“Sülhməramlı”lar Qarabağda ikən son və qəti antiterror əməliyyatı mümkünmü?.. - Polkovnikdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Sülhməramlı”lar Qarabağda ikən son və qəti antiterror əməliyyatı mümkünmü?.. - Polkovnikdən açıqlama

Siyasət

10 Dekabr 2022 16:24 2038


Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimovla Moderator.az üçün bu dəfəki söhbətimizdə rəsmi Bakı tərəfindən Qarabağdakı təbii ehtiyatların qanunsuz istismarını araşdırmaq üçün yaradılmış ekoloji-geoloji monitorinq qrupunun və jurnalistlərin hüquqi-tarixi ərazilərimizə  keçmək cəhdi zamanı torpaqlarımızda müvəqqəti(!) yerləşdirilmiş Rusiya “sülhməramlı”larının qeyri-adekvat davranışları, hazırkı durumda Qarabağda antiterror əməliyyatının mümkünlüyü, Moskvanın buna mümkün reaksiyası  və s. haqda danışdıq.

-Mehman müəllim, Rusiyanın Azərbaycan torpaqlarındakı “sülhməramlı” sayılan hərbi kontingentinin Azərbaycan hökumətinin rəsmiləri və jurnalistlərinə qarşı son davranışlarını necə şərh edərdiniz?

-Rusiya tərəfi Azərbaycan torpaqlarındakı hərbçilərinin heç bir qanuna və etikaya sığmayan hərəkətləri ilə öz iç üzünü açır. Xüsusən on davranışları sübut edir ki, onlar bizim ərazilərə sülhməramlı kimi yox, əsl aqressor, işğalçı sifətində daxil olublar. Onlar açıq-açığına Qarabağa erməni separatçı və terrorçularını müdafiə edib bəsləmək üçün gəliblər. Rusiya “sülhməramlı”larının məqsədi 10 noyabr bəyanatının 4-cü bəndinə uyğun olaraq torpaqlarımızdan çıxarmadıqları qanunsuz erməni silahlı birləşmələri vasitəsi ilə gərginlik yaratmaq və özlərinin ərazimizdəki mandatsız varlıqları üçün “əsas” yaratmaqdır... Biz onlara sübut etməliyik ki, siz Azərbaycan torpağında sülhməramlı kimi funksiyanızı yerinə yetirmirsiz. Bunun üçün eyni zamanda Azərbaycan dövləti Rusiya “sülhməramlı”larının son iki ildən çox müddətdəki bütün bəd, qanunsuz əməllərini sənədləşdirərək beynəlxalq təşkilatlara təqdim etməlidir. Həmin sənədlər əsasında heç  bir beynəlxalq mandatı olmayan bu hərbi kontingenti bütün dünya təşkilatları tərəfindən rəsmən tanınan öz qanuni ərazilərimizdən çıxarmağımız tamamilə mümkündür...  Dominos pizza

Bir sözlə, Rusiya hərbi kontingentini torpaqlarımızdan təcili şəkildə çıxarmalıyıq... Çünki bunların Azərbaycana zərər və təhlükədən savayı heç bir faydası yoxdur. Onlara qarşı heç bir güzəştə getməli deyilik…

-Necə hesab edirsiz, indiki geo-siyasi və hərbi-siyasi durumda, eləcə də Azərbaycanla arasında rəsmi və qeyri-rəsmi ziddiyyətlər olan Rusiya hərbi kontingentinin ərazimizdəki varlığı şəraitində rəsmi Bakının oradakı qanunsuz silahlı separatçı-terrorçu birləşmələrə qarşı genişmiqyaslı, son və qəti antiterror əməliyyatı keçirməsi doğru olarmı?

-Bilirsiz, mən anlamıram ki, indiyədək, niyə bu genişmiqyaslı, son və qəti antiterror əməliyyatını keçirmirik. Bu, zəruridir. Çünki vaxt keçir və Rusiya kontingenti, öncə dediyimiz kimi, nəinki 10 noyabr bəyanatına uyğun olaraq Qarabağdakı qanunsuz silahlı birləşmələri tərksilah edib təmizləmir, əksinə, onların Laçın dəhlizi vasitəsilə silah-sursatlarının artırılmasına şərait yaradır... Artıq bütün dünya telekanallardan da gördü ki, Rusiya hərbçiləri separatçı-terrorçu erməni rejiminin qanunsuz “polisi”ni də arxasında gizlədir...  Rusiya tərəfinin qarşısında məhz bu məsələləri ciddi şəkildə qoymaq lazımdır. Onlara demək lazımdır ki, siz buraya təhlükəsizliyi təmin etməyə gəlmisiz, əksinə, təhlükə yaratmağa yox... 

