“Gənc kadrların olmaması Azərbaycan siyasətinin ən böyük problemlərindən biridir. Son dövrlərdə nisbətən hakimiyyətdə tendensiya dəyişilib və siyasətə cavan kadrlar cəlb olunur. Lakin bu siyasətin uğurlu və ya uğursuz olmasını zaman göstərəcək”.
Bunu “Yeni Sabah”a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. O, bildirib ki, cavan kadrların əksəriyyəti isə demək olar ki, siyasi səhnədən gəlməyib:
“Onlar şirkətlərdən və ya digər iqtisadi sahələrdən gətirilir. Bunun səbəbi subyektiv və obyektiv olaraq uzun illər həm müxalifətdə, həm də iqtidarda gəncləşmənin qarşısının alınmasıdır. pizza mizza
Fikrimcə siyasətdə yaşlı kadrların üstünlük təşkil etməsinin səbəbi özlərini cavan hiss etmələridir. Mən siyasətdən az da olsa məlumatı olan hansısa bir şəxsə sual versəm ki, Yeni Azərbaycan Partiyasında uğurlu siyasət aparan ən gənc kadr kimdir? Siyavuş Novruzov deyiləcək və onun da azı 52-53 yaşı var”.
Tural Abbaslı gəncləşmənin qarşısını alan digər səbəblərdən birinin də nəsillər arası qısqanclığın olması ilə əlaqələndirib:
“Nəzərə alsaq ki, siyasi səhnə 1989-1992-cı illərdə formalaşıb, o zamanlar gənc kadrların siyasi səhnəyə çıxması üçün bir sıra problemlər var idi. Həmin dövr seçilmiş kadrlara baxsaq görərik ki, dünənə qədər nazirlikdə işləyənlər hər biri 89-92-ci illərdə seçilmiş kadrlardır.
Siyasət gəlir gətirməyən peşə növüdür. Siyasətlə məşğul olub karyera qurmaq mümkün deyil. Siyasət həm iqtidarda, həm müxalifətdə perspektivsiz bir sahə kimi qaldı. Potensialı olan heç bir gənc öz potensialını siyasətə sərf etmək istəmədiyinə görə, gənclərin siyasətə marağı azaldı.
Digər bir səbəb isə Azərbaycanda demokratik mühitin olmaması idi. Hakimiyyətin uzun müddət yürütdüyü radikal-repressiv siyasət gəncləri qorxutdu. Heç bir gənc həbs olunmaq, universitetdən qovulmaq istəməz. Buna görə də yaşlı kadrlar artıq siyasi səhnəni tərk etsə də, onların yerinə gələcək cavan kadr yoxdur.
İqtidar indi cavan kadr cəlb etmək üçün marketoloqları, menecerləri, bilet satanları və tozsoran satanları gətirir. Müxalifətdə isə heç o potensial da yoxdur ki, haradansa bir yerdən cavan kadr gətirsin. Ona görə də bugünkü siyasi səhnəmiz bu qədər monoton və dəyişməzdir”.
Nəsimi Ələsgərli
Telegram kanalımız