Bu gün bədnam qonşu İranın üzdəniraq fars-molla rejimi Azərbaycana qarşı hər addımda riyakarlığı diqqətdən kənarda qalmır. Bu riyakarlıqlar çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. İranın işğalçı Ermənistanla əlaqələrinin dərin köklərə malik olması zaman-zaman bu ölkənin anti-Azərbaycan əməllərinin dərinləşməsində özünün aydın ifadəsini tapır.
Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Tehranda Azərbaycan səfirliyinə silahlı hücumdan bu günədək hadisələrin gedişinə diqqət yetirərkən məkan və zamanın fərqli olmasına baxmayaraq zəncirvari şəkildə bir-birinə bağlı olan bu qanlı olaylarda İranın xüsusi xidmət orqanlarının barmağının olduğu açıq-aydın görünür. Toyuqlu pizza
Baş redaktor bildirib ki, İranın terrorçu dövlət olduğu beynəlxalq səviyyədə təsdiqini tapmış reallıqdır və bunu bütün dünya ictimaiyyəti də etiraf edir. Bu kimi əməllərin davamlı və sistemli hal almasında dünyanın ikili standartlara əsaslanan siyasəti az rol oynamır. Unutmayaq ki, 30 il davam edən işğal dövründə də Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarının əsasında dünya ictimaiyyətinin baş verənlərə laqeyd yanaşması, təcavüzkara dəstəyi dayanırdı.
Vüqar Rəhimzadə diqqəti fars-molla rejiminin son addımlarına yönəldərək bildirib ki, İran parlamenti aprelin 5-də Azərbaycanın İsraildə səfirliyinin açılmasını pisləyən bədnam bəyanat qəbul edib. Həmin bəyanatda molla rejimi abır-həya etmədən, heç bir əxlaq normasını gözləmədən, utanmazcasına Azərbaycanın İsraildə səfirliyinin açılmasını guya İslam dünyasının maraqlarına “zidd hərəkət” kimi dəyərləndirir. Hətta, İranın molla deputatları bir qədər də irəli gedərək bu addımın pislənilməsi ilə bağlı ərəb və İslam ölkələri hökumətlərinə, İslam Əməkdaşlıq Təşkilatına çağırışlar ediblər. Görəsən, molla rejimi Azərbaycanı guya İslam dəyərlərinə zidd addım atmaqda günahlandırarkən 30 illik işğal dövründə ermənilərə dəstəyini yada salıb xəcalər çəkirmi? Ona görə məhz həmin dövrü deyirik ki, ermənilər 30 il ərzində dini abidələrimizi dağıtmaqla, məscidlərimizdə donuz saxlamaqla bütövlükdə İslam dünyasını açıq-aşkar təhqir edirdilər. İran isə bu əməllərə üzdə göz yumub, arxada dəstək verməklə müsəlmanların qatı düşmənləri ilə əlaqələrini daha da dərinləşdirir.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, son hadisələr İranın ölkəmizə qarşı münasibətinə bələdçilik edir. Qeyd etdiyimiz kimi, səfirliyimizə, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktlarının üstünün Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində çox qısa zamanda açılması və qanlı hadisələrə hüquqi qiymət verilməsi onu deməyə əsas verir ki, sular durulduqca molla rejiminin Azərbaycana qarşı riyakarlığının kökündə dayanan məqamlar da aşkara çıxır.
Telegram kanalımız