“İşğaldan azad Şuşaya gedərkən çox qəribə hisslər keçirdim. Həyəcandan sanki ürəyim yerindən çıxmışdı və geri qayıtmırdı…”
Yenisabah.az xəbər verir ki, bunu oktyabrın 7-də digər siyasi partiyaların liderləri ilə birgə Şuşanı ziyarət etmiş Vəhdət partiyasının sədri Tahir Kərimli söyləyib.
“Hələ sovet dövründən bəri Şuşada dəfələrlə olmuşdum. Yay aylarında dostlara qonaq gedərdik. Artıq Qarabağ münaqişəsi başlanandan sonra da bir neçə dəfə bu gözəl məkanda oldum. 1989-1990-cı illərdə milli azadlıq hərəkatının qızğın dövrlərində Şuşaya gedərkən mütləq rəhmətlik şəhid Milli Qəhrəmanımız Ramiz Qənbərovla görüşərdik. Artıq müharibə başlanandan sonra isə sonuncu dəfə səhv etmirəmsə, 1992-ci ilin mayın əvvəlində oldum Şuşada. Rəhmətlik ustad şairimiz Bəxtiyar Vahbazadənin oğlu Azər Vahazadə ilə birgə getmişdik. Laçının Qayğı qəsəbəsinin yanından keçərkən ermənilər avtomobillərimizə atəş açdı, xoşbəxtlikdən salamatçılıq oldu... Əvvəlcə Laçında Laçın alayının komandiri Arif Paşayev və əsgərlərimizlə görüşdük, oradan da Şuşaya yollandıq... Gücümüz çatan yardım aparmışdıq oradakı ordumuza... O cümlədən “Kristal” raketləri... Biz qayıdandan təxminən bir həftə sonra bir də eşitdik ki, Şuşa işğal olunub... Təsəvvür edin ki, biz hansı hallara düşdük”, - deyə istiqlalçı deputat Şuşa ilə bağlı xatirələrini nəql edib. pizza mizza
“Bu dəfə - 29 il 5 ay sonra isə biz Zəfər yoluyla yollandıq Şuşaya... Füzulidə, Xocavənddə gördüyümüz yurdlarımızın xarabalıqları mənə o qədər də ağır təsir etmədi... Məni ən çox sarsıdan getdiyimiz yolun minlərlə şəhid və qazi oğlumuzun qanı-canı bahasına açılmasını xatırlamaq oldu... Axı ermənilər hansı haqla 30 il bu torpaqlarımıza yiyələnmişdilər? Və o gənc balalar, neçə-neçə nəsilliərin nümayəndələri, davamçıları niyə ermənilər tərəfindən qətlə yetirilməliydi? Evləri, kəndləri, şəhərləri, yolları bərpa edəcəyik. Amma gedən canları, itirilmiş insan əzalarını heç kəs qaytara bilməyəcək... Allah şəhidlərimizə rəhmət eləsin! Onlar bizim qürur yerimizdir... Bir sözlə, Zəfər yoluyla gedərkən bir yandan Şuşanın, digər torpaqlarımızın azad olunmasıyla bağlı böyük sevinc hissi, digər yandan isə şəhidlərimizlə, qazilərimizlə bağlı dərin kədər bir-biri ilə çuğlaşıb çox mürəkkəb izaholunmaz duyğular yaradırdı”, - Tahir Kərimli belə deyib.
“Havanın dumanlı, cəmi +2 dərəcə temperatur olmasına rəğmən, müqəddəs Şuşanı azad görməyin qaynar duyğuları bizi üşüməyə qoymadı... Gövhər ağa məscidində namaz əhli olanlarımız ibadət etdi. Şuşa Bəyannaməsinin imzalandığı yerdə olduq. Cıdır düzünü, Natəvan bulağını ziyarət etdik. Çalışdıq görməli yerlərin çoxunda olaq...
Şuşa bizim üçün həmişə əziz olub... Amma bu 30 illik ayrılıq dövründə Şuşa bizlər üçün daha müqəddəsləşdi... Çünki hamının həsrətini yaşadığı bir yurd idi... Təsəvvür edin ki, qızım xahiş etmişdi ki, ata, mütləq Şuşadan torpaq gətir... Mən əllərimlə Şuşa torpağından götürüb Bakıya gətirdim...
Təəssüf ki, hava duman olduğundan Xankəndi şəhərimizi görə bilmədik. Amma yenə də Allaha çox şükürlər olsun ki, qalib gəlmişik, Şuşa ilə bərabər bir çox yurdlarımızı da düşməndən azad etmişik. İnşallah, Qarabağ məsələsindəki natamamlıqlar da öz həllini tapar...
Partiya liderlərinin Şuşaya birgə səfəri həm də bir siyasi mesaj oldu. Bununla Qarabağ, Şuşa, ümumiyyətlə, Vətənimiz, torpaqlarımızın ərazi bütövlüyü məsələsində bir neçə partiya istisna olmaqla əksər siyasi qüvvələrin birliyini nümayiş etdirməyə çalışdıq... Bunu dostlarımız da, düşmənlərimiz də gördü. Ermənistanın revanşist qüvvələri də bir daha gördü və əmin oldu ki, Şuşa, Qarabağ Azərbaycan dövləti və xalqı üçün vazkeçilməzdir”, - deyə partiya ıideri vurğulayıb./Moderator.az
Telegram kanalımız