“Qarabağ erməniləri hazırda vaxt udmağa çalışırlar. Çünki biz görürük ki, separatçılar birbaşa Rusiyanın müşayiəti və dəstəyi ilə təmas xəttində qurduqları postlara silah-sursat və hərbi texnika daşıyırlar. Deməli, onların görüş tələb etməsi vaxt udmaqdır ki, oraya silah-sursat daşısınlar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O, Qarabağdakı separatçı xuntanın rəsmi Bakıya görüş təklif etməsi məsələsinə toxunub.
Xatırladaq ki, ötən gün bir sıra erməni nəşrləri separatçıların Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək üçün Bakı ilə görüş təşkil etmək xahişi ilə Rusiya Federasiyasına müraciət etdiyini bildirib. pizza
Məlumatlara görə, görüş Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi yerdə və ya üçüncü tərəfin iştirakı ilə hər hansı digər təhlükəsiz yerdə təşkil edilə bilər.
S. Hümbətovun fikrincə isə Azərbaycan rəsmiləri ilə keçirilməsi gözlənilən Yevlax və Bərdə görüşləri ona görə imtina edildi ki, rus sülhməramlıları həmin görüşə gələsi deyildi:
“Çünki orada Azərbaycanın nümayəndə heyəti ilə erməni icmasının üzvləri olmalı idi. Belə olan halda isə onlar düşünürlər ki, Xocalıda, yaxud digər yerdə bu görüşü təşkil etsələr, rus sülhməramlıları da orada iştirak edə bilər. Bunlar belə fikirləşirlər. Rusların iştirakı isə onlara görə arxa-dayaqdır. Onlar bu təfəkkürlə məlum təklifi ediblər”.
“O ki qaldı ermənilərin Ağdam-Xankəndi yolunun açılmasına əvvəl razı olub, sonra imtina etməsinə, Rusiya sülhməramlıları fikirləşir ki, bu yol açılsa, bölgədə Azərbaycanın təsiri yavaş-yavaş artacaq. Bu da Kremlin maraqlarına xidmət etmir. Moskva bunları öz əli ilə etmir deyə, başlayıb separatçıların əli ilə vəziyyəti gərginləşdirməyə”, – o, əlavə edib.
Analitikə görə, ola bilsin ki, növbəti görüş Xocalıda, yaxud Şuşada keçirilə bilər:
“Amma onlar hələlik nə Bərdə, nə də Yevlaxa gəlmək niyyətində deyillər. Onlar rusların da orada olmasını istəyirlər, çünki ruslar deyir ki, biz olmadan iştirak etməyin, guya Azərbaycan onlara təzyiq edə bilər və s. Lakin hər vəziyyətdə bunlar Azərbaycanın maraqlarına xidmət etmirsə, bu görüşün baş tutması mümkün olmayacaq”.
Siyasi təhlilçi düşünür ki, burada ruslar yox, tərəflərin hər ikisi olmalıdır:
“Çünki biz əvvəlki Xocalı görüşündə də gördük ki, ruslar orada tam bir şou yaratmışdılar. Belə şeylər olmamalıdır. Hərbçinin işi ezam olunduğu ərazidə təhlükəsizliyi qorumaqdır. Onun başqa işi ola bilməz. Hərbçinin siyasətdən başı çıxmaz. Hərbçi siyasətə girsə, işin zayı çıxa bilər”.
Mütəxəssis hesab edir ki, keçiriləcək görüşə Azərbaycan tərəfi də razılıq verməlidir:
“Onsuz da proses ona doğru gedir və bu dəfə onlar yalvaracaqlar. Separatçıların Laçın dəhlizindəki nəfəsliyi bağlandıqca, üzlərini Azərbaycan tərəfinə tutacaqlar. Onlar bilir ki, Rusiya Azərbaycana təsir edə bilmir. Əgər təsir etsəydi, çoxdan yolu açdırardı. Ruslar 5 aydır yolu açdıra bilmirsə, o post yığışdırılmayıbsa, deməli, Azərbaycanın burada özünün mövqeyi var. Onlar bunu başa düşdülər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız