqli olaraq, hazırda dövlətin şəhid ailəsinə ayırdığı pensiya və taqüdlə dolanışıq problemi aradan qalxıb. Hazırda şəhid övladları təhsil haqqından azaddır. Təəssüflə qeyd edim ki, 90-cı illərdə belə bir vəziyyət yox idi. O zaman şəhid ailələri olduqca ağır şəraitdə yaşayırdılar. Dövlətimiz gücləndikcə, iqtisadi imkianlar artdıqca şəhid ailələri, qazilərə də diqqəıt və qayğı artmaqdadır. Bütün bunlar yetərlidirmi, təbii ki, yox. Bu ailələr hər zaman dövlətin də, cəmiyyətin də diqqət mərkəzində olmalıdır.   

- Sizcə, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və Qarabağ veteranlarının əsas problemləri hansılardır? Təcili həllini gözləyən problem varmı?

- Problemlər müxtəlif ola bilər. Əslində, say etibarı ilə çox olmadıqları üçün onların problemlərini fərdi qaydada araşdırıb həll etymək mümkündür. Ən vacib məslələrdən biri həyat yoldaşı şəhid olan xanımların işlə təminatıdır. Çünki onlar ən şərəfli bir missiyanı yerinə yetirilər. Onlar şəhidin əmanətini böyüdürlər. Onlar elə bir şəraitdə böyüməlidirlər ki, atalarının yoxluğunu hiss etməsinlər. Doğrudur, atanı heç nə əvəz edə bilməz, amma şəhid övladı sıxıntı hiss etməməlidir. Şəhid övladlarının işlə təmin olunması da vacib məsələlərdəndir. Kadr siyasəti də dəyişməlidir. Hansısa nazirin, komitə sədrinin deyil, şəhidin, qazinin övladı irəli çəkilməlidir. Hansı qurumu tərpədirsən, hara yeni təyinat olursa, hansısa məmurun oğlu, qızı, qohumu çıxır. Bu ölkə, bu dövlət üçün canını verənlərin övladları məmur balalarının dəbdəbəli həyatına baxa-baxa qalıb. Bu ədalətdirmi? Bu gün Qarabağ qaziləri, müharibə veteranları var, gənc yaçlarında sağlamlıqlarını itiriblər, dərin sarsıntı keçiriblər. 44 günlük Vətən müharibəsindən sonra qazilər, müharuibə iştirakçılarına qarşı münasibət qəbuledilməzdir. Əslində, dövlətin bu insanlara qanunla nəzərdə tutduğu imtiyazları verməsi kifayət edirdi. Amma müharibə vaxtı orda-burda gizlənənlər və onların yaxın ətrafı vəzifə borclarını yerinə yetirmirlər. Bu artıq insai məsələdir. Hansısa nazirliyin tapşırıqla orada oturan məmuru müharibədə can qoyan insanın nə çəkdəiyini anlaya bilməz. Ona görə də hər zaman qeyd elədiyim ki, bu sahədə müharibənin acılarını dadmış, o ailələrin dərdini anlayan adamlar çalışmalıdır. "Papanın gül balaları" nə bilir ki, şəhid övladı, yaxud qazi nə çəkir? Odur ki, bu barədə düşünmək lazımdır.

- Sözügedən kateqoriyanın sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif təkliflər səsləndirilir. Bu sıraya həmin ailələrin kommunal xərclərdən azad olunması da daxildir. Sizin hansısa təklifiniz varmı?

- Kommunal xərclərdən azad olma məsələsi vacib məqamlardandır. Azərbayacana neft milyardları gəlməyə başlamazdan əvvəl şəhid ailələri bu ödənişlərdən azad idilər. Amma son illər belə bir güzəşt yoxdur. Kommunal xidmət haqqından azad olma ləğv ediləndən sonra şəhid ailəsinin bir üzvünə, yəni, şəhidin xanımına ayda kommunal xidmət haqqı üçün 11 manat verilirdi. Halbuki bir ailənin kommunal xərcləri bu rəqəmdən azı 10 dəfə çox olurdu. Bir neçə il öncə o vəsaitin verilməsi də dayandırıldı, əvəzində şəhid ailəsi təqadü artırıldı. Səhv etmirəmsə, iki il əvvəl bu rəqəm 500 manat edilib. O vaxtdan bəri ölkədə ən azı 50-60, bəzi məhsullarda 100 faiz inflyasiya olub. Ona görə də şəhid ailələri və qazilərin təqaüdləri an azı iki dəfə artırılmalıdır. Şəhid ailəsi ən azı nazir, deputat, məhkəmə hakimi, ombudsman qədər təqaüd almaldır. Bu, o ailələrin haqqıdır. Şəhid ailəsi təqaüdü deputatın aylıq məvacibindən 10 dəfə azdır. Bu çox həssas məsələdir və həssas yanaşma tələb edir.  

