Şuşadakı qapaz və Ağdərədəki təxribat - Eyni ssenari

Şuşadakı qapaz və Ağdərədəki təxribat - Eyni ssenari

Siyasət

05 Dekabr 2022 07:32 30557


4 dekabrda Azərbaycan dövləti dərs keçmədi, hələlik dərslərarası “test” tapşırığını nümayiş etdirdi. Bu, həm erməni separatçılarına, həm Rusiyanın bölgədəki 2,5 illik (müvəqqəti) hərbi kontingentinə, həm də digər şər qüvvələrə xəbərdarlıq idi. Daşaltı xəbərdarlığı! Şuşanın aşağısında erməni separatizminin “boğazından” yapışıb sıxmaqla “sənin canın bu qədərdir, bir az da boğsam, cəhənnəmə vasil olarsan” dedi dövlətimiz. Özü də Yaşma igidləri, yaxud komandoslarımız yox, ekoloqlarımız və qızıl şirkətinin əməkdaşları tərəfindən...Bu, həm də o deməkdir ki, Şuşadan endiriləcək bir qapaz yetər, özünüzü yığışdırın!

Keçən il bu məkanda erməni quldur Azərbaycan hərbçilərinə qumbara atmışdı, rus hərbçilər tez-tələsik onu uzaqlaşdırıb, Xankəndidəki quldurbaşına təhvil vermişdilər, təltif üçün. Məhz bu kimi addımlarla erməni canilərə stimul verdi general-mayor Andrey Volkov və onun rəhbərlik etdiyi heyət. Nəticədə 44 günlük müharibədən sonra İrəvandan Qarabağa oğrun-oğrun, qorxa-qorxa qayıdan ermənilər səngərlər qazmağa, təlimlər keçirməyə, bölgənin yeraltı, yerüstü sərvətlərini talamağa davam etdilər. Azərbaycan ordusu səngər qazan texnika ilə bağlı xəbərdarlıq etdi, rus “sülhməramlı”lar dərhal erməni separatçıların müdafiəsinə qalxdılar. Sonra toponimlər mövzusu söz dueli üçün mövzuya çevrildi. Volkovun qızıl-qırmızı “biz Azərbaycan deyən kimi yazırıq” deməsi isə heyrət doğurur.

Səhərdən-axşama, gecədən-səhərədək erməni separatçıların və axçilərin yanında olan Volkov kontingentinin Azərbaycanın maraqlarına nə dərəcədə xidmət etdiyini görürük. Ruben Vardanyanın pullarından qidalana-qidalana separatçıları dizləri üstündə oturtmaqdadırlar. Məhz buna görə də 4 noyabrda Azərbaycanın hərəkətə keçməsindən çox həyəcanlandı rus hərbçilər. Zarafat deyil, Rusiyanın başı Ukrayna bataqlığına girib, Azərbaycan hərəkət etsə, işlər fəna olardı. Ona görə də dil tökməyə başladılar, nümayəndələrimizi söhbət üçün Xocalıya dəvət etdilər. Təbii ki, bu, dövlətimizlə hesablaşmağın əlamətiydi. Azərbaycan nümayəndələri 30 il 10 aydan sonra ilk dəfə Xocalıya ayaq basdılar! Bunun mütləq davamı gələcək, şübhəmiz yoxdur! Hətta erməni ekspertlər də son olaydan sonra Xankəndi, Xocalı, Xocavənddə Azərbaycan bayrağının tezliklə dalğalanacağını bildirirlər. Bəli, ermənilərin mütləq əksəriyyəti buna şübhə etmir! Sözsüz ki, şivən salanlar da az deyil, “ay qoymayın, azərbaycanlılar bizi qırmaq istəyir, Laçın yolu bağlandı, bizi xilas edin” kimi hay-küyü izlədik. Azərbaycan Laçın yolunu cəmi 3-4 saat bağladı, dəydilər bir-birinə, vay-şivən aləmi başına götürdü. Amma kimsə demədi ki, ay filan-filanlar, siz 30 ildən çoxdur Naxçıvanı Azərbaycandan ayrı salmısınız, blokadada saxlayırsınız, bəs azərbaycanlılar üçün necəsiniz? Kimsə demir ki, hələ 44 günlük müharibədən sonra azərbaycanlılar Ağdamdan cəmi 37 km-lik məsafəni qət edib Şuşaya gedə bilmirlər, uzun yolu dolanıb Qalaya yollanırlar. Hansı ki, qalib ölkədir, qalib xalqdır, amma yenə də dözür. Kimsə demir ki, Azərbaycan milyardlarla xərc çəkib Murovun altından tunel çəkir, indiki halda Murovun sərt yoxuş və döngələrini qət edib Kəlbəcərə niyə riskli yollarla getməlidir, Ağdərə yolu isə ermənilərin “nəzarətində” (!) qalmalıdır? Demək ermənilərin cəmi 3-4 saat ərzində Laçın yolunda tıxaca qalması “günahdır”, amma qalib Azərbaycanın vətəndaşlarına istənilən qədər əziyyət vermək, dövləti əlavə xərcə salmaq olar?!

