“Biz Kərbəla hadisəsi ilə bağlı iki ailə dedikdə burada İmam Hüseynin mənsub olduğu ailə ilə Yezidin mənsub olduğu ailəni tərəf müqabili götürə bilmərik”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. ADP sədri İmam Hüseyn müsibəti ətrafında cərəyan edən fikir ayrılıqları ilə yanaşı məsələnin mahiyyətinə toxunub:
“Qurani-Kərimdə Allah-Təala buyurur ki, “ya Peyğambər, sən denən ki, Quranı sizə təbliğ etməyimin müqabilində sizdən qohumlarıma məhəbbət istəyirəm”. Yəni faktiki olaraq Quranda Məhəmməd Peyğəmbərin ailəsinə daxil olan insanlar başqa insanlardan üstün bir mövqeyə malik olub və İmam Hüseyni I Yezid ilə bərabərləşdirə bilmərik. pizza mizza
İkinci bir tərəfdən isə burada hansı hakimiyyət uğrunda mübarizədən söhbət gedir? Biri var ədalətli hakimiyyətin, biri də ədalətsiz hakimiyyətin yaradılması uğrunda mübarizə aparasan. İmam Hüseyn ədalətli bir hakimiyyətin təmsilçisi kimi, ədalətli hakimiyyətin yaradılması uğrunda savaşıb.
I Yezid isə ədalətsiz bir hakim idi. I Yezidin dövründə şərab içmək, əyyaşlıqla məşğul olmaq adi bir hal almışdı. Yəni xilafət artıq dindən uzaqlaşırdı. Heç təsadüfi deyildi ki, sonrakı dövrlərdə də xəlifələr Peyğəmbərin nəslindən olan imamları yalnız dini məsələlərdə öz yanlarında Şeyxülislam statusunda saxlayırdılar. Siyasi hakimiyyət isə dünyəvi hakimiyyət şəklində aparılırdı. Halbuki söhbət xəlifələrdən gedirsə, onlar Peyğəmbərin xəlifələri olub və Peyğəmbər necə yaşamışdısa, necə din ilə dövlət işlərini birləşdirmişdisə və öz həyatında dini işlərə prioritet vermişdisə, xəlifələr də, əslinə qalsa, dini işlərə önəm verməliydi.
Amma müəyyən bir dövrdən sonra, yəni Əmir Əl-Mömünlər dediyimiz 4 mömin xəlifədən sonra gələn digər xəlifələr eyş-işrətlə məşğul olmağa başladı. Hətta iş elə yerə çatdı ki, axırda Sultan I Səlim axırıncı xəlifəni gətirib İstanbulda öldürtdü və xilafəti Osmanlıya köçürdü. Beləliklə də, 400 il türklər xilafətin başında durdular. Yəni faktiki olaraq İmam Hüseynin apardığı mübarizə xalis hakimiyyət uğrunda aparılan bir mübarizə deyildi. Hər şeydən əvvəl Peyğəmbərin əsasını qoyduğu ədalətli hakimiyyət uğrunda bir mübarizə idi”.
S. Cəlaloğlu əmindir ki, İmam Hüseyn Peyğəmbərin nəvəsi olduğuna görə, biz onu Yezidlə bir tərəziyə qoya bilmərik:
“Bu, İslamı bilməmək və Qurani-Kərimi anlamamaqdan meydana gələn şərtlərdən biridir.
Digər bir məsələ isə burada ədalətsiz bir müharibənin olmasıdır. Bir tərəfdə 72 nəfər adam, – hansı ki, onların çoxu uşaq, qadın xəstədir – o biri tərəfdə isə 10 mindən artıq əliqılınclı, dövrün müharibə qanunlarına bir o qədər də əməl etməyən bir qrup. Belə bir ədalətsiz müharibədə kimin yanında durmaq lazımdır? Təbii ki, ədalətli olanın.
İmam Hüseyn müsibətinin də əsas mahiyyəti ondan ibarətdir ki, Allah-Təala Qurani-Kərimdə buyurub ki, “haqq məndəndir, haqq mənəm”. Bu, o deməkdir ki, hər bir müsəlmanın birinci vəzifəsi haqqı müdafiə etmək olmalıdır.
Bəzən bilirsiniz, güclünün qarşısında susurlar. İmam Hüseyn də bu nümunəni qoyub ki, qeyri-bərabər döyüş olsa belə, o döyüşdə haqlı olan tərəf öz haqqını müdafiə etməlidir. Ona görə də Mahatma Qandi məhz İmam Hüseyn hadisəsini insanlıq məktəbi adlandırıb. Çünki onun teoriyasında da azlıqda qalmaq qorxusu altında haqdan imtina etməməyə çağırış var. İmam Hüseyn də bu nümunəni qoyub ortalığa. Təbii ki, bu, yalnız dini deyil, həm də tarixi bir hadisədir”.
Tarixi faktlara toxunan müxalifətçi İmam Hüseynin qətlə yetirilməsinin pərdərarxası məqamlarından söz açıb:
“Bildiyiniz kimi, kufəlilər İmam Hüseynə dəvət göndərirlər, bu zaman da Yezid İmam Hüseyndən qabaq Kufəyə çatır və kufəlilər İmam Hüseyni müdafiə etməkdən imtina edirlər. İmam Hüseyn özü ilə bir neçə min adamla gəlir və həmin adamlar görürlər ki, Kufədə bir qoşun dayanıb. Halbuki onlar da şiədirlər. Belə olan halda da kufəlilər İmam Hüseyni tək qoyub gedirlər. Yəni faktiki olaraq İmam Hüseyni Kufəyə çağıran da, onu meydanda tək qoyan da şiələr olub. Bu baxımdan, şiə olmaq hələ o demək deyil ki, sən İmam Hüseynin yolunda gedənsən. Ona görə də burada çox maraqlı bir məntiq var: minlərlə adamla Kufəyə gələn İmam Hüseyn nəyə görə 72 adamla tək qaldı? O da ancaq yaxın qohumları, övladları və s”.
S. Cəlaloğlu deyib ki, bir insanın şiə olması o demək deyil ki, o, İmam Hüseynin yolundadır:
“Mənim şiə təriqəti ilə bağlı əsas narazılığım ondan ibarətdir ki, müasir dövrdə şiələr İmam Hüseyn müsibətinin formal tərəfinə daha çox yanaşırlar. Yəni əsir alınması, başının kəsilməsi, övladının öldürülməsi və s. məsələlərdən doğan hissi yaşamaq istəyirlər, amma ondan nümunə götürmək istəmirlər. Ona görə də şiələrin də çoxluq təşkil etdiyi ölkələrdə seçkilər saxtalaşdırılır, hakimiyyətdə mənimsəmələr olur, haqsızlıqlar baş alıb gedir. Bu da o deməkdir ki, onlar faktiki olaraq heç İmam Hüseyn məktəbindən dərs almayıblar.
Məscidlərə yığışıb ağlamaqla, başını döyməklə, şaxsey-vaxsey deməklə, zəncir vurmaqla İmam Hüseynin yolunu getmək və haqqı müdafiə etmək eyni deyil”.
Telegram kanalımız