- Türkiyədə şəhid ailəsinin iki üzvü dövlət qurumunda müvafiq işlə təmin olunur. Azərbaycanın da analoji təcrübədən yararlanması təklif edilir. Amma bunun sağlam rəqabət mühitini zədələyəcəyini düşünənlər də var. Siz bu barədə düşünürsünüz?

- Kimsə bunun rəqabət mühitini zədələyəcəyini düçünürsə, yanılır. Vicdanı olan kimsə atası şəhid olan birinə edilən güzəştin ədalətsiz olduğunu düşünməz. Ölkədə bu qədər ədalətsizlik var. Məmurun oğlu məmur, generalın oğlu general olanda səsləri çıxmır, bir şəhid övladına xırda bir iş veriləndə güzəşt olacaqsa, nəyə görə rəqabət pozulmalıdır. Türkiyə təcrübəsindən yararlanmaq lazımdır. Şəhid ailələrinə, qazilərə öncəlik vermək lazımdır. Təbii ki, son illər müxtəlif dövlət qurumlarında şəhid ailəsinin üzvlərinə, qazilərə xüsusi güzəşt edilərərk işə qəbul edilib. Amma bunu daha geniş şəkildə həyata keçirmək yaxşı olar. 

Bu günlərdə əməkdar jurnalist Rəhman Orxan şəhid ailələri ilə bağlı çox yaxşı bir təklif irəli sürmüşdü. Rəhman müəllim şəhid analarının, şəhid xanımlarının vaxtından əvvəl pensiyaya çıxması üçün güzəşt edilməsini təklif edirdi. Əslində, bu elə də çətin məsələ deyil. Azərbaycanda qadınlar 65 yaşında pensiyaya çıxırlar. Şəhid anasının, şəhid xanımın 55 yaşında pensiyaya çıxması üçün bir sərəncam kifayət edir. Bu, dövlət üçün də elə böyük yük deyil. Zatən bu güzəştin şamil olunacağlı şəhid ailələri elə də çox deyil.   

- Bu yaxınlarda bir dönərxana şəhid ailələrinə pulsuz xidmət göstərdiyini bəyan etmişdi. Bu məsələ sosial şəbəkələrdə tənqid olundu. Sizcə, bu cür jestlərə ehtiyac var?

- Mən hər zaman bunun əleyhinə olmuşam. Dövlətdən başqa kiminsə şəhid ailəsinə yardım etməsini qəbul eləmirəm. Bayaq qeyd etdiyim ki, dövlət elə bir şərait yaratmalıdır ki, şəhid ailəsinin belə bir ehtiyacı qalmasın. Hansısa dönərxana, taksidə şəhid ailələrinə pulsuz xidmət göstərilir sözlərinin yazılması şəhid ailələrini aşağılayır. Ucaltmır. Şəhid ailələrinə hörmət, ehtiram göstərmək hər şeydən üstündür. Lazım olan nədirsə, dövlət etsin. Dövlətin etdiyində minnət olmur, fərdin etdiyindən minnət ola bilər. 

Mən şəhid övladıyam. Mənim üçün atamın şərəfli adından üstün heç nə yoxdur. Bu günə kimi şəhid övladı kimi kimdənsə nəsə ummamışam. Kimsə hörmət, ehtiram göstəribsə, bəlkə də hansısa sərt reaksiyamı həzm edibsə, sağ olsun. Hesab edirəm ki, şəhid əmanətlərinə ən böyük jest onlara göstərilən ehtiram və sayğıdır. 

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!