Bir neçə gündür ki, mənim ünvanıma dırnaqarası “vətənpərvərlər” tərəfindən sosial şəbəkələrdə bir çoxlarının səviyyəsiz danışmaqlarına, ədəbsiz sözlərinə, düşünülməmiş çıxışlarına qarşı münasibətimi bildirməyə sərt sözlər oxudum.
Sizlərə cavab olaraq: Əsl vətənini, xalqını sevən ziyalı həmişə o xalqın içində olan kütlənin nöqsanlarını göstərməyə çalışır və bununla həmin nöqsanları və neqativ halları aradan götürməyə cəhd göstərir.
Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Rusiyada Qoqol və s. böyük yazıçılar həmişə çalışıb ki, xalqın arasında olan mənfi cəhətləri tənqid etməklə aradan götürsünlər. Çox çətin bir işdir. Çünki onlara mane olan bir çox «ağzıgöyçəklər», «vətənpərvərlər» gözəl ürəklərə yatan sözlərinə görə böyük həvəslə dəstəkləyir.
Nümunə: bu yaxında Feysbukda da oxudum. Birisi yazır: «Ailə başçısının necə namusu qeyrəti qəbul edir ki, o ailəsini çimərliyə aparır, orada axı onun arvadına özgə kişilər baxar». O birisi də cavab yazır(züy tutan): “Qabaqlar bizim məhəllədən heç bir özgə kişi keçə bilməzdi!”
Bu nədir belə?! Nə cahillikdir bu?! Bəlkə 100 il əvvələ qayıdırıq?!
İllərlə izləyirəm belə səviyyəsiz yazılarla doludur sosial şəbəkələr, facebook. Nəzərdə tutduğum müsahibəmdə elə «Vətənpərvərlər-patriot» aralarında M.Ə.Sabir yaşasaydı onu yəqin ki «niyə xalqı aşağılayırsan» deyə qınayardılar.
Sarı mətbuat mənim o müsahibəmi hər bayram təkrar çıxarır. Çünki kütləni qıcıqlandırmaq lazımdır ki, saytların reytinqi artsın. Cahil insanlar da oxuyub cahilliklərini göstərir. Səviyyəli, savadlı, alicənab insan sizcə sosial şəbəkələrdə söyüş söyməlidir? Sizcə sosial şəbəkələr onun üçün yaranıb? Cahillik həmişə xalqı geri çəkib.
Nəsimi, Nizami, Füzuli, Üzeyir bəy, Qara Qarayev, Tahir Salahov, Rəşid Behbudov, Müslüm Maqomayev və yüzlərcə belə dahi sənətkarları olan xalqı heç kəs aşağılaya bilməz, amma kütlədə olan cahil adamlara tərbiyə vermək hər ziyalının borcudur.
Və mən fəxr edirəm ki məni cəmiyyətdə hər zaman cahilliyə qarşı çıxan yazıçını böyük Heydər Əliyev 25 il əvvəl «Əməkdar incəsənət xadimi» fəxri adına layiq görüb və bizim hörmətli prezidentimiz İlham Əliyev ona «Xalq yazıçısı» fəxri adı verib.
Natiq Rəsulzadə
Azərbaycanın Xalq yazıçısı
Telegram kanalımız