Bütün bu deyilənlər özlüyündə sübut edir ki, Kremlin göndərdiyi kontingent Azərbaycana işğalçı mövqeyindən yanaşır. Odur ki,  Azərbaycan dövləti həmin “sülhməramlı”lar olan bölgədə onların öz funksiyalarını necə yerinə yetirməkləriylə bağlı ciddi monitorinq keçirməli və onlara üzərlərinə düşən vəzifələri yerinə yetirmədikləri, eyni zamanda ölkəmizin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə qarşı fəaliyyət göstərdikləri sübut edilməlidir. Üstəgəl bu “sülhməramlı”adlanan Rusiya kontingentinin komandanı olan Andrey Volkov erməni separatçı liderlərlə, o cümlədən Moskvadan Putinin Qarabağa “desant” kimi atdığı milyarder Vardanyanla birgə Azərbaycan ərazisindəki qızıl mədənlərini talamaqla məşğuldur. Bunun tam sübutlarını əldə edə bilsək, əlimizdə ən güclü “kozır”lardan biri olar. Bir sözlə, artıq bu kontingentin torpaqlarımızda bir gün də artıq qalmasına yol vermək olmaz... Onları, uzağı, 2023-cü il başlayan kimi sənədli-sübutlu əsaslarla Azərbaycan ərazisindən çıxarmaq lazımdır...

-Amma belə fikirlər də var ki, “sülhməramlı”lar orada olduğu halda biz hərbi əməliyyat keçirəriksə,  hətta Rusiya buna razılıq verəcəyi təqdirdə belə, Azərbaycana qarşı Gürcüstanda sınaqdan çıxarılmış “Cənubi Osetiya” variantı-təxribatı həyata keçirilə bilər...

-Bunu mümkün hesab etmirəm... Nəzərə alaq ki, bu gün artıq Rusiya 2008-ci ildəki Rusiya deyil. Yəni ola bilməz ki, Azərbaycan ordusu Qarabağda erməni terrorçularına qarşı əməliyyata başlasın və rus hərbçiləri onun qarşısına çıxmağa cəsarət etsin...

-Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasından əlavə qüvvə və texnika yeridə bilməzlər torpaqlarımıza?

-Hələ sovet dövründə mən Ermənistan ərazisindəki, məhz həmin Gümrüdə, indiki 102-ci bazanın yerində olan sovet-rus diviziyasında alay komandirinin müavini kimi xidmət etmişəm... Onların hərbi bacarıqlarına, döyüş qabiliyyətlərinə yaxşı bələdəm. Hazırda da 102-ci bazada 3-4 min rus hərbçisi var... “Müasir” rus ordusunun "nəyə qadir olduğu" da Ukraynada biabırçı şəkildə göründü... Bu gün həmin ordunun Ermənistan və Qarabağdakı tör-töküntülərinin Azərbaycan ordusunun qarşısına çıxmağa halı da yoxdur. Çıxsalar da, paylarını alıb qaçacaqlar...

-Bəlkə öncə “sülhməramlı”ların özlərini dinc, danışıqlar yoluyla ərazimizdən çıxarmaq lazımdır və  sonra antiterror əməliyyatı keçirmək gərəkdir ki, onlar əl-ayağa dolaşmasınlar?..

-Belə də olar... Amma hesab edirəm ki, öncə Rusiya kontingentini fakt qarşısında qoymaq lazımdır ki, siz 10 noyabr bəyanatına uyğun olaraq Azərbaycan torpaqlarındakı qanunsuz silahlı birləşmələri çıxarmalıydınız, lakin çıxarmamısız. İndi sizə müəyyən qədər vaxt veririk, məsələni həll etməsəniz, biz özümüz antiterror əməliyyatı keçirməyə məcbur olacağıq və siz buna qarışmayacaqsınız. Beləcə onların qarşısında ciddi şərt qoymaq gərəkdir...Yoxsa,  gözləyək ki, hələ 2025-ci il gələcək, Rusiya “sülhməramlı”ları ərazimizdən çıxaracağıq və həmin 3 illik  müddətdə də erməni işğalçı və separatçıları oraya kifayət qədər canlı qüvvə və texnika toplayacaqlar. Buna heç cür arxayın olmaq olmaz...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!