General Volkov sözügedən görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisinə dedi ki, Xankəndi şəhərinədək tıxac yaranıb, “gəlin elə edək ki, insanlar yollarına davam eləsinlər”. Sözə baxın, “insanlar yoluna davam etsinlər”. Əvvəlcə araşdırılmalıdır ki, bu “insan” cildinə girənlər kimlərdir? Onların sırasında 14 İran terrorçusu da var idi, İspaniyadan gəlib Xankəndi separatçısından medal alan deputat da, Qarabağın sərvətlərini talayan digərləri də, terrorçular da...İstisna deyil ki, Fransa, İran və digər ölkələrdən gəlmiş mütəxəssislər Qarabağın ermənilər olan bölgəsində yeni tunellər, bunkerlər tikir. Bütün bunlar sonsuzadək davam edə bilməz və dövlətimiz də məhz bununla əlaqədar hərəkətə keçib! Azərbaycana qarşı paralel olaraq ekoloji terror da törədir düşmən!

Volkov Daşaltıda bizimkilərə “gəlin elə edək ki, insanlar yollarına davam eləsinlər” dediyi saatlarda Ağdərə yolunda Azərbaycan vətəndaşlarına qarşı təxribat törədibmiş erməni quldurlar. Bu barədə bir az əvvəl ermənilər özləri xəbər yayıb. Bildirilir ki, bu il dekabrın 4-də Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan yük avtomobillərinin karvanının Suqovuşan-Kəlbəcər - marşrutu ilə hərəkəti növbəti dəfə təşkil edilib. Kolon yük maşınlarından və bir minik avtomobilindən ibarət olub, içərisində mülki geyimli dörd azərbaycanlı olub. Keçmiş Ağdərə rayonunun Qozludərə kəndi ərazisində kolon guya “texniki səbəblərdən dayanıb, bundan sonra maşında olan azərbaycanlılar maşından düşərək orada olan erməni gənclərə qarşı kobud və nalayiq davranmağa, onları ələ salmağa və təhqir etməyə başlayıblar”. Diqqət edin, kolon “texniki səbəbdən dayanıb” və dərhal azərbaycanlılar düşüb erməniləri “döyüblər”. Həyasız iddia olduğu aydın görünür. 4 azərbaycanlı erməni kəndində...Ardını oxuyaq: “Bu zəmində mübahisə yaranıb və sözügedən azərbaycanlılar və yük maşını sürücüləri erməni gənclərə qarşı zorakılıq ediblər. Mübahisəyə son qoymaq üçün bir müddət sonra gənclərin yaxınları da həmin yerə gəlib və bu zaman yenidən dava düşüb. Hadisə iştirakçıları yüngül bədən xəsarətləri alıb, azərbaycanlı avtomobilə də ziyan dəyib”. Yenə həyasızlıq! Üzləri yoxdur desinlər ki, quldurlarımız azərbaycanlıların yolunu kəsib, maşınlarını daşlayıblar. Elə bu yolda erməni separatçıların ruslarla birgə bizim yük maşınlarını yoxladığını görməmişikmi? Necə oldu rus hərbçilərin yanında azərbaycanlılar erməniləri döydü, özü də durduqları yerdə?

88-90-cı illəri geri qaytarmaq istəyirlər. O zamanlar da azərbaycanlıların olduğu avtobusları, avtomaşınları daşa basırdılar, sonra atəşə tutdular, sonrası məlumdur...Onda erməni separatçılara “qorxma, yanındyam” deyən VOLski rejimi idi, indi VOLkov! Onda 366-cı alay idi, indi 1960 nəfərlik hərbi kontingent...Şübhə yoxdur ki, elə Ağdərə yolundakı təxribatı da rus kontingent təşkil edib. Yoxsa Şuşanın altında boynunu büküb qalmış erməni nə cürətlə Azərbaycan kolonunun qarşısını kəsə bilərdi? Volkov rejimi “qaşınmayan yerdən qan çıxartmaq” istəyir. Axı, talanan həm də Ağdərənin sərvətləridir. Burada talanan sərvətlərdən volkovlara da çatır. Aranı qarışdırmaq istəyirlər ki, daha uzun müddətə qalmaları üçün “əsas” yaratsınlar.

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!