Türkcə danışan düşük azərbaycanlılar haqqında

Türkcə danışan düşük azərbaycanlılar haqqında

Yazar

07 Fevral 2022 07:19 6932


At görəndə axsayır, su görəndə susayır.

Atalar məsəli

Böyük miqyaslı ictimai-siyasi-mədəni hadisələr dillərə öz təsirini göstərir. Zamanın diqtəsiylə dillər dəyişir, haldan-hala düşür. Sözlər unudulur, yeni sözlər yaranır, yeni sözlər alınır. Bütün bunlar aydındır və olduqca təbii proseslərdir…

Amma hal-hazırda məni bir sual düşündürməkdədir. Görəsən bir azərbaycanlı nəyə görə danışığında, yazısında “fazla, yorum, ayrımcılıq, yöntem, iyi ki varsınız, abla, abi, öneri, ayaklanmak, duyğu sömürüsü, denemek… ” kimi sözlərdən istifadə edir?

Yuxarıda qeyd etdiyimiz ictimai-siyasi-mədəni hadisələrin dilə təsirlərini kənara qoysaq, azərbaycanlıların yazıda, danışıqda türk sözlərindən istifadə etmələrinin çox güman üç əsas səbəbi vardır.

1. Görməmişlik

Növündən asılı olmayaraq görməmişlik sağalmaz xəstəlikdir. Bir insan görməmişdirsə, düzəlməyəcək, heç bir müalicə, heç bir dərman, prosedur ona kömək etməyəcək. Necə deyərlər, südlə girən, sümüklə çıxar. Deyəcəksiniz ki, görməmişliyin yazıda, danışıqda türk sözlərindən istifadə etməyə nə dəxli var. Yazıda, danışıqda türk sözlərindən istifadə etməyi görməmişliklə əlaqələndirmək bəzi yoldaşlara xeyli qəribə görünə bilər. Hacıbala Abutalıbov demişkən, qəti şəkildə əmin olun ki, hər bir qənaətim onlarla müşahidənin, hadisənin nəticəsində yaranır. Durduğum yerdə heç bir qənaətə gəlmirəm. Heç bir qənaətim boş yerə yaranmır. Xülasə, neçə-neçə adam tanıyıram ki, sırf türkcə danışmaq üçün Türkiyəyə gedirlər. Gedib Türkiyədə türkcə danışanda özlərini xoşbəxt hiss edirlər. Gəlin ədalətli olaq. İndi bunun adı xalis görməmişlik deyilsə, bəs nədir?

2. Düşüklük

Burda hər hansı şərhə qətiyyən ehtiyac yoxdur.

3. Yarınmaq

Azərbaycanlılar kiçik qardaş xəstəliyindən əziyyət çəkirlər. Hansısa xalqa, hansısa paytaxta yarınmadan, böyük qardaşsız yaşamaq azərbaycanlılar üçün çətindir. Yazıda, danışıqda türk sözləri işlətməklə azərbaycanlılar türklərə yarınırlar. Azərbaycanlılar kütləvi halda yarınmaqlarının cavabını qarşı tərəfdən alırlarmı? Yoxsa qız evində toydur, oğlan evinin xəbəri yoxdur? Məsələnin bu tərəfi artıq azərbaycanlılar üçün zərrə qədər də maraqı deyil. Əsas odur ki, yarınırlar və öz yarınmaq ehtiyaclarını təmin edirlər. Əks halda ölkədə kütləvi iğtişaşlar baş verə bilər. Xaos yaranar. Azərbaycanlılar kütləvi halda hansısa xalqa, hansısa paytaxta yarınmasalar bir-birlərinin ətini yeyə bilərlər.

Onu da qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması mövcud iqtidarların, hakimiyyətlərin işgüzar, həm də şəxsi əlaqələrinin nəticəsidir. Sabah CHP hakimiyyətə gəlsə, indi mövqeləri xeyli zəifləmiş “bəyaz türklər” yavaş-yavaş üzə çıxacaqlar. “Ay balam, gül balam/ qazlarım, ay qazlarım, ağıldan dayazlarım…” kimi sözlər deyib azərbaycanlılarla incə tərzdə məzələnəcəklər. Heç kimə sirr deyil ki, Türkiyənin ictimai-siyasi-mədəni elitası azərbaycanlılara ikinci sort insan kimi baxır. Əlbəttə, hətta məzə, gülüş obyektinə çevrildikləri halda belə azərbaycanlılar özlərin xoşbəxt hiss edəcəklər. İlin-günün bu vaxtında bunun özü də balaca nəticə, naliyyət deyildir. Hər bir xalq hansısa bir formada özünü xoşbəxt hiss etməlidir. Özünü hər hansı bir formada xoşbəxt hiss etmək, hər bir xalqın fundamental hüququdur.

Seymur Baycan

Azlogos.eu

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!