Deyirlər, qulaq gündə bir söz eşitməsə, kar olar. Azərbaycanda qulaq gündə bir yox, yüz bir söz eşidir.
Bizim ölkəmiz hər cür bostan məhsulu ilə zəngindir. Deyəsən, ABŞ-da da belədir. Ötən gün Tramp Baydenə xiyar demişdi, amma mən bu mərifətin sahibi deyiləm. Bostan məhsulu deyəndə xiyarı, badımcanı deyil, acı bibəri nəzərdə tuturam. 9 iqlim tipi ilə öyündüyümüz günəşli ölkəmizdə bibər kimi acı adamlar var. Dedikləri söz adamın yeddi qatından keçir.
Siz Allah, özünüz qiymət verin. Belə söz deyərlər? Dördpendirli pizza
Söhbət hazırda Rusiyada yaşayan ekstrassens, kliniki-psixoloq Zirəddin Rzayevdən gedir. O, Musavat.com saytının əməkdaşının “1 sentyabrda baş tutacaq parlament seçkisi ilə bağlı proqnozunuz necədir?” sualına belə cavab verib:
“Sualı səsləndirdiyiniz anda gördüyüm bir şey var - parlament seçkisindən sonra 2-3 il müddətində hansısa deputat ya dünyasını dəyişəcək, ya da xəstəxanaya düşəcək. Ümumilikdə isə Azərbaycanda qlobal siyasi dəyişiklik görmürəm. Deyirlər ki, seçkilərdən sonra kadr dəyişikliyi olacaq. Amma ciddi bir yenilik görmürəm”.
Bəlli olduğu kimi, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölüm-itim olmasa, Zirəddinin və həmkarlarının bədbin proqnozları doğrulmasa, həmin gün 125 yeni deputat seçiləcək. Deputatlar 5 illik seçilir. Hazırda namizədlərin arasında 84, 79, 78, 77 yaşlı adamlar var. Bizim kimi onların da Əzrayılla müqaviləsi yoxdur. Canın biri onlarda, biri də bizdədir. Allah rəhm eləsə, bu adamların birinin də burnu qanamayacaq. Qismətlərində ölüm varsa, ekstrassens həmyerlimiz istəsə də, istəməsə də bu şən, mehriban həyatla vidalaşacaqlar. Əmin olun ki, burada Zirəddin Rzayevin zərrə qədər də rolu yoxdur.
Adamdan soruşarlar: Sən Əzrayılın köməkçisisən? Əzrayıl kiminsə canını alanda səninlə məsləhətləşir? Kimin ölüb kimin dünyanı tutub qalacağını haradan bilirsən?!
Allah eləsin, növbəti 5 ildə deputatlarımızın bircəciyinin də burnu qanamasın, hamısı buz baltası kimi sağlam olsun. Amma heç kim xəstəlikdən sığortalanmayıb. Yayda olmasa da, qışda qripə yoluxmaq, asqırmaq, öskürmək ehtimalı yüksəkdir. Ola bilməz ki, 125 nəfərin heç olmasa, birinin qarnı ağrımasın. Bunu bilmək üçün Zirəddin Rzayev kimi ekstrassens, kliniki-psixoloq, ezoterik olmağa ehtiyac yoxdur.
Nənəm sağ olsaydı, o da deyə bilərdi ki, qarşıdakı 5 ildə 125 deputatdan ən azı biri qrip olacaq, burnu axacaq, qarmı ağrıyacaq. Görünür, üzündə su olduğu üçün tez öldü, bu günləri görmədi.
Seymur Verdizadə
Telegram kanalımız