“Azərbaycan tərəfinin Ermənistana hələ keçən ilin mart ayında təqdim etdiyi sülh müqaviləsinin əsasını təşkil edən 5 baza prinsipi var. O baza prinsipinin birinci bəndi hər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin ərazi bötüvlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlıdır. Yəni Ermənistan 5 baza prinsipini qəbul etməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilən üçtərəfli görüşdə sülh müqaviləsinin bəndlərinin razılaşdırılmasıyla bağlı erməni mətbuatında yer alan məlumatlara münasibət bildirib. pizza mizza
Xatırladaq ki, “Hraparak” nəşri ötən gün belə bir iddia ilə çıxış edib ki, Ermənistan hakimiyyəti Münxendə Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını qəbul edib. Bundan başqa, Azərbaycan tərəfi, öz növbəsində, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin Azərbaycan Konstitusiyası çərçivəsində təmin olunması öhdəliyini boynuna götürüb.
Mövzu ilə bağlı fikirlərini bölüşən E.Nəsirov əlavə edib ki, bu yaxınlarda Azərbaycanın təkliflərinin qarşılığında Ermənistan da öz əlavələrini təqdim edib:
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan zəlzələ ilə bağlı Türkiyədə olarkən bu əlavələri türkiyəli həmkarı Mövlüd Çavuşoğluna təqdim edib. Burada prinsip etibarilə yeganə fikir ayrılığı ondan ibarətdir ki, Ermənistan baza prinsiplərini qəbul edir, sadəcə buradakı əsas məsələ Qarabağ ermənilərinin hüquq və təhlükəsizlikləri ilə bağlı məsələlərdir. Onlar bu məsələni qabardıb Azərbaycanın tərkibində Qarabağda yaşayan ermənilər üçün bir muxtariyyət əldə etmək istəyirlər”.
Millət vəkili əmin edib ki, Münxendə ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən danışıqlar prosesində sülh müqaviləsi ilə bağlı məsələlər müzakirə edilib:
“Ancaq rəsmi olaraq nə ABŞ-ın Dövlət Departamenti, nə Azərbaycan Prezidenti, nə də Ermənistan Baş naziri sülh müqaviləsi layihəsinin bütün elementlərinin razılaşdırılmasıyla bağlı hər hansı bir kompromosin əldə edilməsi haqqında bəyanat verməyiblər. Lakin ayrı-ayrı mətbuat orqanları, xüsusilə də erməni KİV-ləri belə məlumatları yayırlar.
Burada bir həqiqət var ki, Azərbaycan Prezidenti Münxendə bir daha bildirdi ki, biz sülh müqaviləsinin tezliklə imzlanmasını istəyirik. Məsələyə bu məntiqlə yanaşdıqda hesab etmək olar ki, Azərbaycan Prezidentinin prinsipial və qətiyyətli mövqeyinin dəyişməz olduğunu dərk edən Ermənistan tərəfi siyasi hoqqabazlıqlarından imtina edə bilər. Necə ki Azərbaycan Prezidenti söylədi ki, Rusiya vətəndaşı, cinayətkar-oliqarx və Avropada çirkli pulları yuyan Ruben Vardanyanla heç bir danışıqlar olmayacaq. Ona görə də Vardanyanın Qarabağda olmasının perspektivsizliyi və ziyan vurduğunu görən Ermənistan hakimiyyətinin özü bundan imtina etdi. Onlar Azərbaycan Prezidentinin mövqeyini çox gözəl bilirlər. Prezident dedisə, deməli, onun dediyi məsələ axıra kimi həyatda öz təsdiqini tapacaq. Ona görə də Azərbaycan Prezidenti bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin Azərbaycanda yaşayan digər etnoslar kimi hüquqları olacaq. Azərbaycan çoxmillətli dövlətdir və burada bütün millətlərin nümayəndələri eyni bərabər hüquqlara malikdirlər, eləcə də ermənilər...”
Müsahibimizin fikrincə, bu sözü erməni xalqı və Qarabağdakı ermənilər çox gözəl bilirlər ki, Azərbaycan Prezidentinin sözü imzası qədər gücə malikdir və dedisə, deməli, belə olacaq.
Onun fikrincə, sülh müqaviləsinin bu il ərzində imzalanması üçün imkanlar pəncərəsi daha da genişlənməkdədir.
Rusiyanın məsələyə mövqeyini şərh edən E.Nəsirov söyləyib ki, bu dövlətin xarici işlər naziri Sergey Lavrov, eləcə də nazirlik sözçüsü Mariya Zaxarova dəfələrlə çıxışlarına qeyd ediblər ki, onlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirlər:
“Sadəcə 2 dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsində söyləyirlər ki, ən dəqiq və doğru xəritələr Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındadır”.
Milli Məclisinin deputatı, həmçinin, onu da xatırladıb ki, ötən il oktyabrın 6-da Praqa danışıqları oldu:
“Praqa danışıqlarında mühüm bir razılaşma əldə edildi. Bəyanatda belə bənd var idi ki, Ermənistan və Azərbaycan arasında sərhədlər müəyyən edilərkən BMT Nizamnaməsi və 1991-ci ilin Almatı sənədi əsas götürülməlidir. 1991-ci ilin Almatı sənədəinə əsasən isə keçmiş sovet respublikaları arasındakı sərhədlər necə olubsa, həmin sərhədlər də qəbul edilməlidir. 1991-ci il sərhədlərinə görə də Qarabağ Azərbaycanın tərkibində idi. Deməli, Qarabağın Azərbaycanın tərkibində olmasıyla bağlı 4 tərəfin hər biri öz mövqeyini ifadə edib”.
“Düşünürəm ki, bu, Azərbaycan Prezidentinin çox böyük diplomatik qələbəsidir. Hətta Ermənistanın özündə Paşinyanı ittiham edirlər ki, sən niyə Almatı bəyannaməsini qəbul etmisən? Rusiyanın özü də Almatı bəyannaməsini qəbul edir və dəfələrlə Rusiya rəhbərliyi səviyyəsində bildirilib ki, Praqada sərhədlərlə bağlı açıqlamaları qəbul edirlər”, - yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız