YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Təhlükə: İnsanlar ölümə tərk edildi, icra hakimiyyəti göstəriş hayında

Təhlükə: İnsanlar ölümə tərk edildi, icra hakimiyyəti göstəriş hayında

Xalqın səsi

07 Sentyabr 2022 15:59 4011


May ayında Xətai rayonu 8 noyabr prospektində yerləşən iki mərtəbəli yaşayış binasının dəhlizinin tavanının uçması nəticəsində təhlükə ilə üz-üzə qalan sakinlərin problemləri hələ də həll edilməyib.

Bu barədə uçqundan əziyyət çəkən sakinlər Proses.az-a bildirib. Onlar qeyd ediblər ki, artıq sabaha belə ümidləri qalmayıb. Çünki bina hər saniyə uça bilər…

Dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Xətai Rayon İcra Hakimiyyətinə də müraciət etsələr də səslərini eşidən yoxdur.

Sakinlər problemlərini 2 ay öncə Musavat.com saytı vasitəsi ilə də ictimailəşdiriblər. Həmin vaxt sayta açıqlama verən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bunları deyib: “Qeyd edim ki, binada uçqun yaranan zaman qurumumuz orada təmizlik işləri aparıb. Lakin binanı söküb, yenidən tikmək və yaxud təmir etməm rayon icra hakimiyyətinin gücündə olacaq məsələ deyil. Bununla bağlı tərəfimizdən aidiyyəti orqanlara, o cümlədən “Bakı Abadlıq”, Bakı şəhər icra hakimiyyəti mənzil təsərrüfat departamentinə müraciət olunub, vəziyyət barədə ətraflı məlumat verilib. Yuxarı təşkilatlardan bizə nə göstəriş veriləcəksə, rayon icra hakimiyyəti olaraq, onu təmin edəcəyik”.

Məmurun dediyi göz önündədir. Bəlkə də artıq şərhə gərək qalmır. Ancaq həqiqətləri bir daha qeyd edək ki, bəlkə kimlərsə “yuxudan” ayıldı.

Görünən odur ki, icra hakimiyyətinin məsul şəxsləri sakinlərin harayına yetmək fikrində deyil. Tavandan tökülən daş parçaları hər an insan həyatını sonlandıra bilər. Nəzərə alanda ki, binada yaşayan sakinlərin uşaqları həmin dəhlizlərdə oynayır, o zaman məsələnin nə qədər ciddi olduğunu daha yaxşı anlamaq olar. İcra hakimiyyəti növbəti faciənin baş verməsini gözləyir? Nə səbəbə onlar öz vəzifələrini yerinə yetirmir? Yoxsa yerinə yetirmək istəmirlər?

Azərbaycan dövləti hər zaman vətəndaşının yanında olub və bu gün də elədir. 30 illik işğal dövründə torpaqlarından didərgin düşmüş 1 milyondan artıq vətəndaşımızın mənzil şəraitinin yaxşılaşdırılması üçün on minlərlə ev, bina tikilib, sakinlərin istifadəsinə verilib. Bu gün də işğaldan azad olunmuş torpaqlarımızda sürətli quruculuq, bərpa işləri davam etdirilir. Cənab prezident İlham Əliyev də dəfələrlə çıxışlarında, məmurları vəzifəyə təyin etdikdən sonra həyata keçirdiyi qəbullarda xüsusi vurğulayıb  ki, məmurlar  vətəndaşlara xidmət etməli, onların yanında olmalı, problemlərini dərhal həll etməlidirlər. Ölkə prezidentin məmurun vətəndaşın xidmətçisi olduğunu dəfələrlə vurğulayıb. Xətai Rayon İcra Hakimiyyəti isə problem həll etmək əvəzinə daha yuxarı instansiyalardan kömək gözləyir. Bəs faciə gözləyirmi?  İcra hakimiyyəti cəmi bir neçə ailənin problemini həll etməkdə bu qədərmi acizdir? Hər bir rayon icra hakimiyyətinin balansında əlavə mənzillər olur ki, belə hallar baş verdikdə aradan qaldırmaq mümkün olsun. Mənzil olmasa belə ən azından sakinləri müvəqqəti mənzillərlə təmin edib, binanı əsaslı təmir etmək və ya yenisini inşa etmək olar.

Lakin görünən odur ki, bəzi məmurlar öz vəzifələrini yerinə yetirmək əvəzinə  dövlətin gördüyü işlərə kölgə salmaqla məşğuldur. Onlar öz laqeyid və yarıtmaz münasibətləriylə vətəndaşla dövlət arasında soyuqluq yaratmaqla məşğuldur. Nə üçün vətəndaş öz probleminin həlli üçün mətbuata müraciət etməlidir? Yaxşı olmazmı ki vətəndaş hansısa quruma müraciət edərkən problem dərhal nəzarətə götürülsün və müvafiq addımlar atılsın? Mətbuat da bu problemin həll olunduğunu işıqlandırsın.

Hesab edirik ki, sakinlərin problemi ən qısa vaxt ərzində həll ediləcək və yaşana biləcək daha bir faciənin qarşısı alınmış olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!