Dünən Azərbaycanda ilk dəfə olaraq Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) xəstəyə süni ürək köçürülməsi barədə məlumat yayıldı. Dünyada ən çətin əməliyyatlardan olan süni ürək köçürülməsinin Azərbaycanda reallaşması mətbuatda da geniş yer almaqla yanaşı, səhiyyəmizin ilk uğuru kimi təqdim və təqdir olundu. Amma sən demə, süni ürək Azərbaycanda hələ 6 il bundan öncə köçürülüb.
Məlumata görə, 2013-cü ildə Mərkəzi Klinik Xəstəxanada uğurla icra edilən süni ürək köçürülməsi əməliyyatı zamanı xəstəyə ABŞ istehsalı olan “HeartMate 2” süni ürək cihazı implantasiya edilib. Əməliyyatı Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev həyata keçirib. Həmin vaxt mətbuata bu barədə geniş açıqlama verən K. Musayev bildirib ki, bu əməliyyat Mərkəzi Klinik Xəstəxanada 44 yaşlı Balakən sakini İbrahim Mənsurovun üzərində aparılıb.
Qeyd edək ki, süni ürək köçürülməsi kifayət qədər kompleks bir əməliyyatdır. Amma artıq həyata keçirilən bir əməliyyatın Azərbaycan səhiyyəsində bir ilk kimi təqdim olunması təəccüb doğurur. pizza mizza
Ötən gün yayılan xəbərdə bu əməliyyatı keçirən ürək-damar cərrahı Anar Əmrah mövzuilə bağlı açıqlamasında süni ürək implantasiyasının Azərbaycanda ilk müəllifinin Mərkəzi Klinik Xəstəxananın baş həkimi, professor Kamran Musayev olduğunu təsdiqləyib. Bildirib ki, o, Azərbaycanda ilk dəfə süni ürək əməliyyatını yox, ilk dəfə olaraq, çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – “HeartWare”ni xəstəyə yerləşdirib: “Mən də təsdiqləyirəm ki, Azərbaycanda ilk süni ürək əməliyyatını Kamran Musayev öz komandası ilə gerçəkləşdirib. Bizim işimizdə ilk olan isə, ən kiçik süni ürəyin xəstəyə qoyulmasıdır”.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Marketinq üzrə mütəxəssisi Səadət Hənifəyevaya isə bildirib ki, Azərbaycanda süni ürək köçürülməsini bir ilk kimi mətbuata onlar təqdim etməyiblər: “Biz də bilirik ki, bu əməliyyat Azərbaycanda ilk dəfə bizim Mərkəzdə həyata keçirilməyib. Sadəcə olaraq, çox kiçik ölçüdə süni ürək implantasiyası Respublika Müalicəvi Diaqnostika Mərkəzində reallaşdırılıb. Həmin məlumatın Azərbaycanda ilk süni ürək əməliyyatı kimi təhrif olunması mətbuatın günahıdır. Biz bu məlumatı belə təqdim etməmişik”.
Movqe.az
Telegram kanalımız