“İnanmıram ki, separatçıların daxilindəki bir qrup onlardan ayrılıb bizimlə danışıqlara getsin. Ola bilsin ki, bu, onların növbəti oyunudur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
O, Qarabağ separatçıları arasındakı fikir ayrılıqlarından və parçalanmadan söz açıb. Marqarita pizza
V.Əhmədov söyləyib ki, Baş nazir Nikol Paşinyanla Ruben Vardanyan arasında müəyyən mübahisələr var:
“Çünki faktiki olaraq, Vardanyan Rusiya tərəfindən Qarabağa göndərilmiş nümayəndədir. Ortada həm də Paşinyanı devirmək cəhdi var. Rusiya çalışır ki, Paşinyanı devirsin və onun yerinə Vardanyanı gətirsin. Paşinyan bunu çox qəşəng bilir və bu 2 şəxs arasında müəyyən fikir ayrılıqları kifayət qədərdir. Vardanyan da indi Qarabağda oturub”.
Millət vəkili xatırladıb ki, cənab Prezident də bununla bağlı Münxendə çox sərt danışdı:
“Ölkə başçısı dedi ki, bu adam torpaqlarımızdan getməlidir. Bundan başqa, Prezident Laçın dəhlizi və digər məsələlərdə də sərt mövqe bildirdi və dövlətin mövqeyin ortaya qoydu”.
“O ki qaldı separatçılar arasındakı parçalanmaya, ola bilər ki, 5-10 nəfər bununla meydana gəlsin. Çünki Ermənistanın içərisində də Sarkisyan-Koçaryan qruplaşması var ki, onlar da Rusiyaya xidmət edirlər. Amma digər tərəfdən, son vaxtlar Baş nazir Paşinyan üzünü, əsasən, Qərbə tərəf çevirib, onlarla işləyir və çalışır ki, Qərb onu müdafiə etsin. Ona görə də xırda qruplaşmalar ola bilər, amma erməni yenə də ermənidir və bunların xisləti hamıya məlumdur; ermənidən yaxşı heç nə gözləmək mümkün deyil. Əgər belə bir parçalanma baş verərsə, əlbəttə, bu, Azərbaycanın xeyrinə ola, eləcə də danışıqlara gələn insanların sayı kifayət qədər arta bilər”, – əlavə edib.
Deputat hesab edir ki, Vardanyanın orada olması bizim üçün qəbuledilməzdir və qısa müddət ərzində oradan getməlidir, o cümlədən biz bu məsələni Rusiya qarşısında qoymalıyıq ki, onun Qarabağda nə işi var?
Nikol Paşinyana gəldikdə isə müsahibimiz qeyd edib ki, onun addımlarında müsbət fikirlər çoxdur, o cümlədən sülh müqaviləsinin imzalanmasında da:
“Amma o, bilir ki, sabah sülh müqaviləsini imzalasa, 1 həftəyə onu devirəcəklər. Çünki onlar Qarabağ məsələsini çox şişirdilər. Amma başa düşmürlər ki, Brüsseldəki görüşdə artıq bu məsələlər öz həllini tapmış və Azərbaycanın dediyi o 5 şərtin hamısı qəbul olunmuşdu. Amma sonradan bunu Ermənistanda pozdular”.
Milli Məclis üzvünün fikrincə, o birilərinə baxanda Paşinyana müəyyən qədər inanmaq olar:
“Çünki o, istəyir ki, sülh olsun, dövlət inkişaf etməyə başlasın, Azərbaycan və Türkiyə ilə münasibətlər qurulsun. Ona görə ki, bu dövlətin taleyi bu münasibətlərdən asılıdır. Əgər onlar Azərbaycan və Türkiyə ilə münasibət qurmasa, Ermənistan çox qısa bir müddətdə ləğv oluna bilər. Çünki onların problemləri kifayət qədər böyükdür. Rusiya da daim çalışır ki, Paşinyanı hakimiyyətdən devirsin və yerinə ya Sarkisyan-Koçaryan cütlüyünü, ya da o başdanxarab Vardanyanı qoysun. Ona görə də bu məsələ belə uzanır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız