Ötən əsrin ortalarından etibarən dünyada söz sahibi olan bir sıra dövlətlər ətraf ölkələrdəki milli dirənişi qırmaq üçün yeni bir yola – separatizmə əl atıblar. Separatizm bu gün cəmiyyətimizin ən böyük bəlasına çevrilib. Böyük imperiyaların maşasına çevrilən bəzi qüvvələr də bir sıra dövlətlərdə separatçı addımlara yol verməkdən çəkinməyiblər.
Elə buna misal olaraq Azərbaycanın 30 ilə yaxın əziyyət çəkdiyi erməni separatizmini, yaxud 1974-cü ildən bəri Türkiyənin mübarizə apardığı kürd separatizmini misal gətirə bilərik.
Türk dövlətləri daxilində yeni bir münaqişə ocağı yaratmaq istəyən qüvvələr bu tendensiyanı son olaraq Özbəkistana bağlı olan Qaraqalpaqıstan Muxtar Respublikasında da həyata keçirməyə cəhd göstərdilər. Lakin onların bu istəkləri baş tutmadı. Marqarita pizza
Mövzu haqda Yenisabah.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov da eyni rəyi bölüşərək deyib ki, bu gün dünyanın bir çox ölkələri separatizmdən əziyyət çəkir:
“Bu gün separatizm həm milli, həm də dini şəkildə bir çox ölkələrin təhlükəsizliyini təhdid edir. Eləcə də biz baxanda həm Türkiyə, həm Azərbaycan, habelə Orta Asiya Respublikalarının zaman-zaman separatizmdən ciddi əziyyət çəkdiyini görürük.
Hesab edirəm ki, biz bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığımızı gücləndirməliyik. Bu gün Prezident İlham Əliyev bu istiqamətdə davamlı olaraq addımlar atır, çox ciddi səylə çalışır. Bu baxımdan, dünyada da yeni nizam qurulur. Ona görə də türk dövlətlərinin bir çox sahələrdə, xüsusilə də milli və dini zəmindəki separatizmlə mübarizədə əməkdaşlıq etməsi çox önəmlidir”.

Deputat söyləyib ki, Türkiyə uzun illərdir separatizmdən əziyyət çəkir və onun çox böyük təcrübəsi var:
“Türkiyənin bu təcrübəni həm Azərbaycanla, həm də ayrı-ayrı türk respublikaları ilə bölüşməsi bu ölkələrin separatizmlə mübarizə əməkdaşlığının və fəaliyyətinin güclənməsinə öz ciddi töhfələrini verə bilər.
Biz bu gün bölgəyə baxanda görürük ki, regionumuz həm dini, həm də milli separatizmdən əziyyət çəkir. Bax, bu çərçivədə məlumat və təcrübə mübadiləsinin aparılması, separatizmə meylli şəxslərlə bağlı informasiyaların bölüşdürülməsi və bu mübarizənin dəstəklənməsi istiqamətində müvafiq ölkələrin təhlükəsizlik xidmətlərinin əməkdaşlığı çox önəmlidir.
Çünki separatizmə meylli qüvvələr bəzən öz yerlərini dəyişirlər, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərirlər. Ona görə də onların müəyyənləşdirilməsi və onlara qarşı mübarizənin aparılması istiqamətində əməkdaşlıq hesab edirəm ki, çox önəmli vacibdir. Bu da ümumi şəkildə bu ölkələrin təhlükəsizliyini təhdid edən separatizmin aradan qaldırılmasına öz ciddi və müsbət töhfəsini verə bilər”.
Deputat Cavid Osmanov isə vurğulayıb ki, iki qardaş ölkə – Azərbaycan və Türkiyə uzun illərdir separatizmdən əziyyət çəkən ölkələrdir:
“Azərbaycanda erməni separatizmi mövcuddur və uzun illərdir Azərbaycan torpaqlarını işğala məruz qoymuşdular, burada separatizmin yayılması və bunun daha da genişləndirilməsi istiqamətində addımlar atılırdı. Çox təəssüf ki, erməni separatizmini kənardan dəstəkləyən qüvvələr də var idi. Amma 2020-ci ilin Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə biz orada baş qaldıran separatizmlə mübarizəmizi davam etdiririk və bunu da sona kimi aparacağıq”.
Müsahibimiz əlavə edib:
“Eyni zamanda qardaş Türkiyə də uzun illərdir separatizm və terrorçuluqla mübarizə aparan bir ölkədir. Elə eyni fikri mən qardaş Türkiyəyə də aid edirəm ki, burada da separatizmi kənardan dəstəkləyən, onları maliyyələşdirən və silahlandıran qüvvələr var. Bununla da onlar öz maraqlarını regionda həyata keçirmək niyyətlərindədirlər.

