Milli Məclisin ötən gün keçirilən iclasında deputat Tahir Kərimli Neft Fondunun vəsaiti hesabına hər bir ailənin hesabına 200 dollar ekvivalentində pul qoyulmasını təklif edib.
O, bununla ailələrin kommunal ödənişləri ödəməyinə kömək etməyin mümkün olacağını bildirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli millət vəkilinin bu çıxışını pafos adlandırıb: Marqarita pizza
“Bunu etmək insanlara nə verəcək? Bu pulu vermək populizmdən başqa Azərbaycan əhalisinə nə verəcək? Verilən 200 dollar infilasiyanı daha da sürətləndirməyəcəkmi? İnsanlara verilən vəsait sonunda bazara daxil olursa, bazarda da rəqabətsizlik mühiti varsa, mal və məhsul bolluğu yoxdursa, nəticə etibarı ilə bu ancaq infilasiyanı sürətləndirəcək. Bu əksinə, qazancdan çox ziyanla insanlara geri dönəcək. Ona görə də pul paylamaqdansa, ölkədəki vergi və gömrük rüsumlarını aşağı salmaq lazımdır. Bununla bağlı hökumətə təkliflər etmək lazımdır. Gömrük və vergi dərəcələri aşağı salınarsa, bu zaman insanlar daha ucuz mal və xidmətlərə çıxış əldə edərək, daha çox xeyir görəcəklər. Çünki Azərbaycanda hazırki primitiv iqtisadi modeldə pul kütləsinin istənilən addımı infilasiyanı sürətləndirən amilə çevrilir. Bunun başqa, pozitiv heç bir nəticəsi olmur. Xatırlayın, Azərbaycanda maaşların və təqaüdlərin artması ilə bağlı xəbər belə çıxanda həmən ölkədə paralel olaraq qiymətlər də artır”.
Ekspert qeyd edib ki, hökumət əlavə dəyər vergisini azaldıb enerji daşıyıcılarının qiymətlərində müəyyən güzəştlər edərsə, deputatın təklifindən daha çox pul vətəndaşların cibində qalacaq:
“Tahir Kərimlinin dediyini reallaşdırmaq mümkün olsa belə bu, həmən qiymətlərin sürətlə artmasına səbəb olacaq. Əlavə pul kütləsi əlavə infilasiya vasitəsi yaradacaq. Bu tipli populist çıxışlardansa, Azərbaycan hökuməti vergi dərəcələrini, əsasən də əlavə dəyər vergisini və gömrük rüsumlarını aşağı çəkməlidir. Əlavə dəyər vergisi bizim üzərimizə qoyulan böyük bir yükdür. Azərbaycan əhalisinin 80 faizi şəbəkə marketlərindən alış-veriş edir. Şəbəkə marketlərinin də hamısı əlavə dəyər vergisi ödəyicisidir. Biz kassada 50 manatlıq ərzaq aldıqda üzərində 9 manat əlavə pul veririk, ərzağı almaq üçün 59 manat vermək məcburiyyətindəyik, çünki o 9 manatlıq əlavə dəyər vergisi Azərbaycan vətəndaşının cibindən çıxır. Ondansa Azərbaycan hökuməti əlavə dəyər vergisini 18 faizdən 2 faizə salsın, biz də kassada 50 manatlıq ərzaq zənbilinə 59 yox, 51 manat ödəyək, 8 manat da cibimizdə qalsın. Bu il ərzində 200 dollardan da çox pul edəcək. Həm qiymətlərin aşağı düşməsinə səbəb olacaq, həm də real olaraq insanların sosial vəziyyətinə müsbət təsir edəcək.
Bundan başqa, vacib məsələlərdən biri də enerji daşıyıcıları məsələsidir. Qaz və elektrik enerjisinin limiti ləğv edilməlidir. Onların qiymətlərində güzəştlər olmalıdır. Yəni insanların qiymətlərin aşağı çəkilməsi yolu ilə ciblərində artıq pul qalmasına çalışmaq lazımdır. Zatən ölkədə ciddi infilasiya basqısı var. İndiki sistemin kodları dəyişməsə, rəqabət genişlənməsə, istənilən pul kütləsinin artımı ancaq infilasiyanın artmasına səbəb olacaq”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız