Xəbər verdiyimiz kimi, Elektron Təhlükəsizlik Xidməti "Telegram" platforması üzərindən yeni dələduzluq hallarının artması ilə bağlı məlumat yayıb.
Məsələnin məğzi ondan ibarətdir ki, platforma istifadəçilərinə "Hi, şəkilləriniz…" tipli mesajlar göndərilir və həmin mesajların davamında şübhəli keçidlər paylaşılır.
İstifadəçi həmin keçidə daxil olduqda, müvafiq ölkəni seçmək, telefon nömrəsini daxil etmək və gələn təsdiqləmə kodunu yazmaq tələb olunur. Bəs bu kimi hallardan necə qorunmaq olar? pizza sifarişi
“Ümumiyyətlə, vətəndaşlar bir sıra təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Məsələn, bu tip hücumlar sosial mühəndislik hücumu sayılır. Yəni sosial mühəndislik hər hansı bir texniki qurğudan istifadə etmədən insanları manipulyasiya edərək onlardan məxfi məlumatın ələ keçirilməsidir”, - deyə informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev “Yeni Sabah”a açıqlamasında bildirib.
Ekspert, həmçinin, bir sıra vacib tövsiyələr verib:
“Bura misal olaraq “Telegram” platformasını göstərmək olar. “Telegram”da və digər sosial media hesablarında insanlara naməlum linklər göndərilir. İstifadəçi həmin linkə daxil olaraq öz məxfi məlumatlarını yaza bilər. Məsələn, kart nömrəsi və ya digər şəxsi məlumatlar daxil edilə, yaxud mobil telefona və kompüterə zərərverici fayl yüklənə bilər. Bu isə həm məlumatların oğurlanmasına, həm də cihazlara ciddi zərər dəyməsinə səbəb ola bilər.
Bunların qarşısını almaq üçün hər kəs ayıq-sayıq olmalı, tanımadığı mənbədən gələn linklərə klik etməməlidir. Digər bir məsələ isə, etibarsız internet saytlarında qeydiyyatdan keçməməkdir. Çünki qeydiyyatdan keçdikdən sonra həmin mənbələrdən şəxsi elektron poçt ünvanına da təhlükəli linklər göndərilə bilər.
Əgər belə bir hadisə baş verərsə, ilk növbədə şifrəni dəyişmək lazımdır. Bütün sosial media hesablarında iki faktorlu autentifikasiyanı tətbiq etmək mütləqdir. Bu zaman şifrə ələ keçirilsə belə, hesabınıza daxil olmaq mümkün olmayacaq, çünki ikinci faktor – əlavə kod və ya SMS təsdiqi tələb olunacaq”.
Müsahibimiz vurğulayıb ki, şübhəli vəziyyət yarandıqda “Telegram” hesabında mövcud cihazları ayarlar bölməsindən çıxarmaq lazımdır:
“Həmçinin, telefonda antivirus proqramı varsa, cihazın zərərvericilərdən təmizlənməsi üçün yoxlama aparılmalıdır.
Şifrələrin mütəmadi dəyişdirilməsi vacibdir. Əgər bank məlumatları paylaşılmışsa, dərhal bankın çağrı mərkəzinə zəng edərək kartı bloklatmaq və ya mobil tətbiq vasitəsilə onlayn bloklamaq lazımdır.
Ümumiyyətlə, dələduzluq hallarının qarşısını almaq üçün naməlum linklərə və mesajlara heç vaxt şəxsi məlumat daxil edilməməli, onlara klik olunmamalıdır. Yalnız rəsmi kanallardan gələn linklər yoxlanıldıqdan sonra istifadə olunmalıdır. Mümkün qədər bütün sosial media platformalarında şifrələri mütəmadi dəyişmək və iki faktorlu autentifikasiyanı tətbiq etmək vacibdir”.
Aytac Əliyeva
Telegram kanalımız