“Hakimlə bağlı sarı da versə, qırmızı da versə, heç vaxt danışmamışam. Hər bir hakim səhv edə bilər. Dünənki hakimə gəlinsə isə, məncə oyunun sürətini öldürmədən yaxşı idarə etdi”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Əfran İsmayılov Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə (0:0) ilk oyunu haqında danışarkən deyib. Futbolçu mərhələnin hələ yarısını tamamladıqlarını və səfər matçının çətin keçəcəyini bildirib:
“Dünənki oyun maraqlı keçdi. Öz stadionumuzda oynayırdıq. Mərhələnin hələ 50 %-ini keçmişik. Səfərdə isə çətin oyun bizi gözləyir. Ona da yaxşı hazırlaşacağıq. Vurulan hər qol 2 qola bərabərdir”.
Ə.İsmayılov kubok uğurunda “Zirə” ilə şanslarını bərabər dəyərləndiridiyini, lakin final həyəcanını “Sumqayıt”a yaşatmaq istədiklərini söyləyib:
“Hazırda çempionatda “Zirə” də bizim vəziyətdədir. İkimiz də fikrimizi kuboka yönəltmişik. Oyunu daha düzgün təhlil edən, tapşırıqları düzgün yetirən komanda finalçı olacaq. Sumqayıt şəhərinə final yaşatmaq istəyirik”.
Turnir cədvəlində son pillələrdə qərarlaşmaqlarından da danışan futbolçu qarşıdakı oyunlarda “Keşlə” ilə xal fərqini çoxaltmaq istədiklərini qeyd edib:
“Çempionatı sonuncu yerdə bitirmək istəmirik. Düzdür, kubok qədər yanaşmasaq da, çempionata da önəm veririk. Qarşıdakı oyunlarda xal qazanıb ortalara doğru irəliləməyə çalışacağıq”.
Naibə Məmmədova
Telegram kanalımız