Əlbəttə ki, son zamanlar biz görürük ki, Özbəkistanda da bu meyllər var və bu meyllərin qarşısını almaq üçün birgə səylərin olması çox mühüm bir haldır. Bildiyiniz kimi, artıq 2021-ci ildə Azərbaycan və Türkiyə arasında iyun ayının 15-də Şuşa Bəyannaməsi imzalandı və ona uyğun olaraq 2 qardaş ölkə müttəfiqlik səviyyəsinə qalxdı”.
Milli Məclis deputatının sözlərinə görə, türk dövlətlərinin birlikdə daha sıx istiqamətdə əməkdaşlıq etmələrində lokomotiv rolunu oynayan Azərbaycan və Türkiyədir:
“Belə olan halda da türk dövlətləri arasında separatizmə qarşı mübarizə aparmaq effektivliyini daha da gücləndirə bilər. Düşünürəm ki, Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında artıq bu məsələlərə toxunulub. Sözsüz ki, türk dövlətləri nə qədər sıx əməkdaşlıq qurub, birliklərini möhkəmləndirsə, belə olan halda separatizmə qarşı birgə mübarizə tədbirləri daha çevik şəkildə həyata keçiriləcək. Bu da ümumilikdə türk dünyasını təhdid edən separatizm meyllərinin kökünü kəsmək istiqamətində mühüm addımlar ola bilər”.
Siyasi şərhçi İlyas Hüseynov isə bəyan edib ki separatizm beynəlxalq münasibətlərdə XX əsrdə bir trend olaraq formalaşıb və dövlətlərin zəiflədilməsi, onlara qarşı alət kimi istifadə olunması istiqamətində bu gün geniş şəkildə istifadə olunur:
“Eyni zamanda separatizm həm də ikili standartlar nöqteyi-nəzərindən də inkişaf etdirilir. Bəzən separatizm dərinləşdirilir və burada eskalasiya meylləri üzə çıxır. Digər tərəfdən isə separatizmi elə beşiyindəcə boğurlar. Biz buna çox bariz bir nümunə kimi İspaniya və Kataloniya arasında olan hadisələri çəkə bilərik. Avropa İttifaqı birmənalı şəkildə İspaniyanın ərazi bütövlüyünü dəstəklədi və İspaniya ilə Kataloniya arasındakı çətinlik aradan qaldırıldı.
O cümlədən biz həm də türk dünyası kontekstində bu məsələlərə baxa bilərik. Bilirsiniz ki, Azərbaycan erməni separatizmindən əziyyət çəkir və 30 il ərzində bu separatizm nə qədər genişlənərək muxtariyyət, status, müstəqillik əldə etməyə çalışsa da, Azərbaycan daim məsələni diqqətdə saxladı və son nəticədə İkinci Qarabağ müharibəsilə separatizmin kökünün kəsilməsinə nail oldu. Yaranan problemləri də hazırda diplomatik, siyasi, sosial, iqtisadi yollarla həll etmək mexanizmi üzərində iş həyata keçirilir”.

Özbəkistandakı son hadisələrdən söz açan politoloq əlavə edib:
“O cümlədən biz bu il Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respbublikasında da bu cür problemin olduğunu gördük. Özbəkistan da güclü siyasi iradə və qətiyyən nümayiş etdirdi, təxribatçı fikirlərin və proseslərin qarşısını almağa müyəssər oldu. Lakin heç kim zəmanət verə bilməz ki, türk dünyası daxilində hər hansı digər bu cür problemlər olmayacaq və bunun qarşısı birmənalı şəkildə alınacaq. Təbii ki, kənar təsirlər, üçüncü təsirlər bu proseslərin körüklənməsində yaxından iştirak edir. Bu və ya digər formada bu, həm də təhlükəsizlik orqanlarının üzərinə düşən məsuliyyətdir. Bu baxımdan, xüsusi xidmət orqanlarının rəhbərlərinin türk dünyası daxilində görüşüb məsləhətləşmələri həyata keçirilməlidir.
Eləcə də primitiv yollarla güclərin birləşdirilməsi mühim əhəmiyyət kəsb edir və düşünürəm ki, bu çox doğru yanaşmadır. Çünki dövlətlər daxilində hər hansı dövlət bu sahədə inkişaf edə bilər, yaxud hansınınsa dəstəyə ehtiyacı ola bilər. Buna görə də səylərin birləşdirilməsi vacibdir”.
“Bu baxımdan, türk dünyası daxilində davamlı olaraq bu cür səfər və görüşlərin, təmasların həyata keçirilməsi çox doğru yanaşmadır və bundan sonra da Türk Dövlətləri Təşkilatı daxilində olan hər hansı seperatizm meyillərinin kökünün kəsilməsi və ona qarşı amansız mübarizə aparılması həyata keçirilməlidir ki, hər hansı neqativ hallar baş verməsin. Çünki söhbət ərazi bütövlüyündən, suverenlikdən, müstəqillikdən və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığından gedir. Buna görə də Türk Dövlətləri Təşkilatı məhz müdafiə sənayesi və təhlükəsizlik aspektlərinin daha güclü zəmin üzərində qorunmasına diqqət ayırmalıdırlar”, - deyə siyasi analitik yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız