“Artıq ölkənin aqrar sektorunda yaz mövsümü başlayıb. Bir sıra tərəvəz məhsullarının yığımı başlayıb ki, bu da bazardakı istehlakçı qiymətlərinə xeyli təsir göstərib. Məsələn, son bir neçə gün ərzində bütün vətəndaşları narahat edən soğanın qiyməti kəskin şəkildə ucuzlaşıb və bu yerli istehsalın hesabına baş verib”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib. Onun sözlərinə görə Nazirlər Kabinetinin məlum qərarı ilə mayın sonuna qədər daxili bazarın qorunması baxımından qərar qəbul olunub və qiymətlər xeyli ucuzlaşıb:
“Eyni fikirləri pomidor və xiyar haqqında da demək olar. Bu tərəvəzlərində qiymətlərində mövsümi olaraq xeyli ucuzlaşma var, lakin bu istiqamətdə kəskin ucuzlaşma açıq sahə tərəvəzçiliyi mövsümü başlayanda müşahidə olunacaq. Hələlik bazara çıxarılan məhsullar istixanalardan gəlir və aydın məsələdir ki, sənaye istehsalında maya dəyərinə təsir edən bir sıra faktorlar var. pizza
Digər tərəfdən mövsümün qeyri-sabit keçməsi qiymətlərin qalxıb-düşməsinə xeyli təsir göstərir. Bölgələrdə fasilələrlə yağışlar yağır və bu zaman məhsulun yığım tempi, logistikası xeyli ləngiyir. Bu təsərrüfatçılıq baxımından normaldır. Hesab edirəm ki, havalar əlverişli keçərsə, mayın sonu, iyunun əvvəllərində açıq sahə tərəvəzçiliyi başlayacaq bununla da oktyabra qədər qiymətlərdə stabilləşmə baş verəcək”.
Ekspert hazırda bir çoxlarının “meyvə və tərəvəzlərdə əvvəlki dad yoxdur” fikrinə də münasibət bildirib:
“Dad məsələsinə müxtəlif yanaşmalar var, ənənəvi dadı əldə etmək üçün toxumçuluq bazası gücləndirilməlidir. Yerli iqlimə adaptasiya olunmuş, genetik gücü olan toxumlar əkinə tətbiq edilsə dadlı məhsul əldə etmək mümkündür. Bir də istehsalçılarımız bitki mühafizə tədbirləri vaxtı kimyəvi dərmanlardansa üzvi gübrələrə istinad etsələr daha yaxşı olar. Xüsusən, qapalı rejimdə istehsal qurmuş fermerlərimiz bu istiqamətdə maariflənməli, istehsal texnologiyalarını ekoloji kənd təsərrüfatı istiqamətində qurmalıdırlar”.
Əsmər Qabil
Telegram kanalımız